Azərbaycan: Reallıq və perspektivlər

Kosmetik dəyişikliklərlə ölkəni xilas etmək mümkün olmayacaq

Source:

Ölkəmizin böhranın tam içində olduğu və böhranın  getdikcə də daha da dərinləşməsi artıq şübhə doğurmur. Bu yazıda bizi gözləyən təhlükələr, iqtisadiyyatımızın, valyuta ehtiyatlarımızın, milli valyutamızın gələcək taleyi haqqında öz fikirlərimi bölüşəcəyəm.


Büdcənin vəziyyəti

Göründüyü kimi, 2016-cı ilin büdcəsində indidən ciddi problemlərin olacağını söyləmək olar: 1) Neft 50 dollardan götürülüb, indi isə 34-35 dollar cıvarındadır və 2016-cı ilin ortalama qiymətinin 50 dollara çatacağı ehtimalı çox aşağıdır. 2) Vergilər Nazirliyi 45,3%-lik normasını doldura bilməyəcək, cünki iş yerləri qapanır. Iqtisadi aktivlik azalır, vətəndaşların və şirkətlərin gəliri azalır – təbii olaraq vergi ödəmələri də ciddi azalacaq, 3) Gömrük islahatı olsa, bir tək gömrükdən gələn vəsaitin plana uyğun olmasını gözləmək olar.


Büdcə xərcləri

Xərclərin stukturunda dövlət borclarının ödənilməsi üçün ayrılan vəsaitin artması diqqət çəkir və bu tendensiya artan xətlə gedəcək və ehtiyatlarımız üçün, gələcək makroiqtisadi göstəricilərimiz üçün ciddi təhdid mənbəyidir.


Ticarət balansı və manat

Qrafikdən də göründüyü kimi, 2015-ci ilin azı 3 ayında (dekabr haqqında məlumat yoxdur) ölkəmizin idxal-ixrac saldosu mənfi olub, yəni, ölkə ixrac etdiyindən daha çox idxal edib ki, bu da manatın məzənnəsində özünü göstərib. Burada bir çox məqamlar da var, heç kimə sirr deyil ki, gömrükdə ölkə gətirilən mal və məhsullar daha aşağı qiymətlə rəsmiləşdirilir. Yəni, ölkədən mal və xidmət üçün çıxarılan valyutanın həcmi, rəsmi rəqəmlərdən daha çoxdur. Gömrükdən başqa ölkədən valyuta çıxarılan başqa kanallar da var: Online alış-veriş, uçaq bileti, otel sifarişi, mərc oyunları, xarici ölkələrdə daşmaz əmlak almaq üçün çıxarılan vəsait – bütün bunları da hesaba qatsaq, ölkədən il ərzində çıxarılan vəsaitin həcmi 15-16 mlrd. dollar civarında olur ki, məhz bu faktor ölkədə manatın məzənnəsinin getdikcə daha da düşməsinə səbəb olacaq. Çünki ölkəmiz bu 22 ildə heç bir sahədə uğur qazanıb, ciddi ixrac potensialı yarada bilmədi, dərman, elektrotexnika, avtomobil, hazır geyim, avadanlıq – bu sahələrdə ölkəmizin idxaldan asılılığı 100%-ə yaxındı, ərzaq məhsullarında isə asılılıq 75%-dən çoxdur, çünki yerli məhsul adı altında ölkəmizdə istehsal edilən məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. İxracatımızın isə 94%-ə yaxını neft, neft məhsulları və qazdır, qiymətin düşməsi isə tədiyyə, ticarət balansının mənfiyə doğru sürətlə dəyişməsinə səbəb olacaq. Bu isə öz növbəsində, manatın ucuzlaşması sürətini artıracaq.


Ölkənin ehtiyatları

Azərbaycanın valyuta-qızıl ehtiyatları Mərkəzi Bankda və Neft Fondunda cəmləşib. Mərkəzi Bankın ehtiyatları 2014-cü ilin oktyabr aynda 16 mlrd. dollara yaxınlaşmışdı, Neft Fondunda isə 2015-ci ilin yanvarın 1-nə 37,1 mlrd. dollar var idi. Bu günə olan vəziyyət belədir ki, Mərkəzi Bankın ehtiyatları 5 mlrd. dollardan da aşağı düşüb, Neft Fondunda isə ehtiyatlar 2015-ci ilin dekabr ayının 1-nə 33,8 mlrd. dollar olub. Bir sözlə, 2016-cı ilin yanvar ayının əvvəlinə ölkənin valyuta-qızıl ehtiyatları cəmi 39 mlrd. dollara yaxındır, amma ehtiyatlar sürətlə əriməyə davam edir. Həm də onu qeyd etmək lazımdır ki, Neft Fondunda vəsaitlərin hamısı tez likvidləşən vəsaitlər deyil, daşınmaz əmlakda, qızılda, qiymətli kağızlarda kifayət qədər böyük məbləğ saxlanılır ki, bu da ölkəyə təcili valyuta lazım olan zaman nəğdləşdirilsə, ciddi itkilərə başa gələcək, 10%-dən 20%-ə qədər nəğdləşmə itkisi ola bilər.


Ölkəmizin yaxın iki ildə xərcləri

Azərbaycan Respublikasının yaxın iki ildə Neft Fondundan qaçınılmaz xərcləri var: Büdcə tranfertləri, Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramının maliyyələşdirilməsi, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər. 2016-cı il üçün ümumi xərclərin miqdarı 8 181 399,7 manat təşkil edir ki, bu da bu günə olan rəsmi məzənnə ilə 5,3 mlrd. dollara yaxın vəsait edir.

2017-ci ildə isə xərclər daha da artacaq, Cənub Qaz Dəhlizi layihələrində payımızın maliyyələşdirilməsinə 3,5 mlrd. dollara yaxın vəsait xərclənəcək. Büdcə transferti də artacaq, çünki vergidən daxilolmalar iqtisadi vəziyyətin ağırlaşması və aktivliyin azalması hesabına xeyli azalacaq, gələn il dövlət büdcəsinə transfertlər 5 mlrd. dollar civarında olacaq. Bununla paralel olaraq ölkəmizin borc qaytarması da sürətlənəcək, bugünə Azərbaycanın dövlət borcu və dövlət şirkətlərinin zəmanətlə aldıqları borc miqdarı bir yerdə 15 mlrd. dollar civarındadır və hər il ödəmə həcmi artacaq, məsələn, bu il büdcə xərclərinin 7,7%-i, yəni 1,25 mlrd. manat sırf borc ödənilməsinə xərclənəcək. Yuvarlaq hesablamalara görə, 2016-17-ci illərdə Neft Fondunun xərcləri, təqribən, 16-17 mlrd. dollar olacaq, gəlirləri isə ortalama neft qiymətləri 40 dollar olsa, cəmi 7-8 mlrd. dollar gözlənilir. Yəni, Neft Fondunda olan 33,8 mlrd. dollar, 2017-ci llin dekabrına qədər ən yaxşı halda 23 mlrd. dollar olacaq. Amma, bu da çox optimist yanaşmadır, çünki Mərkəzi Bankın ehtiyatları tam ərisə, Neft Fondundan istifadə etməli olacaqlar ki, bu da ölkənin ehtiyatlarını 2017-ci ilin sonuna 20 mlrd. dollardan da aşağı çəkəcək.

Bir sözlə, 2017-ci ilin sonuna ölkəmizin tək 2018-ci ili sürünə-sürünə yola vermək üçün vəsaiti qalacaq, vəssalam, sonrası isə artıq məlum deyil. Vəziyyətin dəyişməsi üçün ciddi sistem və idarəetmə islahatlarına ehtiyac var, artıq siyasi islahatlar və açılımlar olmadan tək iqtisadi, özü də kosmetik dəyişikliklərlə ölkəni xilas etmək mümkün olmayacaq….

Ana səhifəMənim FikrimcəAzərbaycan: Reallıq və perspektivlər