Azərbaycan Pakistandan yüksək texnologiyalı silahlar almaq istəyir

İlham Əliyev: Pakistanla birgə istehsalat qurmaq fikrindəyik

Source:
foto azertac
foto azertac


İlham Əliyev: Pakistanla birgə istehsalat qurmaq fikrindəyik

Bakı və İslamabad əczaçılıq və müdafiə sənayesi sahəsində birgə müəssisələrin yaradılması məsələlərini müzakirə edir. “Turan” İA-nin məlumatına görə, bu barədə prezident İlham Əliyev Pakistan baş naziri Nəvaz Şəriflə danışıqların yekunlarına həsr olunmuş birgə mətbuat konfransında bildirib.

Hərbi sahədə əməkdaşlığa toxunan İlham Əliyev deyib: “Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik. Eyni zamanda, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var”. Əliyev Pakistana Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini ardıcıl surətdə dəstəklədiyinə görə təşəkkür edib.

Cavab sözündə Nəvaz Şərif deyib ki, beynəlxalq və qlobal problemlər beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır.

“Kəşmir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin nə dərəcədə üst-üstə düşməsini sübut edir. Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı aydın mövqeyə malikdir. Biz Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıyıq”, deyə baş nazir bildirib.

Daha sonra Nəvaz Şərif qeyd edib ki, hərbi, energetika, ticarət və digər sahələrdə, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üzrə razılıq əldə olunub.

Ana səhifəXəbərlərAzərbaycan Pakistandan yüksək texnologiyalı silahlar almaq istəyir