Sabiq nazir: “Rusiya Ermənistanı silahlandırmaqla müharibəyə hazırlayır” fikrini tam bölüşmürəm”
Ötən həftə Rusiya-Azərbaycan münasibətlərində xarici və müdafiə nazirlərinin danışıqları ilə yadda qaldı. Rusiyanın Azərbaycanın ərazilərini işğalda saxlayan Ermənistana hərbi yardımı Bakı-Moskva danışıqlarının əsas müzakirə mövzusu idi. Həm Türkiyənin Bakıdakı səfirliyi önündə dəstək aksiyası, həm də Rusiya Müdafiə naziri Sergey Şoyqunun Ermənistana tikinti materialları göndərməsi izahına Bakının Hikmət Hacıyev vasitəsilə reaksiyası sualların sayını artırdı.
Prezidentin köməkçisi Hikmət Hacıyev həftəsonu keçirdiyi brifinqdə “Rusiya tərəfindən bu xüsusda verilən açıqlamalar hələ ki Azərbaycanı tam şəkildə qane etmir”,- deyə söylədi.
Hikmət Hacıyev "Bizim suallarımız açıq olaraq qalmaqdadır” deyərək əlavə etdi ki, bu məsələlərdə daha səmimi və açıq şəkildə məsələnin izah olunmasını gözləyirlər:
“Nəyə görə, hansı əsaslarla və məqsədlərlə Ermənistanın intensiv şəkildə silahlandırılması davam edir?! Ermənistanın Tovuz hadisələrindəki törətdiyi təcavüzü, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi açıq şəkildə bu dövlətin xislətini göstərməkdədir. Ona görə də suallarımız açıq olaraq qalır. Guya bu uçuş reysləri vasitəsiylə Ermənistanda olan Rusiya hərbi bazası üçün tikinti materiallarının daşınmasıyla əlaqədar olan məqamlar da bizi qane etmir. Hesab edirik ki, tikinti materiallarının daşınması üçün intensiv şəkildə hava uçuşlarını həyata keçirilməsinə ehtiyac yoxdur. Bunun üçün daha effektiv və digər vasitələr də mövcuddur”.
Meydan TV Bakı-Moskva münasibətləri haqda yaranan sualları sabiq Xarici işlər naziri Tofiq Zülfüqarova və siyasi icmalçı Azər Qasımlıya ünvanlayıb.
Tofiq Zülfüqarov Rusiya-Ermənistan əlaqələrinin böhran vəziyyətində olduğunu düşünür:
“Amma buna baxmayaraq, Rusiyadakı ermənispərəst qüvvələr Ermənistana hansısa yardımlar olduğunu göstərməyə çalışırlar. Həmin dairələrin məqsədi Ermənistan Rusiyaya yaxın və asılı vəziyyətdə saxlamaqdır. Əgər belədirsə, Ermənistana heç vaxt ciddi silah verilməyəcək, verilsə də, həmişə Yerevanın Moskvadan asılılığını saxlamağa çalışacaqlar. Bilirsiniz, mən “Rusiya Ermənistanı silahlandırmaqla müharibəyə hazırlayır” fikrini tam bölüşmürəm. Bir daha deyirəm, Rusiya heç vaxt Ermənistana o qədər silah verməz ki, Yerevan ondan asılılığı itirsin. Yəni Rusiya Ermənistanın müdafiə imkanlarının öz gücü hesabına olmasına razılaşmaz. Hansısa yardımlar ola bilər, amma Ermənstanın tərəfindən Türkiyəyə qarşı hərbi əməliyyatların aparılmasına inanmıram. Əlbəttə, Rusiyadan Ermənistana yüklərin aparılması vəziyyəti ciddi şəkildə dəyişməyəcək. Vəziyyətin ciddi dəyişməsi üçün Rusiya hərbi büdcəsinin ən azı 20-25 faizini Ermənistana verməlidir ki, təcavüzkar müdafiə imkanlarını Azərbaycan səviyyəsinə qaldırsın. Amma Rusiya indi buna hazır deyil”.
Sabiq nazirin sözlərinə görə, hərbi əməliyyatlar bərpa olunsa, Rusiya Ermənistana ötən əsrin 90-cı illərində olduğu kimi dəstək verməyəcək:
“Ermənistanın müharibəyə ciddi hazırlığı onların Rusiyanın köməyinə böyük ümid bəsləməməyinin göstəricisidir. Sabah Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlasa, Rusiyanın birbaşa olmasa da, nisbi köməkliklərini istisna etmirəm. Amma 90-cı illərdə olduğu kimi mümkün deyil. Türkiyənin isə Naxçıvanla bağlı beynəlxalq öhdəlikləri var. 1921-ci il sazişinə görə Ankara öhdəlik götürüb. Hərbi təlimlərin böyük əksəriyyəti də orda keçirildi və nəzərə alın ki, Naxçıvanın sərhədini Ermənistan paytaxtından 40 kilometr ayırır. Ona görə də Ermənistanda könüllülər hərbi dəstəsi yaradılması onların müdafiə boşluqlarının olduğunu və ikinci cəbhəyə hazır olmadığını göstərir”.
Tofiq Zülfüqarov Azərbaycanın da siyasətində dönüşün yarandığı qənaətindədir:
“Moskva Bakıya təklif edirdi ki, iqtisadi-humanitar əlaqələri inkişaf etdirək, amma Ermənistan-Azərbaycan münaqişəsini bunlardan ayıraq. Bir müddət Bakı bu təklifə müsbət yanaşırdı, indiki mərhələdə Azərbaycanın mövqeyi dəyişib. Bakı hesab edir ki, Moskva ilə hər hansı əlaqə Ermənistan-Rusiya münasibətlərindən və indiki səviyyəsindən asılı olacaq. Moskvanın Ermənistanın dəstəyinə yönələn addımları Azərbaycanda çox ciddi etirazlar doğuracaq. Türkiyə səfirliyi qarşısında aksiya da həmin dəstəyə bir münasibətdir. Nəhayət, Türkiyənin də mövqeyi ciddi dəyişib. Prezident Ərdoğan rusiyalı həmkarı Putinlə əvvəllər bu mövzuda danışıqlar aparsa da, ictimaiyyətə çatdırılası nəticəsi olmayıb. Bu gün Ermənistan-Azərbaycan münaqişəsi Türkiyənin daxili və xarici siyasətinin gündəmindədir. Türkiyə rəsmilərinin son açıqlamaları da Azərbaycanın mövqeyinin ifadəsidir. Bütün bunların nəticəsi kimi Ermənistanın da siyasətində dəyişikliklər olub. Onlar nümayişkarənə şəkildə göstərmək istəyirlər ki, öz müdafiəsini gücləndirmək və bütün vasitələrlə gələcək hərbi əməliyyatların bərpasına hazır olmaq istəyirlər. Bura daxildə könüllü dəstələrin yaradılması, həm də Baş nazir Paşinyanın işğal altındakı ərazilərə səfərləri daxildir. Məsələ ondadır ki, Ermənistan danışıqlarla dəyişikliklərə nail olunacağına inanmırlar və birmənalı şəkildə hərbi əməliyyatların bərpasını gözləyirlər”.
Siyasi icmalçı Azər Qasımlının fikrincə, Bakı və Ankara iyulun 12-də Tovuz rayonunda atəşkəsin pozulmasını Moskva tərəfindən hazırlanmış plan olduğunu düşünür:
“Güman ki, Azərbaycan və Türkiyədə ciddi kəşfiyyat məlumatları da var. Məsələ ondadır ki, Tovuz rayonu yaxınlığından beynəlxalq nəqliyyat və enerji xətləri keçir. Rusiyanın da Türkiyə və Avropaya qaz satmaq marağı var. Şimal ölkə Türkmənistan və Azərbaycanın enerji məhsullarını dünya bazarına özünün çıxarmasını istəyir. Bakı indiyə qədər Rusiya ilə Qərb arasında balans saxlamağa çalışırdı. Amma Bakı atəşkəsin pozulması ilə öz hakimiyyətinə təhdid gördüyündən balansı Türkiyə-Rusiya arasında həyata keçirir. Ərdoğan hakimiyyəti isə dövlətinin yalnız Orta Şərqdə, Suriyada deyil, Qafqazda və Orta Asiyada mövqeyinin güclənməsində maraqlıdır. Həm də Türkiyənin iştirakçısı olduğu nəqliyyat və enerji xətləri var ki, bunları müdafiə etməkdə özünü borclu sayır. Bu prosesdə Ankara və Bakının maraqları üst-üstə düşdüyündən, Azərbaycan Qərbin yerinə Türkiyəyə üstünlük verir”.
Azər Qasımlının sözlərinə görə, əgər Moskva Bakı ilə müəyyən məsələlərdə anlaşa bilsə, konkret olaraq İlham Əliyevə inandıra bilsə ki, onun hakimiyyətini təhdid niyyəti yoxdur, o zaman Azərbaycan Türkiyə ilə siyasi-hərbi münasibətlərin dərinləşməsini müəyyən qədər səngidə bilər. Bu, yeni balans siyasətidir:
“Bütün hallarda iqtidarda kimin olmasından asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təminatı bizim üçün daha vacibdir”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.