”Azərbaycan Rusiyadan müasir silahlar almaq üçün danışıqlar aparır”

Pənah Hüseyn: ”Azərbaycan Rusiyanın təsir dairəsinə daha dərin inteqrasiya edilənə qədər Moskva münaqişənin ədalətli həllində maraqlı görünməyəcək”

Source:


Pənah Hüseyn: ”Azərbaycan Rusiyanın təsir dairəsinə daha dərin inteqrasiya edilənə qədər Moskva münaqişənin ədalətli həllində maraqlı görünməyəcək”

“Azərbaycan Rusiyadan müasir silahlar almaq üçün danışıqlar aparır”.

Bu bəyanatı prezident İlham Əliyev Davos İqtisadi Forumunda səsləndirib.

“Bakı müdafiə sistemlərinə maraq göstərir. Biz yeni silahlar almaq üçün danışıqlar aparırıq. Rusiya hərbi sənayesinin inkişaf səviyyəsi məlumdur. Biz ən müasir silahlarda maraqlıyıq. Bura helikopter texnikası və müdafiə kompeksləri də daxildir”,-İlham Əliyev belə deyib (modern.az).

Prezidentin çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çünki Rusiya xarici işlər naziri

Sergey Lavrov yanvarın 17-də

keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını və Bakının bölgədə əməliyyat apara bilməyəcəyinə işarə verən bəyanat səsləndirib.

Meydan TV-yə danışan sabiq baş nazir Pənah Hüseyn xatırladıb ki, Azərbaycanla Rusiya arasında silah alınmasına dair müqavilə var və son bir neçə ildə bu istiqamətdə çoxmilyonluq silahlar da alınıb: “Ona görə İlham Əliyevin bəyanatının yeni olduğunu düşünmürəm”.

O, Sergey Lavrovun mətbuat konfransında söylədiklərini xüsusi dramatikləşdirməyə ehtiyac da görmür: “Rusiya tərəfdən daha ağır bəyanatların şahidi olmuşuq. Kremlin Dağlıq Qarabağ məsələsində mövqeyi məlumdur. Ən azı Azərbaycan Rusiyanın təsir dairəsinə daha dərin inteqrasiya edilənə qədər Moskva münaqişənin ədalətli həllində maraqlı görünməyəcək. Səbəb də Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın Cənubi Qafqazda təsir mexanizmi kimi qalmasıdır. Bu mənada Lavrovun bəyanatı da Kremlin digər rəsmilərinin vaxtilə söylədiklərinin davamı kimi qiymətləndirilməlidir. Bu baxımdan Rusiyanın baş diplomatının açıqlaması münaqişənin həllində yeni mərhələ deyil”.

Pənah Hüseyn

Pənah Hüseyn deyib ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Sergey Lavrova

cavabı

formal baxımdan diplomatik dildə verilib:

“Bir tərəfdən münaqişənin Rusiyanın sanksiyası olmadan Bakının hansısa silahlı yolla həll edə bilməyəcəyinə işarə edilib, digər tərəfdən, BMT-nin sənədləri var ki, münaqişə artıq daxili məsələ deyil. Amma Azərbaycan ictimaiyyətinin, siyasi xadimlərinin, ekspertlərinin narahatlıqlarını haqlı saymaq olar”.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, rəsmi Bakının Rusiyaya yönəlik siyasəti Azərbaycanın mənafelərinə yaddır və təhlükəlidir.

Başqanın fikrincə, hakimiyyət faktiki olaraq Dağlıq Qarabağın və ətraf rayonların işğalında iştirak edən bir dövlətə istinadən xarici siyasət yürüdür:

“Hakimiyyət Moskvaya alternativ olan güc mərkəzlərilə münasibətləri tamamilə korlamaqla və onlara qarşı mövqe sərgiləməklə Rusiyanın girovuna çevrilir. Lavrovun və əvvəlki Kreml rəsmilərinin bəyanatları Rusiyanın Azərbaycana quberniya, Bakı rəhbərlərini isə qubernator kimi yanaşdığını göstərir”.

Arif Hacılı

O, təəssüflənir ki, Azərbaycan prezidenti də daxil olmaqla xarici siyasəti müəyyən edən şəxslər bu həqiqətləri anlamır: “Lavrovun son açıqlamasından sonra yenidən prezidentin o cür açıqlama verməsi göstərir ki, Azərbaycan hakimiyyətinin Rusiya qarşısında köləlik siyasətini davam etdirmək niyyətindədir. Belə siyasət Azərbaycan Konstitusiyasına, 2008-ci ildə qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasına ziddir və maraqlarına uyğun deyil”.

Ana səhifəXəbərlər”Azərbaycan Rusiyadan müasir silahlar almaq üçün danışıqlar aparır”