”Azərbaycan ötən ”Əsrin Müqaviləsi”ndən 130 milyard dollarlıq mənfəət nefti götürüb”

Parlament “Yeni Əsrin Müqaviləsi”ni təsdiqlədi

Source:


Parlament “Yeni Əsrin Müqaviləsi”ni təsdiqlədi

“Belə müqavilələr imzalanan zaman çoxları onları röya adlandırırdı. Lakin tarix həmin şəxslərin düşüncəsinin xülya olduğunu sübut etdi”.

Deputat Siyavuş Novruzov belə deyib.

Oktyabrın 31-də Milli Məclisin plenar iclası olub. İclasda “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə bir sıra xarici şirkətlər (Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O.) arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirə edilib.

Siyavuş Novruzov

Siyavuş Novruzov deyib ki, vaxtilə bu müqavilələri bəyənməyənlər, eyni zamanda, onun səmərəli olmasını deyənlər arasında hazırda Milli Məclisdə oturanlar da var:

“Onların içərisində prezidentliyə namizədlər də olub. Tarix sübut etdi ki, həmin şəxəslərin düşüncəsi yalnışdır. Azərbaycanın ümumilli lderinin uzaqgörən siyasəti 25 ildən sonra həmin şəxslərə başa saldı ki, bəzi addımlar nə qədər duzgün və vaxtında atılıb. Bu, özü çox yaxşı haldır. Onlar başa düşdü ki, Azərbaycan hakimiyyəti düzgün addım atır”. Layihə barədə məlumat verən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov sazişin əsas mətninin bu gün qüvvədə olandan fərqlənmədiyini deyib:

“Amma sazişə bəzi əlavələr edilib. İlkin layihənin icrası müddətində Azərbaycan tərəfə 130 milyard dollara yaxın mənfəət nefti çatıb. Bu müddət ərzində podratçı şirkətlər tərəfindən mənfəət vergisi 15 milyard dollara yaxın olub. Dövlət Neft Şirkətinin törəmə şirkəti olan ACG 6 milyard dollara yaxın mənfəət əldə edib. Kontrakt sahəsi üzrə texnoloji ehtiyaclar üzrə işlənməmiş 42 milyard kubmetrə yaxın qaz çatdırılma məntəqəsində Azərbaycan hökumətinə təhvil verib. Bu, mövcud qiymətlərlə bir neçə milyard dollar edir. Bu günə mövcud kontrakt sahəsində çıxarıla bilən ehtiyatların həcmi 500 mln. tona yaxındır. Qiymətləndirmələrdən sonra bu ehtiyatın daha çox olacağı gözlənilir. Kontrakt sahəsində qalan neft ehtiyatlarını hasil etmək üçün 33 milyard dollardan artıq vəsait tələb olunur. 1994-cü ildə imzalanmış sazişin bitməsinə hələ 7 il qalır. Bu müddətə podratçı şirkətlər tərəfindən böyük vəsait qoymaq mümkün olmazdı. Çünki 7 ilə qoyulan xərcləri geri qaytarmaq mümkün deyil. Layihə çərçivəsində tədqiqatlar üzrə işlərə 2019-cu ildə başlansa, yalnız 2023-cü ilin ortalarında neft hasil edilə bilər. Hazırkı sazişin qüvvədə olma müddəti isə 2024-cü ilədəkdir. Buna görə də sazişin yenilənməsinə ehtiyac var idi”.

V. Ələsgərov qeyd edib ki, podratçı şirkətlər tərəfindən 3 milyard 600 milyon dollar bonus ödəniləcək. Onun sözlərinə görə, illik 8 bərabər hissələrlə, yəni hər il 450 mln. dollar bonus ödəniləcək.

Sazişin digər şərtlərinin mövcud sənəddə olduğu kimi eyni qaldığını deyən V.Ələsgərov bildirib ki, yeni saziş 2049-cu il dekabrın 31-dək qüvvədə olacaq.

“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş 1994-cü ilin sentyabrın 20-də imzalanıb. 1995-ci ildən 2017-ci ilə qədər bu saziş çərçivəsində ümumi xərclər 43,5, əsaslı xərclər isə 35 milyard dollar olub.

Ana səhifəXəbərlər”Azərbaycan ötən ”Əsrin Müqaviləsi”ndən 130 milyard dollarlıq mənfəət nefti götürüb”