Gələn ildən etibarən mərmi istehsalına başlanılacaq
Azərbaycan NATO ölkələrindən birinə 100 pilotsuz uçan aparat göndərmək niyyətindədir. Bu barədə bu gün müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ölkənin müdafiə sənayesi müəssisələrində 51 istehsalat sahəsi fəaliyyət göstərir. Bu ilin sonunadək beş yeni zavodun və yeddi yeni istehsalat sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
Həmin zavodlarda 40-46 mm. kalibrli qumbaraatanların, həmçinin onlar üçün hərbi sursatların istehsalına başlanılacaq.
Bundan əlavə, M-6, M-12 partlayıcı maddələr və U-25 hərbi sursatlarının istehsalı üzrə zavod fəaliyyətə başlayacaq. Bununla yanaşı 5,45 mm.-dən 30 mm.-dək kalibrli atıcı silahların bütün növləri üçün patron istehsalına başlanılacaq.
“Bütün bunlar bizim ordu üçün mühüm önəm daşıyır”, – nazir vurğulayıb.
O qeyd edib ki, 2015-ci il birinci kvartalın sonunadək Azərbaycanda tanklar və artilleriya sistemləri üçün 55 mm.-dən 100 mm.-dək kalibrli mərmi istehsalına başlanılacaq.
Beləliklə, Azərbaycan demək olar ki, milli ordunun hərbi sursata, tank və artilleriya üçün mərmiyə olan tələbatını tam təmin etmiş olacaq.