Azərbaycan Olimpiadaya dünya yığması ilə gedir

Lisenziya qazanmış 55 idmançıdan 31-nin legionerdir

Source:


Lisenziya qazanmış 55 idmançıdan 31-nin legionerdir

Rio-de-Janeyroda keçiriləcək Olimpiadanın startına təxminən bir ay qalır. Avqustun 5-də planetin ən böyük idman yarışına start veriləcək.


Bu rəqəmlər reallığın göstəricisi olsaydı…

Azərbaycan Olimpiadaya 55 lisenziya qazanıb. Ölkə Braziliyada 17 idman növündə təmsil olunacaq. İdman növlərinin sayı 18-də ola bilərdi. Ancaq Azərbaycanın ağırlıqaldıranlarından götürülən dopinq-testlər müsbət nəticə verdiyinə görə, Braziliyada bu idman növündə təmsilçi olmayacağıq. Cəza 4 lisenziyanı itirməklə nəticələnib. Ancaq Azərbaycan kimi kiçik ölkələr üçün 17 idman növündə 55 idmançı ilə təmsil olunmaq da böyük rəqəmdi. Sadəcə, bu rəqəmlər reallığın göstəricisi olsaydı. Olimpiadada elə idman növləri var ki, orda təmsil olunmaq yalnız simvolik göstərici sayılacaq.  Yəni Azərbaycanın bu idman növlərində medal qazanmaq şansı yoxdur. Bu idman növlərində təmsil olunmağımız siyasi hakimiyyətə “Azərbaycan idman ölkəsidir” görüntüsü yaratmaq üçün lazımdır.


Kağız üzərində olan idman siyasəti

İndi isə Azərbaycanı Olimpiadada təmsil edəcək idmançıların siyahısına diqqət ayıraq. Olimpiadada Azərbaycanın şərəfini qoruyacaq 55 idmançının təxminən 60 faizi – 31 nəfəri milliləşdirilmiş legionerlərdi. Xüsusən də Azərbaycanda ənənəsi olmayan idman növlərindəki təmsilçilərimizin hamısı əcnəbilərdi. Bu idmançıları tanıyaq:

Albert Səlimov (boks, Rusiya), Lorentso Sotomayor (boks, Kuba), Abdulkadir Abdullayev (boks, Rusiya), Məhəmmədrəsul Məcidov (boks, Rusiya), Yana Alekseyevna  (boks, Ukrayna), Anna Skidan (yüngül atletika, Ukrayna),  Hayle İbrahimov (yüngül atletika, Efiopiya), Aleksandr Aleksandrov (akademik avarçəkmə, Bolqarısatn),  Boris Yotov (akademik avarçəkmə , Bolqarısatn), Valentin Demyanenko (avarçəkmə,  Ukrayna),  İnna Osipenko-Rodomska (avarçəkmə, Ukrayna), Yure Meqliç (avarçəkmə, Sloveniya),  Sabah Şəriəti (güləş, İran), SamanTəhmasibi(güləş, İran), Mariya Stadnik (güləş, Ukrayna), Anjela Doroqan (güləş, Moldova), Yuliya Ratkeviç (güləş, Belarus), Məhəmmədhacı Xatiyev (güləş, Rusiya),  Xetaq Qazyumov (güləş, Rusiya), Cəmaləddin Məhəmmədov (güləş, Rusiya), Marina Durunda (gimnastika, Ukrayna), Oleq Stepko (gimnastika, Ukrayna), Petro Paxnyuk (gimnastika, Ukrayna), Radik İsayev (taekvondo, Rusiya), Milad Beigi Harçeqani (taekvondo, İran), Patimat Abakarova (taekvondo,  Rusiya), Olqa İsmayılova (velosiped, Belarus), Yelena Pavluxina (velosiped, Ukrayna), Maksim Şemberev (üzgüçülük  Ukrayna), Rostislav Pevtsov (triatlon, Ukrayna), Olqa Senyuk (kamandan oxatma, Ukrayna).

31 milliləşdirilmiş legioner 9 ölkənin – Rusiya, Ukrayna, Belarus, İran, Moldova, Efiopiya, Kuba, Sloveniya və Bolqarıstanın yetişdirdiyi idmançılardı. Bu, nəyin göstəricisidir?

İlk baxışdan belə nəticəyə gəlmək olur ki, lisenziya qazanmış 55 idmançıdan 31-nin legioner olması Azərbaycanda idman siyasətinin yoxluğunun  bariz nümunəsidir. Dəfələrlə idman mütəxəssisləri ölkə mediasına deyib ki, ölkədə idman sahəsinə ayrılan vəsait heç bir strategiyaya əsaslanmadan xərclənib. Bu sahəyə cavabdeh şəxslər sabahı yox, bu günü düşünüblər. Onlar üçün prioritet vəzifə  xaricdən hazır idmançılar cəlb edərək, medal qazanmaq və yuxarı dairələrdən “sağ ol” kəlməsini eşitmək olub. Ancaq vəsaitin bu şəkildə xərclənməsində də xaos aşkar hiss olunur.


Ənənəvi idman növləri də legionerlərə möhtacdır

Azərbaycanda ənənəsi olmayan idman növlərində (avarçəkmə, oxatma, yüngül atletika, velosiped) təmsil olunmaq üçün xaricdən dəvət olunan 3-4-cü dərəcəli idmançılara pul xərclənməsinin heç bir izahı yoxdur. Ölkənin idman strategiyası olsaydı, bu vəsait Azərbaycanda köklü ənənələri olan idman növlərinin (güləş, cüdo, boks, ağır atletika, taekvando) inkişafına ayrılardı.  Azərbaycan idmanında durum elə bir vəziyyətə çatıb ki, ölkə hətta ənənəvi idman növlərində də milliləşdirilmiş legionerlərin ümidinə qalıb. Boksda əldə etdiyimiz 10 lisenziyanın 5-ni əcnəbilər qazanıb. Güləşdə isə durum, ümumiyyətlə, biabırçı həddədir. Bu idman növündə 14 lisenziya əldə etmişik ki, onun da 8-i milliləşdirilmiş legionerlərə məxsusdur.  Vaxt var idi ki, SSRİ boyda ölkənin güləş yığmasının əsasını azərbaycanlı idmançılar təşkil edirdi. İndi isə Azərbaycan Rusiya və Ukraynanın yetişdirdiyi idmançılara möhtac qalıb.


Ermənilərin rişxəndinə nə ilə cavab veriləcək?

Belə idman siyasəti ilə kimisə heyrətləndirmək də mümkünsüzdür. Əksinə, bu siyasətin mahiyyətindən xəbərdar olanlar Azərbaycanı ələ salan məqalələr dərc edirlər. O cümlədən Ermənistan da. Artıq Ermənistan mətbuatında (

http://fmgnews.info/48411-azerbaydzhan-ne-imeet-ne-tolko-istoriyu-kulturu-no-i-sport.html

) Azərbaycanı Olimpiadada təmsil edəcək idmançıların siyahısı dərc olunur və ölkənin idman strategiyasına rişxənd edilir. Ölkənin böyük potensialı, bəlli idman növlərində ənənələri olduğu halda, bu məqamlardan yararlanmayaraq, milliləşdirməyə üstünlük verən idman funksionerləri ermənilərin rişxəndinə nə ilə cavab vermək istəyirlər, Olimpiadada legionerlərin hesabına qazanılacaq medallarla?

Ana səhifəXəbərlərAzərbaycan Olimpiadaya dünya yığması ilə gedir