“İttifaqa daxil olduqdan sonra Moskva yavaş-yavaş, amma doğru bir şəkildə Azərbaycanı Rusiyaya bağlayacaq”
Bir çox qərb analitikləri üçün Bakının Moskva ilə yaxınlaşmaq strategiyasın diqqət mərkəzindədir. “Turan İA”-ın Vaşinqton müxbiri Ostin Universitetinin Cənubi Qafqaz regionları ilə bağlı məsələlərlə də məşğul olan eksperti Maykl Tkaçikdən müsahibə götürüb.
Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ehtimalı haqqında məlumatları şərh edən Tkaçik qeyd edib ki, Avrasiya İttifaqı ideyası Rusiyanın regionda üstün rolunu təsdiq etmək cəhdidir.
Göründüyü kimi, Azərbaycan Qarabağ probleminin həllinin, daha doğrusu, işğal edilmiş ərazilərinin bir hissəsinin qaytarılmasının müqabilində suverenliyinin bir hissəsini verməyə hazırdır. Bakı sövdələşməyə getmirsə, Rusiyanın artan təzyiqi ilə üzləşə bilər. Lakin Azərbaycan İttifaqa daxil olacaqsa, Rusiyanın vəziyyətin tənzimlənməsi istiqamətində işləyəcəyinə zəmanət lazımdır. Həm də bu siyasətin Azərbaycan üçün iqtisadi cəhətdən nə dərəcədə səmərəli olduğunu aydınlaşdırmaq lazımdır. Belə ki, Rusiya neft və qaz hasilatı və satışı ilə bağlı bütün məsələlərin, o cümlədən boru kəmərlərinin çəkilməsinin onunla razılaşdırılmasına nail olmağa çalışacaq. Bu, Qərb şirkətləri ilə müqavilələrə zidd olacaq, belə ki, Moskva belə bir əməkdaşlığı məhdudlaşdıracaq ki, bu da Qərbin Azərbaycana qarşı sanksiyalarına səbəb ola bilər, analitik belə hesab edir. Bu yaxınlarda Rusiyanın müdafiə naziri Bakıda Xəzərdə kollektiv təhlükəsizlik sistemi, birgə hərbi təlimlər və s. haqqında məslə qaldırıb. Bu, Bakının Qərblə münasibətlərinin sərtləşdirilməsi, vətəndaş cəmiyyətinin boğulması fonunda baş verir.
Bu proseslərlə bağlı şərh verən Tkaçik deyib ki, bu təklifləri Bakı İttifaqa qoşulacağı təqdirdə, Moskvanın Azərbaycanda sabitliyi pozmayacağının və ya Azərbaycanın maraqlarına toxunmayacağının zəmanəti kimi qiymətləndirmək olar. Yəni Azərbaycan bu əminliyin müqabilində müstəqiliyindən müəyyən dərəcədə imtina edir.
“Amma Rusiya ilə istənilən sövdələşmə “Faust sövdələşməsi”dir. İttifaqa daxil olduqdan sonra Moskva yavaş-yavaş, amma doğru bir şəkildə Azərbaycanı Rusiyaya bağlayacaq. Azərbaycan yenidən Rusiyanın təhlükəsizlik maraqlarından və hərbi-sənaye kompleksindən asılı vəziyyətə gələcək. Son nəticədə Bakı fəaliyyət azadlığının böyük hissəsini itirəcək”, – ekspert belə hesab edir.
“Bu yaxınlarda prezident Obama Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırıldığını bildirib, amma Bakı bunu inkar edərək, bu cür bəyanatları “daxili işlərə qarışmaq” adlandırıb. Bütün bunlar ikitərəfli münasibətlərin gələcəyinə necə təsir edəcəkmi” – sualına Tkaçik cavab verib ki, heç kim Azərbaycanda daha çox qanunun aliliyi, daha az korrupsiya və güclü vətəndaş cəmiyyəti olmalı olduğundan şübhə etmir. Eyni zamanda, Amerikada da həmişə tamahkar məqsədləri olan insanlar var. Onlar öz tamahları məqsədilə vəziyyəti sadələşdirir. Digər tərəfdə “bütün dünyanın bizə qarşı olduğunu” deyənlər də vəziyyəti sadələşdirir”.
“Rusiyanı problemlərin həllində açar hesab edənlər isə başa düşməlidirlər ki, bu, “Faust sövdələşməsi”dir”- amerikalı ekspert belə deyib.
“Qarabağ Azərbaycanın öz müstəqilliyini qurban verməsinə dəyəcək qədər əhəmiyyətlidirmi”- sualına Maykl Tkaçik “Bu, çox yüksək qiymətdir. Azərbaycanın Rusiyaya və Ermənistana birbaşa meydan oxumaq üçün müttəfiqi çatmır. Türkiyə potensial müttəfiqdir, İranla münasibətlər isə mürəkkəb olaraq qalır” cavabını verib.