“Azərbaycan prezidentinin çıxışının avropalılar üçün əhəmiyyəti yoxdur”

“Azərbaycandan 3 dəfə güclü, Avropanın mərkəzində və sevimlisi olan Yunanıstanın ritorikasının heç bir mənası olmadı. O zaman Azərbaycan prezidentinin sərt çıxışının avropalılar üçün nə əhəmiyyəti ola bilər?! Gərək, hər bir dövlət və siyasətçi öz çəkisini, yerini bilsin”

Source:


“Azərbaycandan 3 dəfə güclü, Avropanın mərkəzində və sevimlisi olan Yunanıstanın ritorikasının heç bir mənası olmadı. O zaman Azərbaycan prezidentinin sərt çıxışının avropalılar üçün nə əhəmiyyəti ola bilər?! Gərək, hər bir dövlət və siyasətçi öz çəkisini, yerini bilsin”

Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev prezident İlham Əliyevin 13 iyul Nazirlər Kabinetinin toplantısında Qərbə qarşı çıxışını ritorika kimi qəbul edir.

Bu barədə Meydan TV-yə danışan Rəsul Quliyev düşünmür ki, Azərbaycan hökumətinin Qərblə sərt siyasət aparmaq şansı var: “Azərbaycan kiçik və Qərbdən tam şəkildə asılı olan bir ölkədir. Əliyevin “Onlara Azərbaycanın neft-qazı lazıımdır” fikri çox qəribə təəssürat yaradır. Əslində, Azərbaycan Qərbin neft və qazı alması hesabına yaşayır. Çünki Qərb ölkələrinin Azərbaycanın gündə satışa çıxartdığı 500 min barrel neftə ehtiyacı yoxdur. 500 min barrel neft heç Qərbə gedib çıxmır da, Türkiyə beynəlxalq bazarda nefti alan ölkədir və bir qədər də ucuz alır. Çox ehtimal ki, həmin 500 min barreli Türkiyə alır. Məsələ ondadır ki, Ceyhan limanına ərəblərin də nefti daxil olur və orda hansı ölkənin nefti olmasını müəyyənləşdirmək mümkün deyil. Bu mənada Əliyevin məlum frazası anlaşılmazlıqdır”.

Rəsul Quliyev söhbətini suallarla davam etdirir: “Niyə Avropanın qazı və nefti olmayan Gürcüstana diqqəti Azərbaycandan 15 dəfə çoxdur? Eyni zamanda, Moldova, şərabdan başqa heç nə istehsal edə bilmir, bəs niyə Qərb bu ölkəyə diqqətlə yanaşır? Təkcə bu dövlətlər deyil, Şərqi Avropada onlarla ölkələr var ki, nefti və qazı yoxdur. Başqa bir sual, əgər Qərb yalnız Azərbaycanın enerji sektoru ilə maraqlanırsa, niyə insan haqları barədə narahatdır? İlham Əliyevin dediyi kimidirsə, heç zaman insan haqları, müstəqil məhkəmə, ədalətli seçki barədə suallar ortaya çıxmazdı. Deməli, demokratiya, insan haqları, müstəqil məhkəmə, ədalətli seçki Avropanın siyasi strategiyasının tərkib hissəsidir. Bu dəyərləri yalnız Avropa hökumətləri istəmir, həm də həmin ölkələrin xalqları qəbul edib. Ona görə siyasətçilər məcburdur ki, Azərbaycanda insan haqlarının pozulmasından danışsınlar. Çünki yerli xalq bunu istəyir, ona görə yox ki, erməni lobbisi Almaniya Bundestaqında, yaxud Amerika Senatında senator alıb, bu, mümkün olan şey deyil. Bundestaqda yeri gələndə Amerikanı da müzakirə edirlər. Vaşinqton isə buna görə etiraz etmir, çünki xarici siyasətdə bunlar adi şeylərdir. Konqres müzakirələrində də müxtəlif yanaşmalar olur. Məgər, prezidentin təklifləri o dəqiqə qəbul olunur? Yox. Ümumiyyətlə, erməni lobbisinin senatorları alması fikri absurd və gülüncdür. Yaxşı olardı, Amerika tarixini oxusunlar, bu dövlət müstəqillik aktını elan edəndə, dünyada erməninin olub-olmadığını bilmirdilər. Müstəqillik Aktında yazılıb ki, dünya xalqları azad olmalıdır. Bu, Amerika dövlətinin strategiyasıdır”.

R.Quliyev dövlət başçısının çıxışında daha çox inciklik gördüyünü düşünür: “Əliyevin çıxşına diqqət yetirin, “Avropa Oyunlarının başlamasına 2 gün qalmış” fikri var, bu, incikliyi açıq büruzə verir. Eyni fikri Əliyevin Qarabağla bağlı Parlament Assambleyası haqqında dedikləri haqqında da səsləndirə bilərik. Həm deyir ki, bunların bəyanatı kağız parçasıdır, həm də sərt yanaşma, bu mənada mən Əliyevin çıxışında Qərbin əleyhinə yox, Qərbdən inciklik gördüm. Avropa Birliyinə assosiativ üzv olmağa gəlincə, heç kim Azərbaycana yalvarmır ki, gəl üzv ol. Əgər üzv olacaqsansa, bir sənəd verirlər və yaxın zamanlarda bunların tətbiqini gözləyirlər. Əgər öhdəlikləri yerinə yetirirsənsə, assosiativ üzv qəbul edirlər, imza atmaq hələ üzv olmaq deyil. Ya da “Avropa Şurasız da yaşaya bilərik” fikri. SSRİ Şuranın üzvü deyildi və yaşayırdı da. Amma necə? Bu gün 3-4 deputat Avropa Şurasında Dağlıq Qarabağ məsələsi müzakirə olunanda çıxış edib, Almaniya, Rumıniya başqa dövlətlərin deputatlarından dəstək alırlar, bəs AŞ üzvülüyündən çıxanda necə olacaq? Bəyanat qəbul edəcəklər ki, Dağlıq Qarabağ Ermənistanındır, o zaman kim etiraz edəcək? Bununla da dünya iqtisadiyyatının 30 faizini verən Avropa qitəsində Azərbaycan haqqında neqativ fikir formalaşacaq”.

“Prezidentin çıxışı Qərb-Rusiya seçimində ikinciyə üstünlük verilməsi anlamına gəlmirmi” sualına eks-spiker cavab verib ki, Azərbaycan bir dəfə Rusiyanı seçib, XIX əsrin əvvəlində. İndi də XXI əsrin əvvəlidir, 200 il keçir. Rusiya seçimi əgər dövlətin başçısından asılıdırsa, o zaman xalq üçün nə fərqi var: “Ümumiyyətlə, indiki dünyada Rusiya seçimi yoxdur, Rusiyanın qanadı altına girmək var. Ermənistan və Belarus kimi. Rusiyadan enerji alırlar, hərbi bazasını da saxlayırlar. İranla Qərbin razılaşması Azərbaycan siyasətçilərini ciddi düşündürməlidir. Bu, o deməkdir ki, Azərbaycan Avropa siyasətinə korreksiya etməlidir. Birinci, insan haqlarının pozulması, seçki saxtakarlığı davam edəcəksə, Avropa Azərbaycanı özünə yaxın buraxmayacaq. Bu baxımdan Qərbə qarşı sərt ritorika onları öz fikirlərindən döndərməyəcək. Azərbaycan kiçik ölkə olaraq nə edə bilər Avropa qitəsinə? Bu mənada İrandan çox Yunanıstan hadisələri gərək Azərbaycan hakimiyyətinə dərs olsun. Təəssüf ki, hakimiyyət Yunanıstan hadisələrindən dərs götürmədi. Yunanıstanla Azərbaycanın əhalisi təxminən eynidir, amma orda adambaşına ildə 26 min dollar məhsul istehsal edilirsə, Azərbaycanda bu rəqəm 7 min dollardır. Fərqi görürsünüzmü?! Yunanıstan həm Avropanın tarixidir, həm də istirahət, turizm mərkəzidir. Avropalılar istirahət üçün əsas üstünlüyü Yunanıstana verirlər. Ancaq Yunanısan baş naziri Tsipras Qərbə qarşı Əliyev qədər sərt ritorika səsləndirmədi, sadəcə kreditin ödəmə vaxtını uzatmaq istəyirdilər. Avropa Birliyi razı olmadı, referenduma getdilər və nəticəsini də bilirsiniz. Ancaq nə oldu? Solçu baş nazir Tsipras Avropa Biriliyinin təklif etdiyi sənədə imza qoydu, indi tərəfdarları partiyalarının bayrağını yandırırlar. Bunları ona görə deyirəm ki, Azərbaycandan 3 dəfə güclü, Avropanın mərkəzində və sevimlisi olan Yunanıstanın ritorikasının heç bir mənası olmadı. O zaman Azərbaycan prezidentinin sərt çıxışının avropalılar üçün nə əhəmiyyəti ola bilər?! Gərək, hər bir dövlət və siyasətçi öz çəkisini, yerini bilsin”.

Ana səhifəXəbərlər“Azərbaycan prezidentinin çıxışının avropalılar üçün əhəmiyyəti yoxdur”