Nazirlik prosesin başa çatdığını açıqlayıb
İyunun 12-də Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması prosesi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.
Aprelin 16-dan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına start verilib.
Aprelin 17-də isə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov rus sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.
O cümlədən, Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.
“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə Hacıyev qeyd edib.
10 noyabr 2020-ci il bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.