''Azərbaycan rejimi öz tənqidçilərinin təqib edilməsinə son qoymayacaq''

''Sərhədsiz Reportyorlar'': ''Nə zaman beynəlxalq ictmaiyyət buna son qoyacaq?''

Dünya Yeni ilə hazırlaşdığı bir vaxtda Azərbaycan hakimiyyəti ölkədə qalan azsaylı tənqidi jurnalistlərə qarşı yeni hücumlara başlayıb.

Bu barədə Sərhədsiz Reportyorlar (SR) təşkilatının bəyanatında deyilir. (“Turan”İA)

"Doğrudanmı, Azərbaycan hakimiyyəti düşünür ki, bu, beynəlxalq ictimayyətin diqqətindən kənarda qalacaq?", - sənəddə vurğulanır.

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova bir neçə gün öncə "astronomik məbləğdə" cəriməyə məruz qalıb. Azərbaycan hakimiyyəti həbsxanada olan bloger Mehman Hüseynova qarşı yeni ittiham irəli sürüb. Baş redaktor ( criminalaz.com saytı) Anar Məmmədovun məhkəməsi başlayıb.

Sənəddə deyilir ki, mart ayında azadlığa çıxmalı olan M.Hüseynovu indi 7 il azadlıqdan məhrumolunma cəzası gözləyir. Həbsxana administrasiyası onu təcridxana əməkdaşına hücum etməkdə suçlayır. 10 sutkalığa karserə salınan və öz vəkili ilə məsləhətləşmək imkanlarından məhrum edilən M.Hüseynov uydurma işə görə aclığa başlayıb.

Hakim rejimin korrupsiya faktlarını araşdırması ilə tanınan M.Hüseynov KİV-in müdafiəsi üzrə qeyri-hökumət təşkilatı olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru, hazırda xaricdə olan Emin Hüseynovun qardaşıdır.

2017-ci ilin martında M.Hüseynov polis əməkdaşı tərəfindən böhtan iddiası ilə hakimiyyətin təqiblərinə məruz qalıb. O, polisdə işgəncəyə məruz qaldığını bildirib.

“Sərhədsiz Reportyorlar” qeyd edir ki, dekabrın 21-də jurnalist Xədicə İsmayılovanın təqib olunması davam edib. Məhkəmə onun üzərinə Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri olduğu vaxtlarda (2008-ci ildən 2010-cu ilədək) guya ödənilməyən 45 143 manat (23 000 avroya yaxın) həcmində vergini ödəmək öhdəliyi qoyub.

"Tələb absurddur. X.İsmayılova heç zaman Azadlıq Radiosuna görə maliyyə məsuliyyəti daşımayıb. Çünki "Azad Avropa / Azadlıq Radiosu" qeyri-kommersiya təşkilatıdır, heç zaman vergiyə aid ediləcək mənfəət əldə etməyib. Ancaq, görünür, hakimiyyətin prioriteti ən yüksək səviyyədə korrupsiya araşdırmasını davam etdirən X.İsmayılovaya daha çox təzyiq göstərməkdir", - “Sərhədsiz Reportyorlar” qeyd edib.

18 aylıq həbs cəzasından sonra 2016-cı ildə şərti olaraq azaldığa buraxılan X.İsmayılova hələ də məhkəmə nəzarəti altındadır və onun xaricə getməsinə qadağa qoyulub. Bu yaxınlarda jurnalist bildirib ki, ona yenidən həbs oluna biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Onun məruz qaldığı özbaşına həbslərdən birinə görə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə ödənilən kompensasiyanın köçürüldüyü bank hesabı hakimiyyət tərəfindən dondurulub.

Bu yeni cinayət bir daha göstərir ki, Azərbaycan rejimi KİV-də öz tənqidçilərinin təqib edilməsinə son qoymayacaq, hələ ki bu məsələdə özünü sərbəst hiss edir", - SR-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Yohann deyib. "Nə zaman beynəlxalq ictmaiyyət buna son qoyacaq? Bakını məsuliyyətə cəlb etməyin və repressiya siyasəti davam etdiyi halda məqsədyönlü sanksiyalar məsələsinə baxmağın vaxtı çoxdan çatıb", - o vurğulayıb.

Dekabrın 28-də Bakıda başlayan məhkəmə prosesində “criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovu "hökumətin devrilməsinə çağırış", "hakimiyyətdən sui-istifadə" və "yalan informasiyanın yayılması" ittihamları ilə 12 il həbs cəzası gözləyir.

Sənəddə qeyd olunur ki, “Bastainfo.com” saytının redaktoru Mustafa Hacıbəyli də tezliklə analoji ittihamla məsuliyyətə cəlb olunacaq.

İyul ayında Gəncə şəhər merinin qətlinə cəhd ilə əlaqədar olaylarla bağlı iki jurnalist məhkəmə təqiblərinə məruz qalıb. Həmin hadisələrdən sonra hər iki veb-sayt qapadılıb.

SR-in Dünya Azadlıq İndeksində Azərbaycan 180 ölkə arasında 163-cü yeri tutub. Aparıcı tənqidçi KİV-lər susmağa və ya ölkəni tərk etməyə məcbur olublar, əsas müstəqil veb-saytlar bağlanıb, hazırda ən azı on jurnalist həbsdədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yzmraq

Ən çox baxılan