”Azərbaycan 500 milyon dollarlıq kredit ayrılmasına razılıq verib”
Azərbaycanla İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu məntəqəsinin tikintisinin maliyyələşdirilməsi şərtləri haqqında razılığa gəliblər.
“Trend”-ə açıqlamasında İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə baş direktoru Hüseyn Yaqubi belə deyib.
Bildirib ki, İran Mərkəzi Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin, eləcə də “İran Dəmir Yolları”nın nümayəndələri oktyabrın 26-da Bakıda görüşüblər. Onlar dəmir yolunun tikintisi üçün kredit ayrılması şərtləri barədə razılığa gəliblər:
“Azərbaycan tərəfi 164 km uzunluğunda dəmir yolunun tikintisinə 500 milyon dollar məbləğində kredit ayrılmasına razılıq verib”.
H.Yaqubi deyib ki, kredit sazişinin rəsmi imzalanması mərasimi yaxın gələcəkdə Tehranda keçiriləcək.
Azərbaycan daha öncə də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun inşası layihəsinə görə, Gürcüstana 20 il müddətinə 200 milyon faizsiz kredit vermişdi. Layihəyə isə ümumilikdə 600 milyona yaxın vəsait xərcləmişdi.
Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.