Azərbaycan qeyri-sabitlik qövsündə

Əliyev administrasiyası əməkdaşlığın hərbi komponentində, o cümlədən standartlar və NATO-nun bəzi əməliyyatlarında qarşılıqlı fəaliyyətdə az-çox fəallıq göstərir, amma əməkdaşlığın əsas komponenti olan siyasi dialoqda irəliyə doğru bir addım belə atmayıb

Source:


Əliyev administrasiyası əməkdaşlığın hərbi komponentində, o cümlədən standartlar və NATO-nun bəzi əməliyyatlarında qarşılıqlı fəaliyyətdə az-çox fəallıq göstərir, amma əməkdaşlığın əsas komponenti olan siyasi dialoqda irəliyə doğru bir addım belə atmayıb

İyulun 8-9-da NATO-nun Varşavada keçirilmiş sammitinin əsas yekunu “qeyri-sabitlik qövsü” qarşısında Avropanın müdafiəsinin möhkəmləndirilməsi üzrə yeni taktiki doktrinanın yaranması oldu.

İyulun 8-də sammit çərçivəsində imzalanmış Avropa İttifaqı və NATo arasında əməkdaşlıq haqqında birgə bəyannamədə “qeyri-sabitlik qövsü”nün mahiyyəti açıqlanır – terrorizm, qeyri-leqal miqrasiya, hibrid təhlükələri və ya kiberhücumlar.

“Bu gün ölkələrimiz təhlükəsizlik sahəsində misilsiz problemlərlə, o cümlədən ölkələrimizin bir çoxuna amansız zərbələr endirmiş terrorizm; Rusiyanın əməlləri, xüsusən Ukraynada Avropadakı qaydalara əsaslanmış nizam-intizamı pozan əməlləri və Yaxın Şərqdə və Şimali Afrikada qeyri-sabitlik ilə qarşılaşır. Möhkəm transatlantik əlaqəmizlə və demokratiya, şəxsiyyət azadlığı, insan hüquqları və qanunun aliliyinə sadiqliyimizlə birləşən NATO BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq bütün Şimali Atlantika zonasında sülh, təhlükəzislik və sabitliyə can atmağa davam edəcək”, deyə Sammitin transatlatik təhlükəsizlik haqqında yekun bəyannaməsində bildirilir.

Ümumilikdə, sammitdə qəbul edilmiş müxtəlif növ sənədlər, o cümlədən yekun kommünike və Qərb dövlətlərinin və institutlarının bəyanatında təhlükələr arasında Şərq istiqaməti və buradan gələn Rusiya təhlükəsi daha qabarıq şəkildə qeyd edilir. Gürcüstanın, daha sonra isə Ukraynanın bir hissəsinin ilhaqından sonra alyans üçün real olan bu təhlükələri neytrallaşdırmaq üçün təmkinlilik və dialoq siyasəti işlənib hazırlanıb, bu siyasət NATO-nun Avropa qitəsində sülh və təhlükəsizliyə dəstək üzrə gücünü və iradəsini nümayiş etdirməlidir. Bu mənada rotasiya əsasında postsovet Baltika ölkələrində cüzi hərbi kontingentlər yerləşdirilməsi ilə Gürcüstan, Ukrayna və Moldovanın NATOya daxil olması prosesinə açıq dəstəyə təmkinin və ya qüvvənin bir komponenti kimi baxmaq olar.

NATO ölkələri üçün strateji məsələnin öz sərhədlərinin perimetri boyunca “qeyri-sabitlik qövsünü” “sabitlik qövsünə” çevirməklə təhlükəsizliklərini təmin etmək olduğunu nəzərə alsaq, həm Rusiya, həm də digər postsovet Şərqi Avropa ölkələri, o cümlədən Azərbaycan ilə dialoqun genişləndiriləcəyini gözləmək olar.

Azərbaycan rəsmilərinin həm sammitə qədərki, həm də kuluar görüşləri və bəyanatları NATO və rəsmi Bakı arasında 1994-cü ilin mayında imzalanmış strateji “Sülh naminə tərəfdaşlıq” sazişindən birgə razılaşmaların, öhdəliklərin həyata keçirilməsində gərginlik olduğunu nümayiş etdirir.

Azərbaycan prezidenti İlham Əliyev əvvəlki kimi əməkdaşlığın terrorizmə qarşı mübarizə, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak, NATO yüklərinin Azərbaycandan tranziti, enerji təhlükəsizliyi kimi istiqamətləri haqqında danışıb. Beləliklə, sabitlik və təhlükəsizliyin əsas komponenti – demokratiya, şəxsiyyət azadlığı, insan hüquqları və qanunun aliliyi yenə, hərbi komponentlə birlikdə, NATO fəaliyyətinin əsas məqamı olan prinsip və dəyərlərin pozulması nəticəsində baş vermiş güclü böhran şəraitində belə, Azərbaycandakı rejimin əməkdaşlıq strategiyasından kənarda qalıb.

Rəsmi Bakı alyansla əməkdaşlığın qiymətləndirilməsi və perspektivləri ilə bağlı, xüsusən, NATO-ya daxil olmaq məsələsində ehtiyatlı davranır. Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, Azərbaycan alyansa daxil olmaq məqsədini bəyan etmir, kuluar görüşlərində bunu Rusiyanın, habelə İranın təxminolunmaz mənfi reaksiyası ilə qarşılaşa biləcəyi ilə əsaslandırır. Bəli, Əliyev administrasiyası əməkdaşlığın hərbi komponentində, o cümlədən standartlar və NATO-nun bəzi əməliyyatlarında qarşılıqlı fəaliyyətdə az-çox fəallıq göstərir, amma əməkdaşlığın əsas komponenti olan siyasi dialoqda irəliyə doğru bir addım belə atmayıb. Fərdi Tərəfdaşlıq proqramları çərçivəsində öhdəliklərin yerinə yetirilməsi müddətinin uzadılması və demokratiya sahəsində dərin problemlərin mövcudluğu buna dəlalət edir.

NATO-nun “qeyri-sabitlik qövsünün” “sabitlik qövsünə” çevrilməsi haqqında strategiyasına baxdıqda, NATO-Azərbaycan dialoqunda demokratiya komponentinin güclənəcəyini gözləmək olar. Hazırda Alyansın və Avropa İttifaqının səylərinin birləşdiyi şəraitdə, habelə gecikmiş islahatlar həyata keçirilmədən qeyri-mümkün olan Azərbaycanın sistemli böhrandan çıxması zərurəti qarşısında bu dialoq uğurlu ola bilər.

Sammitin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəklə və BMT nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində münaqişələrin həlli ilə bağlı kommünikesi rəsmi Bakının ünvanına növbəti reverans və gələcək sabitlik qövsünün əsas komponentləri – demokratiya, şəxsiyyət azadlığı, insan hüquqları və qanunun aliliyi ilə bağlı real dialoqa dəvət kimi görünür.

Ana səhifəXəbərlərAzərbaycan qeyri-sabitlik qövsündə