“Azərbaycan” nəşriyyatı qiyməti artırdı

Rahim Hacıyev: “Qiymətin artırılmasını çıxış yolu kimi qiymətləndirməsək də, yaranmış vəziyyətdə mümkün variant hesab edirik”

Ələsgər Süleymanov: “İndiki vəziyyətdə çıxılmaz durumdayıq”

Source:


Rahim Hacıyev: “Qiymətin artırılmasını çıxış yolu kimi qiymətləndirməsək də, yaranmış vəziyyətdə mümkün variant hesab edirik”


Ələsgər Süleymanov: “İndiki vəziyyətdə çıxılmaz durumdayıq”

“Azərbaycan” nəşriyyatı martın 1-dən çap xərclərini 20 faiz artırıb.

Nəşriyyatın baş direktorunun müavini Bəsti İsmayılova “Amerikanın Səsi”nə bildirib ki, nəşriyyat xərclərinin 20 faiz artırılması ilə bağlı nəşriyyatda yerləşən redaksiyalara xəbərdarlıq məktubu ünvanlanıb.

Nəşriyyat qərarın verilməsini ölkəyə gətirilən bütün növ poliqrafiya materiallarının qiymətlərində kəskin artımın olması ilə izah edir.

“Azadlıq” qəzetinin baş redaktourunun birinci müavini Rahim Hacıyev Meydan TV-yə deyib ki, vəziyyətdən minimum itkilə çıxış yolunu qəzetinin qiymətinin artırılmasında görür.

Onun sözlərinə görə, son illər qəzet yayımına yaradılan ciddi problemlər, reklamın, ümumiyyətlə, olmaması vəziyyətlərini ağırlaşdırıb.

“Manatın devalvasiyasının nəticəsi kimi meydana çıxan qiymət artımı vəziyyətin daha da pisləşməsinə gətirib çıxacaq. Mövcud vəziyyət fəaliyyətimizi davam etdirmək üçün çox effektiv də olmasa, müəyyən variantları nəzərdən keçirməyi tələb edir. Onlardan biri də qəzetin qiymətinin artırılmasıdır. Biz bunu çıxış yolu kimi qiymətləndirməsək də, yaranmış vəziyyətdə mümkün variant hesab edirik”, – Rahim Hacıyev belə deyib.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov Meydan TV-yə deyib ki, nəşriyyatın qərarı onlar üçün gözlənilməz olub: “Artıq fakt qarşısında qalmışıq, çünki martın 1-dən çap xərclərinin 20 faiz artırıldığı elan olunub”.

Qəzetin satış qiymətinin artırılmasına gəlincə, cənab Süleymanov deyib ki, bu addım onsuz da qəzetlərin pis durumunu daha da ağırlaşdıracaq. Özünü maliyyələşdirən qəzetlərin hamısının nəşriyyata borcu var. Səbəb də satış hesabına özünü dolandıra bilmədiyindən çap xərclərini zamanında ödəməməkdir. Belə bir vəziyyətdə çap xərclərinin artırılması qəzetlərin sıradan çıxarılmasıdır. “Qiymət artımını isə 1 il əvvəldən düşünsək də, indiki məqamda bu da çıxış yolu deyil, onsuz da hər şeyin qiyməti artır. Düzdür, alternativ mətbəələr barədə də fikirləşirik, buna gedilsə, ən böyük nəşriyyat olan “Azərbaycan” müflis olacaq. İndiki vəziyyətdə çıxılmaz durumdayıq, bir tərəfdən nəşriyyatın halına acıyırıq, onun məhv olmasını istəmirik, başqa tərəfdən isə özümüzü xilas etmək barədə düşünməliyik. Amma nə başqa mətbəəyə getmək, nə də qiymət artımı haqda qərarımız yoxdur. Bütün hallarda həmkarlarımızla vəziyyəti müzakirə edib yekun qərar verəcəyik”.

Ana səhifəXəbərlər“Azərbaycan” nəşriyyatı qiyməti artırdı