Azərbaycan pis nümunələr poliqonudur

Polis dəyənəyinin gücü ilə dünya bazarında neftin qiyməti və manatın dəyəri arasında əlaqə aydınca hiss edilir.

Source:

Polis dəyənəyinin gücü ilə dünya bazarında neftin qiyməti və manatın dəyəri arasında əlaqə aydınca hiss edilir.

Jurnalist Natiq Cavadli yazır ki, “hakimiyyətin yalmançı təbliğatçıları tutuquşu kimi “7 il dünya təcrübəsində var” deyə səs-səsə verib Azərbaycanı Orta Asiyaya aparır”. Fikrini konkretləşdirmək üçün Natiq bəy Tacikstana istinad edir. Amma məsələ burasındadır ki, nəinki Orta Asiya, o cümlədən Tacikstan, hətta bütün MDB məkanı üçün Azərbaycan anti-demokratiklikdə, avtoritarizmdə bir nümünədir və həmin məkanın bir çox maraqlı dairəsi üçün o, belə nümunələr yaratmaqda əlçatmaz bir “zirvə” olaraq qalır. Məntiqlə Azərbaycanın Tacikistana oxşaması Tacikistanın Azərbaycana oxşamaq istəyinin müqabilində gözə görünməməlidir.

Məsələ burasındadır ki, Azərbaycanda analoqu hələ ki, digər MDB respublikalarında olmayan əndrəbadi bir siyasi sistem formalaşıb. Elə götürək dövlətin idarəçilik formasını. Sual oluna bilər: İdarəçilik formasına görə Azərbaycan respublikadırmı? Düzdür, dövlətin adında və bir para kağızlarda Azərbaycana münasibətdə “respublika” sözü işlədilir. Amma burada hakimiyyət vərəsəlik yolu ilə ötürülüb. Əgər məsələ yalnız bu ötürmə ilə bitsəydi, bəlkə də bunu respublikaçılıq tarixinin bir istisnası kimi yozmaq olardı. Amma vərəsənin ömrünün axırına qədər hakimiyyətdə qalma imkanı əldə etməsi artıq heç bir istisnaya sığa bilməz. Gəlin özümüzü aldatmayaq, Azərbaycan nədirsə, həmin nəsnə respublika adlandırıla bilməz. Belə bir sistemə isə keçmiş MDB məkanında, o cümlədən heç Orta Asiyada və hətta onun Tacikistanında da təsadüf edilmir. Özbək xalqı belə ona qol qoymadı. Hələ mən Qırğızıstanı demirəm. Vərəsəlik institutunun Qazaxıstan və Tacikistana münasibətdə nə qədər uğurlu ola biləcəyi barədə isə danışmaq hələ tezdir. Onu tarix göstərəcək.

Azərbaycan monarxiyadırmı? Bəlkə də normal monarxiyaçılıq Azərbaycana onun bəlalarının müalicəsi üçün bir məlhəm ola bilərdi. Son 50 illiyin təcrübəsilə buna ümid etmək isə sadəlövhlük olar. Qoyulan suala cavab olaraq isə deyim ki, Azərbaycan heç monarxiya da deyil. Düzdür, Azərbaycanı monarxizmə hazırlaşdırmaq üzərində iş gedir. Amma bu proses heç də rahat getməyəcək. Bunun üçün, ilk növbədə, onu rəsmiləşdirmək, Konstitusiyaya gətirmək lazımdır. Necə, hansı yolla? Son sualları cavablandırmaq çox çətindir.

Əndrəbadilik tək Azərbaycanın idarəçilik formasıyla bağlı deyil. Elə hazırkı rejim tərəfindən düzülüb-qoşulan Konstitusiyada demokratik idarəçilikdən söhbət açılır. Cəmiyyət isə reallıqda yuxarılar üçün daha çox oliqarxizm prinsipi ilə, aşağılar üçün isə polis dəyənəyi, zorakı-repressiya maşını vasitəsilə idarə olunur.

Hər bir naziri oliqarx olan Azərbaycan oliqarxiya ola bilmir. Azərbaycan məmuru varlıdır, söz sahibidir, öz çevrəsində kiçik hökmdardır. Amma onların heç birinin sabahla bağlı, hətta bu sistem davam edəcəyi təqdirdə belə var-dövlətlərinin toxunulmazlığı üçün təminatları yoxdur.

Azərbaycanda heç təmiz polis rejimi də yoxdur. Polis dəyənəyinin gücü ilə dünya bazarında neftin qiyməti və manatın dəyəri arasında əlaqə aydınca hiss edilir.

Elə isə Azərbaycan bütün post-sovet məkanı üçün pis nümünələr yaradılan bir poliqondur ki, onun bu missiyasını digər respublikaların üzərinə qoymaq ədalətsizlik olar.

Ana səhifəMənim FikrimcəAzərbaycan pis nümunələr poliqonudur