”Azərbaycan özünü yumurta ilə təmin edə bilmir”

Vahid Məhərrəmov: “Qiymətdə sabitlik yaratmaq mümkün olmayacaq”

Source:
Yumurta
Yumurta


Vahid Məhərrəmov: “Qiymətdə sabitlik yaratmaq mümkün olmayacaq”

Son on gün ərzində yumurtanın qiyməti 55,5 faiz bahalaşıb.

Topdansatış ticarəti ilə məşğul olan obyektlərdə yumurtanın qiyməti 9 qəpikdən 14 qəpiyə qalxıb.



Turan

” informasiya agentliyi yazır ki, yumurtanın qiymətinin kəskin şəkildə bahalaşmasının gözlənilməz olması mövsümlə bağlıdır. Yaz-yay aylarında yumurta istehsalı artır və bu da öz növbəsində təklifin artmasına və yumurtanın qiymətinin nisbətən ucuzlaşmasına səbəb olur.

“Ölkənin illik tələbatı 2,8 milyard ədəd olduğu halda 1,5 milyard ədəd yumurta istehsal olunur ki, bu da ümumi tələbatın 53 faizi qədərdir. Yerli istehsal və idxalla bir yerdə əhalinin tələbatının 60 faizə qədəri ödənilir. Bazarda təklifin yetərincə olmaması defisit yaradır. Bu da öz növbəsində hakimiyyətin süni qiymət endirimindən sonra kəskin bahalaşmaya səbəb olur. İkincisi, yumurta istehsalında istifadə olunan istehsal vasitələri əsasən xaricdən idxal olunur. Buraya texnoloji avadanlıqlar, dərman preparatları, genetik materiallar, quş yemi və sair aiddir. Bu isə o deməkdir ki, quş yumurtasının maya dəyəri idxal olunan istehsal vasitələrinin qiymətlərindən asılı olaraq dəyişir”.

Agentlik Azərbaycanda yumurtanın qiymətinin inzibati yolla tənzimləmək üçün hökumətin bu sahəyə birbaşa subsidiyaların, dotasiyaların verilməsini önə çəkir:

“Bu tədbirləri həyata keçirmədən ucuz yumurta istehsalına nail olmaq mümkün olmayacaq”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə deyib ki, ölkə özünü yumurta ilə tam təmin etmədiyi üçün qiymətdə sabitlik yaratmaq mümkün olmayacaq.

“Ona görə mümkün olmayacaq ki, indiki istehsal iki dəfə artırılmalıdır, bu isə mümkün deyil. Hətta istehsalı iki dəfə artırmaq mümkün olsa belə əlavə istehsal müəssisələrinin yaradılması, vasitələrinin əldə edilməsi üçün avadanlıqlar xaricdən gətirilməlidir. Bu amil istər-istəməz maya dəyərinin artırılmasına təsirini göstərir. Nəticədə Azərbaycanın istehsal etdiyi yumurta rəqabət qabiliyyətinə malik olmur. Beləkliklə, qiymətdə kəskin ucuzlaşma, yaxud bahalaşma baş verir. Hökumət inzibati üsullara əl atanda qiymət endirilir, amma bir müddət sonra qazanc əldə etmək istəyənlərin təsirindən qiymət bahalaşır”.

Vahid Məhərrəmov hesab edir ki, sadaladığı amillər səbəbindən yaxın zamanlarda yumurtanın qiymətində sabitliyi müşahidə olunmayacaq.

“Amma bir amil də var, hökumət heç olmasa yem komponentlərinin daxildə istehsalına nail olsa, qiymətə müsbət təsir göstərər. Ümumiyyətlə, yumurtanın maya dəyərində 65-70 faiz istifadə olunan yemin qiyməti oturub. Bunun üçün daxildə istehsalı artırmaq mümkündür”.

Ana səhifəXəbərlər”Azərbaycan özünü yumurta ilə təmin edə bilmir”