"Tofiq Yaqubluya çıxarılan hökm qanunsuz və əsassızdır"
Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə Nizami Rayon Məhkəməsinin Tofiq Yaqublu barədə 3 sentyabr hökmü qanunusuz və əsassız hesab olunub.
Azərbaycan Milli Platforması bildirib ki, Tofiq Yaqublunun özü və vəkilləri tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılması üçün verdiyi vəsatətlər qəbul edilməyib, sübutlar araşdırılmayıb və nəticədə məhkəmə hökmünün qanuni və əsaslı olması barədə ciddi şübhələr yaranıb”.
Azərbaycan Milli Platforması hesab edir ki, Tofiq Yaqublu barədə çıxarılan hökm Azərbaycan Prezidentinin 10 Fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam ilə bəyan etdiyi yeni hüquq islahatları siyasəti ilə də ziddiyyət təşkil edir:
“Bundan əlavə, Tofiq Yaqublu 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə şücaəti ilə fərqlənib, Azərbaycanın ərazi bütövlüyü üçün heç bir tərəddüd etmədən ön cəbhədə döyüş əməliyyatlarında iştirak edib”.
Müraciətdə Tofiq Yaqublunun 7 gündür ki, aclıq aksiyası keçirdiyi xatırlanır: “Belə davam edəcəyi təqdirdə bu, onun səhhətində ciddi problemlər meydana gəlməsinə və nəticədə həyatına təhlükə yaratmasına səbəb olacaq. İndiki halda, Tofiq Yaqublu barəsində aparılmış istintaq, elan edilmiş ittiham və məhkəmə tərəfindən qəbul edilmiş hökm mövcud sistemdə islahata olan ehtiyacı bir daha göstərmiş oldu. Sizə ünvanladığımız bu məktubla Azərbaycan Konstitusiyasının verdiyi səlahiyyət əsasında Tofiq Yaqublunun azadlığa çıxması üçün qərar qəbul etməyinizi xahiş edirik”.
Nizami Rayon Məhkəməsi sentyabrın 3-də Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Hökmlə bağlı apelyasiya şikayəti verilib.
"Human Rights Watch", "Amnesty International" təşkilatları, ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri Tofiq Yaqublunun dərhal azad edilməsi ilə bağlı bəyanat yayıblar.