Azərbaycan son 6 ayda bütün qızıl ehtiyatlarını satıb

“Durum bu qədərmi ağırdır ki, bütün qızıl ehtiyatını satmaq məcburiyyəti yaranıb?!”

Source:


“Durum bu qədərmi ağırdır ki, bütün qızıl ehtiyatını satmaq məcburiyyəti yaranıb?!”

Azərbaycan 2017-ci ilin fevralında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.

“Report” yazır ki, bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.

Şura avqustun 1-də dünya ölkələrinin rəsmi qızıl ehtiyatlarının statistikasını yeniləyib. Azərbaycan həmin reytinqdə yer almayıb.

Yanvarda Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub. Qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabrından satmağa başlayıb. Sentyabrda satış həcmi 1, oktyabrda 4,2, noyabrda 3, dekabrda 2, cari ilin yanvarında 2, fevralda isə 18 ton olub. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

ARDNF isə martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan “Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib:

“Alınmış qızıl Azərbaycana gətirilib. Saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar yalandır. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli deyir ki, görünür hökumətin pula ehtiyacı yaranıb. Yoxsa 6 ay ərzində bütün qızıl ehtiyatını niyə gözdən çıxarsın:

“Məlumatda da görünür ki, ən çox satış 2017-ci ilin fevralında baş tutub. Bu il qızılın ay ərzində ortalama qiyməti hər unsiya üçün 1219 dollar olub. Belə olan halda suallar yaranır. Qızılın satışı ilə bağlı qərar verilməsinin səbəbi nədir? Və ya bu satışdan əldə edilən vəsait hara xərclənib?”

İqtisadçı deyir ki, son zamanlar Mərkəzi Bankın ehtiyatlarının artması ilə bağlı qürurlu rəsmi bəyanatlar verilirdi:

“Görünür ehtiyatların artmasının qızılın satışı ilə əlaqəsi olub. Suallar bununla bitmir. Maraqlıdır, Azərbaycan son illərdə yığdığı 30 ton 169 kq qızılı neçəyə almışdı, ortalama qiymət neçə olub və satışda nə qədər ziyan edilib. Məncə, hökumət bu suallara aydınlıq gətirilməlidir. Vəziyyət bu qədərmi ağırdır ki, bütün qızıl ehtiyatını satmaq məcburiyyəti yaranıb?!”

Ana səhifəXəbərlərAzərbaycan son 6 ayda bütün qızıl ehtiyatlarını satıb