Hikmət Hacızadə: ”Rəsmi Bakı Moskvanın diktəsiylə hərəkət edir”
Zərdüşt Əlizadə: ”Təhlükəsizlik baxımından heç bir dəyişiklik olmayacaq, amma hakimiyyətimiz Rusiyadan bərəkallah alacaq”
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Raşid Alimov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında Azərbaycana ŞƏT-də rəsmi tərəfdaş statusunun verilməsi ilə bağlı memorandum imzalanıb.
İmzalanma mərasimi təşkilatın Pekindəki baş qərargahında baş tutub. E. Məmmədyarov deyib ki, imzalanan sənəd vacib və maraqlı tərəfdaşla dialoqa başlamağa imkan yaradır. R. Alimov isə bildirib ki, dialoq üzrə tərəfdaş statusu Azərbaycana təşkilatın çoxplanlı və çoxtərəfli fəaliyyətinə qoşulmağa imkan verəcək.
Azərbaycan, habelə Ermənistan, Nepal və Şri Lankaya dialoq üzrə tərəfdaş statusunun verilməsi ilə bağlı qərar ötən ilin iyulunda Ufada qəbul edilib.
ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi statusu alan ölkələr isə Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstandır. Təşkilatın 2016-cı ildə sammiti 23-24 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
Hakimiyyətin bu addımını Meydan TV-yə şərh edən siyasi şərhçi Hikmət Hacızadə hesab edir ki, hökumətin baxışından yanaşdıqda bu, Rusiyaya yaxınlıq deməkdir: “Əslində, ŞƏT o qədər də məna kəsb etmir, ticarət onsuz da davam edir. Düzdür, Çin də təşkilatın aparıcı üzvüdür, amma Pekinin imperialist arzuları görünmür. Məsələ ondadır ki, Rusiya tədricən postsovet məkanındakı respublikaları ətrafına yığmağa çalışır. Bu baxımdan rəsmi Bakı Moskvanın diktəsiylə hərəkət edir”.
Siyasi şərhçi Zərdüşt Əlizadə isə düşünür ki, əgər Azərbaycan rəqabətə davamlı sənayeyə malik olsaydı, satış bazarını genişləndirməyə çalışsaydı, ŞƏT kimi qurumlara üzv olmaq çox faydalı sayılmalıdır. Məsələn, təhlükəszilik baxımından əməkdaşlıq güclənəndə iqtisadi sahəyə də təsir edir.
Əlizadə bildirdi ki, ŞƏT-ə üzvlük hansısa geosiyasi yaxınlaşma istiqamətini müəyyənlışdirir: “Əgər Azərbaycanın sənayesi yoxdursa və ötən 20 ildə aparılan “uğurlu iqtisadi-siyasət” nəticəsində kənd təsərrüfatı və sənayemiz məhv olubsa, ŞƏT-ə üzvlüyün yalnız təhlükəsizlik baxımından əhəmiyyəti olardı. Azərbaycana təhlükə Rusiyanın himayəsinə sığınan Ermənistandan gəlir. Rusiya isə ŞƏT-in aparıcı dövlətlərindən biridir. Belə olduqda, təhlükəsizlik baxımından heç bir dəyişiklik olmayacaq. Amma hakimiyyətimiz Rusiyadan bərəkallah alacaq”.
O, həmkarı Hikmət Hacızadənin fikirlərini tam bölüşmür: “Məsələyə bəsit yanaşmayaq, hakimiyyət öz mövqelərini möhkəmləndirməyə çalışır. Regionda hansı dövlətlər qrupunun təsir gücü böyükdürsə, onların mövqeyini ən azı neytrallaşdırmağa cəhd edir. Bu cür “dil tapmaq” Rusiyaya əyilmək, yaxud onun tərəfinə keçmək anlamına gəlməməlidir. Rəsmi Bakı yalnız öz hakimiyyətini və xeyrini düşünür”.