Feminizmin nə olması barədə araşdırmalar var. Google-danca tapıb oxumaq olar. Ona görə də yazımın daha ağırçəkili görünməsi xətrinə müəllif adları altında, linklərlə, kitab adları ilə yükləyib sizə də əziyyət verməyəcəyəm. Sizə feminizmi daha sadə yolla anladıb, xüsusən də, bunun tətbiqinin nəticəsini təcrübəmdə göstərməyə çalışacağam. Cəmi bir-iki misal.
Feminizm qadınlarla kişilərin bərabər olması haqqında yüksək səsli iddiadır. Vəssalam. Özünüzü çox dağa-dərəyə salmayın.
Bəzən radikal feministlər çıxır, mənasız iddialar atırlar ortaya, mənə onlar maraqlı deyil, kimə maraqlıdırsa, onlarla məşğul olsun.
Mənə maraqlı olan cinsi bərabərlikdir. Bu da feminizmin əsas qayəsidir. Hərfbəhərf tərcüməyə qaçmayın. Rəsul adlı ateistlər var yəni. Feminizm “qadınizm” demək deyil, “bərabərçilik” deməkdir.
Mən feministəm. Təvazökarlıqdan bir az uzaq olsa da, ən yaxşı bildiyim hadisələri – öz təcrübəmi danışmalı olacağam (çünki yaxşı təcrübələri bölüşmək lazımdır). Feminist olmaqda açar nöqtələrdən biri qadın işləri adlı vəzifələr toplusunun olmamasını qəbul etməkdir. Deyə bilərsiniz, qadın hüquqları var amma. Bəli, var, amma bu, qadınların qeyri-bərabər vəziyyətinə görə yaradılmış, əslində bərabərlik təmin olunandan sonra aktuallığını itirəcək sahədir.
Məişət qadınların ən çox sıxıldığı sahələrdəndir. Evdə qabları kim yuyur? Yaxud kim yumalıdır? “Mən də yuyuram hərdən” – bu cavabı verən kişi qadınların hüquqlarını pozur. Evdə ananla qabları yumaq üçün bölüşdürürsənmi? – Ooohoooo. Bu suala müsbət cavab verə biləcək oğul axtarıram.
Hə, təcrübəmdən danışacaqdım axı. Kiminsə evinə qonaqlığa getmişdik. Yeməklər sıx-sıx düzülmüşdü. Özümüzü bir qıraqdan vurduq bu dəryayi-ləşkərə. Yedik, sümükləri, salfetləri tökdük boşqabımıza, gəyirdik və… qadın olan hər kəs qalxdı ayağa ki, bu tör-töküntünü yığışdırıb məlum fiziki göstəriciyə malik olmayanlara çaydan, meyvədən gətirsinlər. Mən də durdum ayağa, qabağımdakı boşqabları-filanı yığdım, sonra başladım, qonşuluqdakı çirkli boşqabları yığmağa. Qiyamət düşdü. Avtobusda qəpik üstündə olan davaya oxşayırdı. Kişilər boşqablarını mənə vermirdilər. Tez qapıb sümükləri ümumi zibilimə ata bilmişdimsə, öz sümüklərini seçib təzədən öz boşqablarına qoyurdular. Məni bu işdən çəkindirmək üçün çirkli, araq qalığı, diş çöpü qırıqları olan boşqablarına olan-qalan yeməkdən cəld töküb çörək batırırdılar. Dərhal mənə araq süzüb sağlıq deməyimi tələb etdilər. Məqsəd – stolu “arvadlar” yığışdırsın və yalnız “qız uşaqları” kömək etsinlər ki, gələcəkdə “arvad” ola bilsinlər.
Bu qırğından bəzi çirkli boşqabları xilas edib mətbəxə aparanda orada məni arvadlar dəm-dəsgahla qarşılayırdılar. “Booy, biabır olduq. Qonağı işlədirik”. Qayıdıb bunlara kömək edən anamı və digər qadın qonaqları göstərib soruşdum ki, “Bəs bunlar qonaq deyil?” Onda çəmkirdilər üstümə: “Əə, kişisən, get, kişilərlə otur. Arvad işinə qarışma”.
İndi evliyəm. Arvadım da feministdir. Evdə iş bölgüsü 50-50-yədir. Təbii, bəzi kişi işləri var – ağır nə isə qaldırmaq kimi. Yəni yalnız mənim fiziki göstəricilərim imkan verən işlər. Amma qadın işi yoxdur. Qabları da bir dəfə birimiz, bir dəfə digərimiz yuyuruq, təmizlik də həmçinin, paltarlar da eləcə, yemək bişirmək də və s. Hərdən ailələrimiz (valideynlərimiz) soruşurlar ki, yeməyi kim bişirir. Müdaxilə etməyə çalışırlar ki, kişi “arvad işi” görməsin. Eyham vururlar, zarafatlarla sözlərini çatdırmaq istəyirlər. Təbii ki, istədiklərinə nail olmurlar.
İctimai nəqliyyatda arvadıma yer verəndə mənə “buyur, qaqaş” deyirlər. Yəni sənin yanında arvadınla danışmırıq. Mən də cavab vermirəm, çünki yer təklif olunan mən deyiləm. Qardaş da mənə “ponyatkasız” kimi baxır.
Bir dəfə dostumun uşağının ad günündə idik. Hamı stola dəvət olunanda mən də arvadımın yanında oturdum sakitcə. Bir az sonra dedilər, yox ee, sən uzaqdan gələn qonaqsan, keç başa (Başda da əlavə stol var idi, azı 5 nəfər yan-yana otururdu). Mən durdum, arvadım da durdu, mən keçib o başdakı yerlərdən birində oturdum, arvadı qoymadılar. Dedilər, “yox ee, sən hara, bacı, yerini bil”. Arvadlar məclisin ayağından – hörmətsiz yerindən başlayaraq, otururlar, sığmayanda ortaya yayılırlar. Kişilər isə məclisin başından – hörmətli yerindən otururlar, sığmayanda ortaya yayılırlar. Mən bir az müqavimət göstərmək istədim, amma hücum çox güclü idi – fiziki müdaxilə ilə. Xalalar yoldaşımı aşağı çəkib oturtdular, dayılar da məni. Məclisin gedişində istədim, qadınlara kömək edim, yenə əvvəlki münasibət – eyhamlı “Kişi ol, əə” münasibəti.
Söhbəti ictimai sektora gətirmək istəmirəm. Elə belə məişətdə də qalsın. Sadəcə hesablayın, əgər evdə ananızın, bacınızın, arvadınızın sizə gətirdiyi çayla, yuduğu qablarla, yuduğu, qatladığı, ütülədiyi paltarlarla, süpürdüyü ərazi ilə, apardığı təmizliklə sizin etdikləriniz arasında fərq yoxdursa, onda vicdanınızı aldatmırsınız.
2000-ci ildə “Galatasaray” “Real”la Super Kubok uğrunda oynayanda öz-özümə söz verdim ki, “Galatasaray” udsa, anamdan bir də çay istəməyəcəyəm. Çox çətin oldu bu sözü tutmaq. Demək olar, tutdum. Amma illərlə davam edən bu çətinlik mənə bir şeyi öyrətdi – anamın çəkdiyi zülmləri mənim arvadım çəkməməlidir. Mən xəstə cəmiyyət tərəfindən kişi sayılmamaq hesabına da olsa, monstr olmayacağam.
Feminist olmaq fiziki olaraq çətindir, indiyə qədərki rahatlığı əldən verməli olursan, amma mənəvi olaraq komfortdur, cənnətdir.
P.S. Həyat yoldaşına arvad deyənləri qınayanların nəzərinə: arvad sözü ayıb deyil. Bunu ayıb kateqoriyanızdan çıxarın artıq. Qanunvericilikdə də ər və arvad anlayışları nəzərdə tutulub.
P.P.S. Son onilliklərdə cins və genderə verilən təriflər arasında yaxınlaşmalar, LGBT hüquqlarının gündəmə gəlməsi feminizmin fəaliyyət sahəsini qadın-kişi qütbləşməsinə nisbətən xeyli genişləndirib, amma mən məişətimizə baxıb danışdım deyə, bu yazıda “qadın-kişi”dən kənara çıxa bilmədim.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.