”SOCAR prezidentinin Rusiyadan qaz alması barədə açıqlaması yenilik deyil”
SOCAR ildə 3-5 milyard kubmetrədək qaz almaq barədə Rusiyanın “Qazprom” şirkətinə təklif göndərib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Neft sahəsi üzrə mütəxəssis İlham Şaban Meydan TV-yə bildirib ki, SOCAR prezidentinin Rusiyadan qaz alması barədə açıqlaması yenilik deyil: “Ötən ilin sentyabrından Rövnəq Abdullayevin bir neçə dəfə oxşar açıqlaması olub. Hətta həcmləri də deyilmişdi, söhbət 3-5 milyard kibmetrdən gedir”.
İlham Şaban bildirib ki, Azərbaycanın 5 milyard kubmetrlik yeraltı qaz anbarları var: “Əvvəllər bu anbarlar 2, sonra 3 milyarddan ibarət idi, indi artıq 5,5 milyarddır. Ancaq Azərbaycanda sərbəst qaz həcmləri yoxdur ki, yeraltı qaz anbarlarının bu tutuma malik olmasını praktikada yoxlasınlar. Ona görə ötən ildən SOCAR həm İranla, həm də Rusiyayla danışıqlar aparır. Ki, yeraltı anbarlara qaz həcmlərini yay vaxtı vura bilər. Sonradan bunu həmin ölkələrlə dəyişmək də mümkün olsun, eyni zamanda, özünün istehlakı üçün də. İranla infrastruktur problemimiz var. Ora birtərəfli qaydada qazı ötürə bilirik və bu, Naxçıvanın təminatı üçün lazımdır. Rusiyayla isə belə bir infrastruktur problemi yoxdur. Bu baxımdan Rövnəq Abdullayev təklifi verdiyimizi və cavabı gözlədiyimizi deyib. Gərək kommersiya maraqları hər iki tərəfdən üst-üstə düşsün ki, reallaşsın”.