Moskva ilə hərbi əməkdaşlıq olarsa, Bakı Qərbin sanksiyaları ilə üzləşə bilər
Azərbaycan parlamenti Qərbə savaş elan etdi. İndi hamı proseslərin nə ilə başa çatacağını gözləyir. Digər tərəfdən, Avropadakı iqtisadi böhran Azərbaycana zərbə vura bilər. Yaşadığı qlobal böhran Qərbi, xüsusən də Avropanı xarici siyasətində müəyyən korrektələr etməyə vadar edir. Lakin region uğrunda Rusiya və Amerika arasında savaş davam edir. Regionu itirməmək üçün ABŞ etibarlı müttəfiq olmayan avtoritar rejimlərlə əməkdaşlıq siyasətinə yenidən baxır. Bu isə o anlama gələ bilər ki, ölkədə kataklizmlər baş verə və ölkədə sabitlik pozula bilər.
Situasiya “ərəb baharı” öncəsi Yaxın Şərqi xatırladır. Belə ki, Yaxın Şərqdəki neft maqnatları ilə Qərb uzun müddət əməkdaşlıq edirdi və son anda Qərb despotların hakimiyyətdən getməsinə razılıq verdi. Bu baxımdan, müəyyən bir aralıq zaman keçdikdən sonra Azərbaycanın da neft maqnatlarının Qərbin hədəfində olacağını proqnazlaşdırmaq mümkün idi.
Neft gəlirlərinin ədalətsiz və qeyri-bərabər bölünməsi sonda ciddi sosial partlayışlara və problemlərə gətirib çıxarmalı idi. Bununla da amerikalı siyasi ideolaqların müəllifi olduğu idarə edilən xaos nəzəriyyəsi işə düşə bilər. Həmin proseslərin nəticəsində isə Azərbaycanın vəziyyəti kifayət qədər pisləşə bilər. Eyni vəziyyəti Misir, Liviya və Suriyada da baş verib.
Birqütblü dünyanı idarə edən hər hansı bir süpergücdən səmimiyyət gözləmək sadəlövhlük olsa da, rəsmi Bakı artıq etimad limitini başa vurub. Əslində, Azərbaycan hakimiyyəti müttəfiq kimi Rusiyanın yanında yer almaqdadır və odur ki, Qərblə bütün körpüləri yanmaq üzrədir. Prinsip etibarilə, Azərbaycan-Qərb münasibətlərindəki əməkdaşlıq artıq demək olar ki, yoxdur. Azərbaycan hakimiyyəti Qərbi rəngli inqilablar hazırlamaqda ittiham edir. Bu, bir demoqogiyadır. Ancaq nəticə odur ki, Azərbaycanla Avropa arasında əməkdaşlıq yekunlaşır. Bakı Qərbin bütün proqramlarında iştirakını dayandırmaq niyyətindədir. Odur ki, münasibətlərin kəskinləşməsi fonunda Qərbin ölkəmizə sanksiyalarının da reallaşa biləcəyini ehtimal etmək mümkündür. Hətta elə sanksiyalar işə düşə bilər, Bakının hətta manevr imkanları da əldən çıxa bilər.
Ehtimal edə bilərik ki, bir müddət sonra Rusiya-Azərbaycan hərbi əməkdaşlığı üzə çıxacaq və bu zaman da Qərbin Azərbaycana qarşı sərt sanksiyaları işə düşəcək.
Ehtimal edə bilərik ki, bir müddət sonra Rusiya-Azərbaycan hərbi əməkdaşlığı üzə çıxacaq və bu zaman da Qərbin Azərbaycana qarşı sərt sanksiyaları işə düşəcək.
Ümumiyyətlə, Azərbaycan – Qərb münasibətlərində bir neçə komponent təhlil edilə bilər. Lakin ümumu nəticə ondan ibarətdir ki, Qərb Azərbaycan hakimiyyətini Moskvaya reverans etməkdən çəkindirmək və islahatlara sövq eləmək istəyir, bu, alınmazsa, Avropa Bakıya qarşı sanksiyalarla çıxış etmək hüququnu özündə saxlayır.
Artıq hamı anlayır ki, son 10 ildə Azərbaycan siyasi baxımdan Qərbdən tamamilə uzaqlaşıb və Rusiyaya daha da yaxınlaşıb. Son zamanlar bu proses daha da sürətlənib. Son 20 ildə Azərbaycan-Qərb münasibətləri bugünkü qədər gərgin olmayıb. Onu da vurğulamaq lazım gəlir ki, Qərblə Rusiyanın münasibətlərinin kəskinləşməsi Azərbaycan kimi ölkələrə də təsir edir. Belə olan təqdirdə Azərbaycan hakimiyyətində də seçim dilemması gündəmə gəlir. Seçim məsələsində Rusiyaya loyal hakimiyyət qanadının daha da güclənməsi və onların seçimlərini reallaşdırmaq istəyi Qərbə qarşı böhtan xarakterli ittihamların gündəmə gəlməsi nə rəvac verir. Bir sözlə, Azərbaycanı Qərbdən daha da uzaqlaşdırır və Rusiyaya tərəf iri addımlarla irəliləyir.
Paradoks ondadır ki, Azərbaycan-Rusiya münasibətləri də ideal səviyyədə deyil. Rusiya tərəfindən təzyiqlər olacağı təqdirdə Azərbaycanın Qərb tərəfindən müdafiə olunmayacağı aydındır. Bu isə artıq fiasko anlamına gələ bilər…