Azərbaycan ordusu Kəlbəcər istiqamətində daha bir əsgərini itirib (yenilənib)

Foto: By ffikretow/Shutterstock

***

Ermənistan ordusunun 1 əsgərinin yaralandığı deyilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirib ki, 2003-cü il təvəllüdlü Senik Saakyan ağır yaralanıb: “Əsgərin durumu çox ağır qiymətləndirilir”,-deyə nazirlik vurğulayıb.

***

Müdafiə Nazirliyi hadisənin gecə saatlarında baş verdiyini deyir

Dekabrın 8-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan ordusunun əsgəri həlak olub.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

“Dünən gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində əsgər Asif Əliyev şəhid olub”, – məlumatda deyilir.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”,-deyə MN qeyd edib.

Ötən ay da Azərbaycan ordusunun iki hərbi qulluqçusu Kəlbəcər rayonunun kəndləri istiqamətində gedən atışmada yaralanmışdı.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb.

Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətAzərbaycan ordusu Kəlbəcər istiqamətində daha bir əsgərini itirib (yenilənib)