“Azərbaycan saatı”nın peykdə yayımı dayandırıldı

Qənimət Zahid: “Qapadılan kanallar arasında “Azərbaycan Saatı”nın efirə verildiyi “Barış TV”-də var”

Foto: Qənimət Zahidin şəxsi arxivndən
Qənimət Zahid
Qənimət Zahid

Qənimət Zahid: “Qapadılan kanallar arasında “Azərbaycan Saatı”nın efirə verildiyi “Barış TV”-də var”

Bundan sonra “Azərbaycan saatı” verilişini yalnız internet resursları vasitəsilə izləmək mümkün olacaq. Bu barədə məlumatı proqramın rəhbəri Qənimət Zahid öz Facebook səhifəsində paylaşıb. Onun sözlərinə görə, buna səbəb proqramın yayımlandığı “Barış TV”-nin qapadılmasıdır:

“Türkiyədəki məlum hadisələr bizi də vurdu. Bu günlərdə Türkiyədə 16 telekanal, 3 xəbər agentliyi, 23 radio, 45 qəzet, 15 jurnal, 29 yayın şirkəti qapadılıb. Qapadılan kanallar arasında “Azərbaycan Saatı”nın efirə verildiyi “Barış TV”-də var. Qapadılan bütün media strukturlarının Fətullah Gülənə dəxli var, amma yalnız “Barış TV”-nin nə Fətullahla, nə də onun camaatı ilə heç bir əlaqəsi yoxdur. Biz “Azərbaycan Saatı”nı yaydığımız kanalların həmişə, ilk növbədə, kimlərə aid olduğunu incələmişik. Hətta bir neçə ay əvvəl Fətullahçılar Can “Erzincan” kanalını satın alanda biz onlara “sizinlə işləməyəcəyik” dedik, onlar da bizə “zatən biz də sizin proqramı yaymarıq, çünki İlham Əliyevlə ortaq maraqlarımız var” demişdilər”.

Qənimət Zahid bildirib ki, hələlik, “Azərbaycan Saatı” online versiyada davam edəcək: “Ümid edirəm ki, bu, iki-üç həftədən artıq çəkməyəcək və biz hər hansı TV kanalı ilə əməkdaşlığa başlayacağıq. Amma bu müddət ərzində siz bizim proqramlarımızı Youtube-dan, Facebookdan (“Azərbaycan Saatı”nın və “Azadlıq” qəzetinin Facebook səhifələrindən), eləcə də, azadliq.info və azerbaycansaati.tv saytlarından izləyəcəksiz. Mobil telefonlarına “Azərbaycan Saatı” əlavəsini yükləyənlər üçün heç bir problem olmayacaq. İki-üç həftə ərzində əməkdaşlıq edəcəyimiz kanal bəlli olacaq və sizə elan edəcəyik. Bu müddət ərzində isə “Azərbaycan Saatı”nı Facebook və Youtube üzərindən izləyənlərin bizim proqramların daha çox insana yetişməsi üçün əllərindən gələni edəcəyinə inanıram”.

Baş redaktor bir məsələyə də diqqət çəkib: “”Azərbaycan Saatı”nın yayımı bununla ikinci çox mühüm ərəfədə məcburi olaraq dayanır. Birinci dəfə 2013- cü ildə prezident seçkiləri zamanı, ikinci dəfə isə indi, referendum ərəfəsində. Biz bunun fərqindəyik və buna görə də referendum ərəfəsində “Azərbaycan Saatı”nın yayımlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik”.

“Azərbaycan Saatı” proqramı xaricdə fəaliyyət göstərir və peyk vasitəsilə Azərbaycanda yayımı davam edirdi.

Ana səhifəXəbərlər“Azərbaycan saatı”nın peykdə yayımı dayandırıldı