”Azərbaycan nefti korrupsiya şəraitində məmur kapitalına çevrildi”

2 milyard ton neft hasilatı Azərbaycan vətəndaşına nə verdi?

Source:
Neft
Neft


2 milyard ton neft hasilatı Azərbaycan vətəndaşına nə verdi?

Azərbaycan artıq 2 milyard ton neft hasilatını keçib. “Report” yazır ki, noyabrın 8-də bununla bağlı tədbir də

keçirilib.

Mərasimdə prezident İlham Əliyev iştirak edib.

Azərbaycan neftini özü ixrac etsə…

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir, Sovetin dağılması ərəfəsində insanlar arasında belə bir fikir vardı ki, Azərbaycan neftini özü ixrac etsə, insanları varlanacaq, xoşbəxt yaşayacaq, iqtisadiyyatı güclənəcək. İqtisadçı bu kimi fikirlərin özünü doğrultmadığını düşünür:

“2 milyard ton neft 14 milyard 280 milyon barel deməkdir. Azərbaycan müstəqillik illərində 700 milyon ton neft çıxarıb (5 milyard barel). Bu nefti biz hazırkı məzənnə ilə dəyərləndirsək, 314,8 milyon dollar edir. Bunun 33 milyon dolları xərcə gedib. Yerdə qalan 281,8 milyon dollar isə xalis mənfəətdir. Bunu bugünkü qiymətlərlə hesablamışam. Hazırda dünya bazarında neftin 1 bareli təxminən 61 dollardır. Ancaq biz Azərbaycan neftinin 147, 120, 110 dollara satılmasının da şahidi olmuşuq”.

Neftdən hər vətəndaşa 36 min manat düşə bilərdi

İqtisadçı devalvasiyadan öncə Azərbaycan neftinin qiymətinin bugünkü qiymətlə müqayisədə 2-3 dəfə çox olduğunu deyir:

“Hətta bugünkü qiymətlərlə hesablasaq, Azərbaycanın əldə etdiyi gəlir 211 milyon 405 min dollar edir. Bu, Azərbaycan dövlətinə çatan gəlirdir. Çünki bilirsiniz ki, əldə edilmiş gəlirin 75 faizi dövlətə, qalan 25 faizi şirkətlərə çatır. Mən şirkətlərin payını kənara qoyandan sonra dövlətin müstəqillik illərində neft hasilatından əldə etdiyi qazancı hesablayıb, deyirəm. 211 milyon 405 min dolları hazırkı məzənnə ilə manata çevirəndə təxminən 360 milyon manat edir. Bu vəsaitin Azərbaycan vətəndaşları arasında bölsək, hər bir vətəndaşa 36 min düşür”.

Qubad İbadoğlu

Hər ailəyə 160 min manat düşürdü

Qubad İbadoğlu deyir ki, nəzərə alınmalıdır ki, orta statistik azərbaycanlı ailəsi 4-5 nəfərdən ibarət olur. Belə olanda da hər ailəyə neftdən 160 min manat gəlir düşürdü:

“Dövlət əldə etdiyi gəliri vətəndaşları ilə paylaşsaydı, bu, birbaşa gəlir olacaqdı. Belə bir praktika dünyada var, ancaq Azərbaycanda tətbiq olunmadı”.

Neft Azərbaycan iqtisadiyyatına nə verə bilərdi?

İqtisadçı Azərbaycandakı iqtisadi azadlıq indeksinə diqqət çəkir. Deyir, təbii neft gəlir gətirir. Bu gəlir iqtisadi reformalar üçün maliyyə təminatı rolunu oynaya bilir.

Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı indiyə qədər liberal ölkələr siyahısında yoxdur:

“Azərbaycan iqtisadiyyatının azadlıq dərəcəsi dünya ölkələri arasında 68-ci yerdədir. Qonşu Gürcüstan 13-cü yerdə qərarlaşıb. Azərbaycan eyni zamanda, zəngin neft erası dövründə ciddi korrupsiya problemləri ilə də qarşılaşdı. Beynəlxalq Şəffaflıq Cəmiyyətinin apardığı araşdırmalar göstərdi ki, Azərbaycan dünyanın 123 ən yüksək korrupsiya səviyyəsi olan ölkələrindən biridir. Azərbaycanın korrupsiya indeksini Gürcüstanla müqayisə edək. Qonşu ölkə 57-ci yerdədir. Azərbaycanla təxminən eyni yerdə qərarlaşan ölkələrdən biri də Rusiyadır. Bu ölkənin korrupsiya indeksi 131-ci yerdədir”.

Qubad İbadoğlu bu illər ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən də danışıb. Deyir, məsələn, Beynəlxalq Rəqabətlik və Biznesə Başlama İndekslərinə inansaq, Azərbaycan həm Gürcüstan, həm Qazaxıstan, həm də Rusiyadan öndədir. Bu göstəricilərə görə, Azərbaycan dünyada 35-ci yerdədir.

Azərbaycan nefti insanların inkişafına yönəlmədi, insan kapitalına yatırılmadı

İqtisadçı bildirir ki, iqtisadiyyatın modernləşdirilməsi üçün innovasiyalar çox vacibdir. Qlobal İnnovasiya İndeksinə görə, Azərbaycan dünyanın 82-ci ölkəsidir. Qazaxıstan bu göstəricidə 78, Rusiya 45, Gürcüstan isə 68-ci yerdə qərarlaşıb:

“İnsanın İnkişaf İndeksi Azərbaycan neftinin insan kapitalına çevrildiyini xarakterizə etmək üçün əsas göstəricilərdən biridir. Çünki Azərbaycan nefti ilə bağlı istənilən strategiyada bu məqsəd önə çəkilib ki, biz Azərbaycan neftini ölkə vətəndaşlarının inkişafına sərf edəcəyik. Yəni neftdən gələn gəlir insan kapitalına yatırılacaq. Bu da insanın inkişafında əksini tapır. İnsanın İnkişaf İndeksinə görə, Azərbaycan dünyada 78-ci yerdədir. Rusiya bu göstəriciyə görə 45, Qazaxıstan 56, Gürcüstan isə 70-ci yerdə qərarlaşıb. Bu, o deməkdir ki, Azərbaycan nefti insanların inkişafına yönəlmədi, insan kapitalına yatırılmadı. Azərbaycan nefti korrupsiyanın mövcud olduğu bir şəraitdə məmur kapitalına çevrildi. Bu, gizli iqtisadiyyatın Azərbaycanın ümumi iqtisadiyyatında payı ilə xarakterizə olunur. Gizli iqtisadiyyatın Azərbaycanın Ümumi Daxili Məhsulunda payı 67 faizdir. Bu da, o deməkdir ki, əldə edilən gəlirlərin böyük bir hissəsi qeyri-formal iqtisadiyyatda istifadə olunur, korrupsiyanın yeminə çevrilir. Nəticədə məmur kapitalının genişləndirilməsinə gətirib çıxarır”.

Kasıb Gürcüstanda sosial inkişaf göstəriciləri Azərbaycandan yüksəkdir

Qubad İbadoğlu deyir ki, Azərbaycan vətəndaşlarının sosial inkişaf səviyyəsi də qənaətedici deyil. Çünki Sosial İnkişaf İndeksinə görə, Azərbaycan dünyada 76-cı yerdədir:

“Bu göstəriciyə görə, Rusiya 67, Qazaxıstan 74, Gürcüstan isə 53-cü yerdə qərarlaşıb. Nefti olmayan, kasıb Gürcüstanda sosial inkişaf göstəriciləri Azərbaycanla müqayisədə daha yüksəkdir. Bu, beynəlxalq reytinq cədvələrində də var.

Azərbaycan vətəndaşı özünü xoşbəxt hesab edirmi?

İqtisadçı Xoşbəxtlik İndeksindən də danışıb. Deyir, bu göstərici də hər il açıqlanır. Azərbaycan vətəndaşları Xoşbəxtlik İndeksinə görə, dünyada 85-ci yerdədir. Rusiya 9, Qazaxıstan isə 60-cı yerdə qərarlaşıb:

“Çıxarılan 2 milyard tonluq (5 milyard barel) neft Azərbaycan vətəndaşlarını xoşbəxt edə bilmədi. Odur ki, bundan sonra Azərbaycanın gələcəyini neftə bağlamaq, bundan sonrakı 25 ildə neft hasilatını önə çəkmək, nefti iqtisadiyyatda əsas sektora çevirmək yanlışdır. Bu səhv təkcə Azərbaycan vətəndaşlarına deyil, bütövlükdə ölkədəki sahibkarlara, dövlət maraqlarına ziddir. Bu yanlış siyasətdən çəkilmək, Azərbaycan iqtisadiyyatını bu vəziyyətdən çıxarmaq, iqtisadiyyatın gələcəyini vətəndaşlar, sahibkarlar üçün önəmli olan istiqamətə yönəltmək lazımdır”.

Ana səhifəXəbərlər”Azərbaycan nefti korrupsiya şəraitində məmur kapitalına çevrildi”