Azərbaycan mətbuatı birinci yarımildə: təzyiqlər, təhdidlər, zorakılıqlar…

Media, monticello/Shutterstock

““Media haqqında” Qanun təcili dəyişdirilməlidir”

“Azərbaycanda medianın durumu ilə bağlı ciddi irəliləyişlər nəzərə çarpmır. beynəlxalq qurumların reytinqlərində Azərbaycanın mövqeyi, demək olar ki, əvvəlki kimi qalır”.

Bu fikirlər Media Hüququ Qrupunun 2022-ci ilin yarımillik hesabatında əks olunub.

Hesabat müəllifləri “Sərhədsiz Reportyorlar” Təşkilatının son reytinqinə əsaslanaraq qeyd edirlər ki, əvvəlki illərlər müqayisədə cüzi irəliləyiş görünür:

“Həmin sənəddə Azərbaycan 180 ölkə arasında 154-cü yerdə göstərilir. 2020-ci ilin hesabatında Azərbaycan 168-ci pillədə idi”.

Media Hüququ Qrupu rəsmi mənbələrin qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin sayının 5000-dən artıq olmasını inandırcı saymır:

“Çünki rəqəm reallıqda fəaliyyət göstərənlərlə uyğunsuzluq təşkil edir”.

Mətbuat Şurası fəaliyyətsizdir və hökumətin nəzarətindədir”

Hesabatda media sahəsində özünütənzimləmə funksiyasını həyata keçirməli olan Mətbuat Şurasının fəaliyyətsizliyi, qurumun idarəçiliyinin yenilənmədiyi və hökumətin nəzarətində olduğu vurğulanır.

Bildirilir ki, hökumət çap və internet mediasına dəstək vermək məqsədilə 2021-ci ilin əvvəlində Media Agentliyini yaradıb:

“Əvvəl həmin agentliyin yerində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu fəaliyyət göstərirdi. Fondun bazasında yaradılan agentlik formaca yeni olsa da, məzmunca sələfindən fərqli görünmür. Dövlət büdcəsindən agentliyə maliyyə ayrılır, agentlik həmin maliyyəni qrant müsabiqələri vasitəsilə çap və internet mediası arasında bölüşdürür. Əvvəl çap mediası həmin maliyyədən asılı durumda idi, hazırda internet mediası da belə situasiya ilə üzləşib”.

Jurnalistləri qoruyan qanuni mexanizmlər işlək deyil”

“İnsidentlərin analizi göstərir ki, jurnalistlərin başlıca problemləri, onları qoruyan qanuni mexanizmlərin işlək olmamasıdır. Milli qanunvericilik jurnalist fəaliyyətini kənar müdaxilələrdən qoruyan tənzimləmələri nəzərdə tutur. Məsələn, peşə fəaliyyətini yerinə yetirən jurnalistə qarşı zorakılıq cinayət məsuliyyəti yaradır. Jurnalistə informasiya verməyən, informasiya sorğusunu cavablandırmayan ictimai informasiya sahiblərini inzibati məsuliyyət gözləyir. Ancaq bu normaların heç biri tətbiq edilmir” , – deyə Media Hüququ Qrupu bildirir.

“Digər diqqət çəkən problem, son aylarda böhtan və təhqirə görə, cinayət cəzaları müəyyən edən qanunlardan istifadənin yayğınlaşmasıdır. İnsidentlərin hədəfi bir qayda olaraq, müstəqil media və orda çalışan jurnalistlərdir. Yarımildə jurnalistlər 40 dəfədən artıq belə insidentlərlə üzləşiblər”, – deyə hesabatda vurğulanır.

Fiziki-psixoloji təzyiqərə gəlincə, ən azı 30 belə insidentin qeydə alındığı vurğulanıb:

“Yanvar ayının 7-də ictimai fəal Qiyas İbrahimin Prezident Sarayının qarşısında keçirdiyi etiraz aksiyasından informasiya toplayan jurnalistlər Ələkbər Azayev və Əminə Məmmədova polis əməkdaşlarının və mühafizəçilərin müdaxiləsi ilə üzləşib. 2 gün sonra bloger Əvəz Hafizli də şəhərin mərkəzində çəkiliş aparan zaman saxlanılıb. 9-cu polis bölməsinə aparılan jurnalist bir saat sonra sərbəst buraxılıb. Meydan TV-nin əməkdaşı Sevinc Vaqifqızı Bakının mərkəzində sorğu apardığı yerdə polis əməkdaşlarının maneçiliyi ilə üzləşib. Jurnalistə maneçilik yaradan polis əməkdaşları “Media haqqında” yeni qanunları əsas gətiriblər, jurnalistlərin istədikləri zaman bilgi toplamaq haqlarının məhdudlaşdırıldığını ifadə ediblər”.

“Fevral ayında Prezident Sarayının yaxınlığında bir qrup vətəndaşın keçirmək istədikləri aksiyadan informasiya toplayan jurnalistlər Fatimə Mövlamlı və Azel.tv-nin əməkdaşı Sevinc Sadıqovanı polis əməkdaşları saxlayıblar. Prezident Sarayının yaxınlığına toplaşan bir qrup narazı fəhlənin şikayətlərini lentə alan jurnalistlər – “Kanal 13″ və “Azad söz” internet kanallarının əməkdaşları Günel Əliyeva və Vüsalə Nəciyeva rəsmilərin zorakı davranışına məruz qalıb. Jurnalist Təzəxan Mirələmli Abşeron rayonunda peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlə üzləşib. Reportyor Nurlan Qəhrəmanlı (Libre) Bakı metrostansiyasında çəkiliş apararkən, polislər tərəfindən saxlanılıb”, – hesabat müəllifləri qeyd ediblər.

Hesabatda zorakılıq hallarına yol verildiyi də əksini tapıb:

“Jurnalist Nərgiz Absalamova “Koroğlu” metrosu yaxınlığında çəkiliş aparan zaman polisin müdaxiləsi ilə üzləşib. “Toplum TV” internet televiziyasının Vüsalə Mikayıl və Nuray Kamal Yasamal rayonu ərazisində peşə fəaliyyətlərini həyata keçirərkən zorakı davranışa məruz qalıblar. Mart ayında Rusiyanın Azərbaycandakı Səfirliyinin qarşısında keçirilən aksiyadan reportaj hazırlamaq istəyən jurnalistlər Gülnaz Qənbərli, Təbriz Mirzəyev, Dilarə Qəzənfərqızı polis əməkdaşları tərəfindən saxlanılıb”.

Jurnalistlər yenə prokurorluğa çağırılır

Eyni zamanda, bu ilin əvvəlində jurnalistlərin, media rəhbərlərinin prokurorluq orqanlarına çağırılması da hesabata salınıb:

“Baş Prokurorluq bir neçə jurnalistə və mediaya yazdıqları və ya yaydıqları məqalələrə görə, xəbərdarlıq edib. “Jamaz.info” saytının baş redaktoru Fikrət Fərəməzoğlu, “yeniavaz.com xəbər saytının rəhbəri Anar Qaraxançallı, hərbi mövzularda yazıları ilə tanınan jurnalist Səxavət Məmmədov, “olke.az”, “manevr.az”, “gazet.az” və “manset.az” saytlarının rəhbərləri Baş Prokurorluğa çağırılıblar”.

Hesabatda ən qorxunc olayla məhkəmələrdən reportajları ilə tanınan jurnalist, Azadlıq Radiosunun əməkdaşı Aytən Məmmədovanın üzləşdiyi qeyd olunub:

“Kimliyi hələ də müəyyən edilməmiş şəxs Aytən Məmmədovaya bıçaqla hücum edib, onu azyaşlı qızı ilə hədələyib. “Missiya TV” internet televiziyasının əməkdaşı Ceyhun Musaoğlu da aparıcısı olduğu proqramdakı çıxışına görə təhdid olunub. “Meclis.info” saytının təsisçilərindən İmran Əliyevin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilib. “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovsa Bakı şəhərinin mərkəzində, ailəsinin yanında təhdid olunub. Azərbaycandan mühacirət etmiş bloger, “Azad Söz” kanalının rəhbəri Tural Sadıqlı da ölümlə təhdid olunduğunu bəyan edib”.

Yeni qanunun ümumi mətni mücərrəd, anlayışlar dolaşıqdır”

Media Hüququ Qrupu əvvəlki illərlə müqayisədə yayğın olmasa da, jurnalistlərə qarşı şübhəli cinayət işlərinin açıldığını bildirirlər.

Qrup bu il üçün ən nəzərəçarpan hadisə kimi “Media haqqında” Qanunun qüvvəyə minməsini göstərib:

“İctimai müzakirə testindən keçmədən, media azadlığı ilə bağlı konstitusional və konvensional şərtlərə qətiyyən uyğun gəlməyən yeni qanun fevral ayında qüvvəyə minib. Qanunun ümumi mətni mücərrəd, anlayışlar dolaşıqdır, media, jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirmək məzmunu daşıyır”.

Media Hüququ Qrupu tövsiyə edir ki, qanunun tətbiqi dayandırılmalı, yeni qanun hazırlanmalıdır:

“Bu, mümkün olmazsa, qanunun media azadlığına açıq-aşkar buxovlayıcı təsir göstərən müddəaları (həmin müddəalar Avropa Şurası Venesiya Komissiyasının hüquqi rəyində şərh edilməklə göstərilib) təcili dəyişdirilməlidir”.

22 iyul Azərbaycan milli mətbuatının yaranması günü kimi qeyd olunur. Hesabat da məhz mətbuat gününəqədərki dövrü əhatə edir.

Azərbaycanda ilk mətbuat orqanın əsası 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərlik etdiyi “Əkinçi” qəzeti ilə qoyulub.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görüb.

Azərbaycan yenidən müstəqillik qazanandan sonra – 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Ana səhifəSiyasətAzərbaycan mətbuatı birinci yarımildə: təzyiqlər, təhdidlər, zorakılıqlar…