Azərbaycan ordusu daha bir əsgərini itirdi

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini Həsənəli Abbasovun həlak olduğu bildirilir

Source:
Abbasov Həsənəli Çingiz oğlu
Abbasov Həsənəli Çingiz oğlu

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini Həsənəli Abbasovun həlak olduğu bildirilir

Martın 11-nə keçən gecə sərhəd bölgəsində baş verən atışma zamanı Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini, əsgər Həsənəli Çingiz oğlu Abbasov həlak olub.

Bu barədə məlumatı adının açıqlanmasını istəməyən mənbə verib. Daha iki əsgərin yaralı olduğu bildirilir.

Yuxarı Öysüzlü kənd bələdiyyəsinin sədri Rüstəm Yusifov faktı Meydan TV-yə təsdiqləyib:

“Bəli, Həsənəli Abbasov şəhid olub. Bizə xəbər veriblər, amma hələ cənazə kəndə gətirilməyib”.

Hazırda təqaüdə çıxdığını deyən kəndin keçmiş icra nümayəndəsi Əlixan Məmmədov da H.Abbasovun həlak olması xəbərini təsdiqləyib.

Müdafiə Nazirliyinin rəsmi saytında ötən gecə atəşkəs rejiminin ümumilikdə 110 dəfə pozulduğu, işğal altında olan yüksəkliklərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu bildirilib. Lakin ölən və yaralılar haqqında məlumat yoxdur.

Ana səhifəXəbərlərAzərbaycan ordusu daha bir əsgərini itirdi