Şair Ramaldanov: ”Yazılanların doğruluğuna şübhə edirəm”
Azərbaycan Rusiyadan aldığı silahların keyfiyətindın narazıdır.
Bu barədə Polşada yerləşən “Belaruskaya Pravda” nəşri
məlumat
verib.
Nəşr, özünün mənbələrinə istinadən xəbəb verir ki, 2017-ci ilin sonunda Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın qapalı iclasında Azərbaycan qarşı tərəfə öz narazılıqlarını çatdırıb və Rusiyanı hazırda qüvvədə olan müqavilələr üzrə öhdəliyinin tam yerinə yetirilməsi məsələsinə diqqətini çəkib.
Belə ki, iclasda tank “T-90C”, “BMP-3”, “BTR-82”, SAU “Msta-C”, “Smerç” və digərləri üzrə müqavilə şərtlərinin yerinə yetirilməsində narazılıq bildirilib.
Narazılığın əsas məğzi Rusiyanın Azərbaycana satdığı texnikanın müqavilədə göstərilən texniki komplektasiya siyahısı ilə düz gəlməməsi, texniki sənədlərin olmaması, məhsulun keyfiyətsiz olması üzündən bir sıra silah və texnikanın tez sıradan çıxması, təmir üçün əlavə detalların olmamasıdır.
Azərbaycan tərəfi qeyd edib ki, “Smerç” raketləri atəş zamanı partlamırlar, BTR-82A modellərinin pulemyotlarının patronları hədəfə çatmırlar, Mi-35 helikopterlərində termobuxar tez-tez xarab olur ki, bu da mühərrikin işə düşməsinə mane olur. Bundan başqa göyərtədə avadanlıqlar xarab olur, “Hücum-M” və “Həmlə-B” raketlərinin avtomatik atəş sistemi düzgün işləmir.
Rusiya Dövlət Dumasının MDB ölkələri və həmvətənlilər üzrə iş komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin İrəvanda martın 26-da
bəyan edib ki
, Rusiya 2016-cı ilin aprel hadisələrindən nəticə çıxarıb və nəticədə Ermənistana müasir silahlar verilib.
“Biz bilirik ki, Ermənistan ictimai rəyində Rusiyanın Azərbaycana silah satması narazılıqla qarşılanıb. Biz təəssüf edirik ki, Azərbaycan Rusiya silahını münaqişə bölgəsində istifadə edib. Biz regionda silahlanmada balansın pozulmasından nəticə çıxardıq və Ermənistanı ən müasir müdafiə xarakterli silahlarla təmin etdik”.
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov Polşa qəzetinin yazdığının doğruluğuna şübhə edir.
Bu barədə Meydan TV-yə danışan Ş.Ramaldanov qeyd edib ki, silahı mülki şəxslər yox, hərbçilər alır.
“Hərbçilər də silahları alanda bütün texniki və digər xüsusiyyətləri kompleks şəkildə nəzərə alınır. Silahların müasir olmasına gəlincə, bunlar təlimlərdə istifadə olunur. Bu silahlar Rusiyanın yenilənən parkına aid olunan silahlardır və XXI əsrin silahlardır”.
Onun fikrincə, Rusiyadan alınan silahlar baxımından, söhbət dağlıq ərazilər üçün istifadəsi mümkün silahlardan gedir.
“Silahlar alınanda komissiyanın iştirakı ilə alınır. Komissiya həm silahların alınması növlərini müəyyənləşdirir, həm testdən keçirilir, həm də aktlar tərtib edilir. Nəhayət, bu silahlar elektronika bağlıdır, sıradan silahlar deyil”.
Rusiyalı deputat Konstantin Zatulinin söylədiklərinə gəlincə, Şair Ramaldanov bildirib ki, Azərbaycanın silah almaq imkanlarını əsas götürərək belə açıqlamalar yayırlar. Məqsəd Rusiyadan silah almamaqdır.
“Ermənistanın silahlarının ötən əsrin 80-ci illərinə aid olduğunu təkcə biz demirik. Ermənistan prezidenti Serj Sarkisyan 2016-cı ilin aprel hadisələrindən sonra özü etiraf etmişdi ki, ölkəsindəki əksər silahlar 70-80-ci illərdə istehsal olunub. Əslində, Zatulin buna reaksiya verib. Həm də Azərbaycan hər satılan silahları almır, seçim edir və müxtəlif sərgilərdə iştirak edir. Həmin sərgilərdə müətəxəssislər iştirak edir və onların rəyi əsasında silahlar alınır”.
Azərbaycan ordu quruculuğunda NATO-ya üz tutduğu halda silahları niyə Rusiyadan alır sualına Şair Ramaldanov cavab verib ki, SSRİ-nin dağılmasından sonra müxtəlif cür silahlar ölkədə qaldı.
“Amma sonradan silah alınmada üç amil rol oynayır: müasirliyi, keyfiyyəti və qiyməti. Sadaladığım parametrlərə uyğun silahlar olursa, alınır. Bu mənada Azərbaycan İsraildən, Türkiyədən, Ukraynadan, Belarusdan silah alır və hətta Pakistandanla da müəyyən müqavilələr var. Yəni təkcə Rusiyadan silah alınmır. Xüsusən Türkiyədən rabitə qurğuları, elektron optik nişangahlar alınır”.
APA agentliyinə Azərbaycanın Müdafiə Nazirliyindən məsələ ilə bağlı verilən şərhdə
deyilir
ki, son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır.
Nazirlikdən qeyd olunub ki, Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir.
“İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik. Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır”, – deyə məlumatda vurğulanır.