“Azərbaycan məhkəmələrindən ədalət gözləmirəm” (VIDEO)

“Azərbaycan məhkəmələrindən ədalət gözləmirəm”.Bu sözləri 28 dekabrda Abşeron rayon Məhkəməsində mühakimə olunan jurnalist Seymur Həzi deyib.

Proses şahid ifadələri ilə davam edib. Taksi sürücüləri bildirib ki, mübahisəni görməyiblər.

Vəkil Adil İsmayılov məhkəməyə mütəxəssis və kompyuterin gətirilməsi ilə bağlı vəsatət verib. O deyib ki, Məhərrəm Həsənovun Seymur Həziyə hansı məzmunlu məktub yazdığı bununla aydınlaşacaq. Vəkil Məhərrəm Həsənovun internet bilgisinin olmadığından şübhələndiyini vurğulayıb. Dövlət ittihamçısı Əhəd İbrahimov vəsatəti şəxsi həyata müdaxilə hesab edərək təmin olunmamasını istəyib. Hakim Şövkət Nəcəfova vəsatəti təmin etməyib.

Vəkil Elton Quliyev bildirib ki, məhkəmə işi ədalətli aparmır. Hakim vəsatətlərin təmin olunmaması üçün heç bir dəlil ortaya qoymur. Onun fikrincə bununla müdafiə tərəfinin imkanları məhdudlaşdırılır.

Jurnalist Seymur Həzi vəsatətin təmin olunmamasını işin siyasi sifarişli olduğunu göstərdiyini deyib.    O, məhkəməni tamaşaya bənzədib : “Heç kimə sirr deyil,Azərbaycan televiziyalarına baxmaq bəs edir ki, bu həbslərin (məndən əvvəl və sonra həbs olunanların S.H.) hansı motivlərlə həbs olunduğunun bir tamaşa olduğunu insanlar görsünlər”.

Azadlıq qəzetinin şöbə müdiri Seymur Həzi Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham olunur.  Jurnalist bu ittihamı qəbul etmir və həbsini fəaliyyəti ilə bağlayır.

Ana səhifəVideo“Azərbaycan məhkəmələrindən ədalət gözləmirəm” (VIDEO)