Azərbaycan mediası: son bir ildə nələr yaşandı?

Media, siam.pukkato/Shutterstock

Həbslər, polis basqısı, yeni qəbul edilən qanunlar və cərimələr…

Ötən il media məkanı daha çox ilin əvvəlində qüvvəyə minmiş yeni “Media haqqında” Qanunun qəbulu ilə yadda qalıb.

Düzdür, Azərbaycan hakimiyyəti, rəsmiləri tez-tez çıxışlarında ölkədə media azadlığının təmin olunduğunu, jurnalistlərə hər hansı basqı olmadığını desələr də, bir sıra müstəqil və müxalif media saytlarının ölkədə bloklanması, qüvvəyə minmiş yeni qanun bunun əksini deyir.

Ümumiyyətlə, 2022-ci il Azərbaycan mediasının, jurnalistlərinin həyatında hansı hadisələrlə yadda qaldı? Nələr yaşandı?

Yaxşı-pis, fərq etmir – baş verənlərin hamısını Meydan TV-nin illik hesabatından öyrənə bilərsiniz:

Yanvar

Yanvarın 12-də “Jamaz.info” saytının redaktoru Fikrət Fərəməzoğlu 500 manat cərimələndi.

Səbəb “jamaz.info” saytında yayımlanan “Xankəndidən Şuşa şəhəri atəşə tutuldu” başlıqlı yazıdır.

Buna görə jurnalisti əvvəlcə Baş Prokurorluğa çağırıblar. Burada qənaətə gəliblər ki, həmin yazı cəmiyyətin müəyyən təbəqəsində çaşqınlıq yaradıb, müəyyən qisim narahat olub və qorxu keçirib.

Nəticədə jurnalist Sabunçu Rayon Məhkəməsinə gətirilib və İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi üzrə təqsirli hesab olunaraq 500 manat cərimələnib.

Foto: Fikrət Fərəməzoğlunun şəxsi arxivindən

Fevral

Fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” Qanunu təsdiqləyib.

Bu qanun layihəsi 2021-ci il dekabrın 30-da Azərbaycan parlamentində qəbul edilib.

Sənəd 9 fəsil, 78 maddədən ibarətdir.

Orada jurnalistlərin fəaliyyətinə dair məsələlər, media reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Müstəqil jurnalistlər və media ekspertləri, eləcə də beynəlxalq təşkilatlar ilk gündən bildirib ki, bu qanun müstəqil media və jurnalistlərin işlərinə əngəl törətmək məqsədi daşıyır.

Fevralın 14-də Binəqədi Rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızının (Abbasova) ölkədən çıxışına qadağa qoyulması tələbi ilə bağlı məhkəmə iclası olub.

Hakim jurnalistə qarşı iddianı rədd edib.

Sevinc Vaqifqızı növbədənkənar prezident seçkisi zamanı 251 saylı məktəbdə çəkdiyi video-materiala görə həmin məktəbin direktor müavini Elmira Alandarova və (daha sonra işdən azad olunub) ailəsi tərəfindən məhkəməyə verilib.

Sevinc Vaqifqızı
Foto: Meydan TV

O, 3 ildir ki, məlum videogörüntüyə görə məhkəmə çəkişməsində idi.

Fevralın 15-də reportyor Fatimə Mövlamlı və Sevinc Sadıqova Prezident Administrasiyası qarşısında etiraz aksiyasını çəkərkən saxlanılıblar.

Onlar saxlandıqları zaman polis təzyiqi ilə üzləşdiklərini bildiriblər.

Fevralın 17-də “Sərhədsiz reportyorlar” Azərbaycan hakimiyyətinə çağırış edib.

Təşkilat Azərbaycan hakimiyyətinə fevralın 15-də polis təzyiqinə məruz qalan jurnalistlərin işinin operativ və şəffaf araşdırılmalı olduğunu bildirib.

Fevralın 22-də reportyor Əvəz Hafizli cinsi orientasiyasına görə öldürülüb.

Mart

Martın 2-də “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 17 ili tamam olub.

Onu 2005-ci il martın 2-də işdən qayıdarkən yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib.

Hadisənin üstündən 17 il keçsə də, qətlin sifarişçi və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıb.

Martın 4-də Jurnalist Cəmil Məmmədliyə hökm oxunub.

O, Quba-Xaçmaz bölgəsində çalışan jurnalistdir.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev onun barəsində iddia qaldırıb.

Deyib ki, Cəmil Məmmədli onun 200 nəfərin adını işçi kimi rəsmiləşdirərək bu şəxslərin əməkhaqqı kartlarına köçürülən vəsaitləri mənimsəməsi haqda məlumat yayıb. Əslində isə bu barədə məlumatlar böhtandır, onun nüfuzuna zərbə vurur.

Cəmil Məmmədli
Foto: Meydan Tv

Hökmə əsasən, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (böhtan) maddələrilə təqsirli bilinib.

Jurnalist 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Eyni zamanda, bu müddətdə hər ay qazancının 20 faizini dövlət hesabına köçürməlidir.

Martın 8-də məlumat yayıldı ki, jurnalist Nərgiz Absalamovanın polis zorakılığına məruz qalması ilə bağlı şikayəti araşdırılmayacaq.
Çünki Səbail Rayon Prokurorluğu jurnalistin polis zorakılığıyla bağlı şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib.

Hadisə 2021-ci il dekabrın 28-də Milli Məclisin binası qarşısında “Media haqqında” Qanun layihəsinin qəbuluna etiraz edən jurnalistlərin aksiyası zamanı baş verib.

Aksiyanı dağıdan polislərdən biri onun boğazından tutub, üzünə də şillə vurub, bununla da kifayətlənməyib, itələyərək yıxıb. Nərgiz həmin zaman verdiyi açıqlamasında deyirdi ki, nəticədə büzdüm sümüyü sınıb. Bunu həkim sənədi də təsdiqləyib.

Наргиз Абсаламова в красной куртке. Фото: Мейдан ТВ
Nərgiz Absalamova (ortada qırmızı paltarda), Foto: Meydan TV

Prokurorluğun qərarında isə iddia olunur ki, jurnalistin polis tərəfindən fiziki təzyiqə məruz qalması, nəticədə yıxılıb büzdüm sümüyünün sınması təsdiqini tapmayıb.

Aprel

Aprelin 27-də Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının illik hesabatını açıqlayıb.

Hesabat “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlanır.

Hesabatda deyilir ki, medianın zəbti, yəni özəl mediaya dolayısı ilə hökumətin nəzarət etməsi azalmayıb. Xüsusən, Türkiyə, Azərbaycan və Rusiyanın rəhbərləri illərdir ki, bu taktikadan istifadə edirlər:

“Onların dizayn verdiyi “model” Macarıstan və Polşa kimi digər üzv ölkələrdə mənimsənilir”.

Hesabatda bildirilir ki, Azərbaycan hakimiyyəti ölkədə media azadlığının təmin olunduğunu deyir. Lakin müstəqil mediaların bloklanması, qüvvəyə minmiş yeni media qanun belə demir:

“Avropa Şurasının üç üzvü – Azərbaycan, Macarıstan və Polşa mətbuata qarşı “Pegasus” izləmə proqramından istifadə edib. Azərbaycan da bir sıra ölkələr kimi fəalları, jurnalistləri bu proqramla izləyib. Hakimiyyətdən isə bu iddiaları kimsə cavablamayıb”.

Avropa Şurası Parlament Assambleyası
Foto: arxiv

May

Mayın 8-də jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Onun boğazına bıçaq dirəyib, hədələyiblər.
Hadisə jurnalistin yaşadığı binanın blokunda baş verib.

Jurnalist bloka girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib:

“Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”, – jurnalist bildirib.

Mayın 14-də bir qrup şəxs Bakıda etiraz aksiyası keçirib.

Təşkilatçılar bildiriblər ki, aksiyada məqsəd, jurnalist Aytən Məmmədovaya silahlı təhdid, gənc fəal Bəxtiyar Hacıyevin oğurlanaraq döyülməsi, təhqir edilməsi və bu kimi digər olaylara etiraz etməkdir. Sonda aksiya Daxili İşlər Nazirliyinin qarşısında yürüşlə başa şatıb və qətnamə oxunub.

Aytən Məmmədova. Foto: Screenshot

Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 168 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfvə düşənlərin 27-i isə hüquq müdafiə təşkilatlarının siyahısında qeyd olunan şəxsdir. Onlardan 3-ü jurnalist və blogerdir.

İyun

“Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir prokurorluğun onun ölkədən çıxışına qoyduğu qadağaya görə məhkəməyə üz tutub.

Yazar deyir ki, heç bir cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs deyil, prokurorluğun onunla bağlı qərarı qanunsuzdur.

İyunun 17-də Binəqədi Rayon Məhkəməsində yazarın şikayətinə baxılıb və ona “yox” deyib.

Səadət Cahangirin prokurorluğa qarşı şikayəti təmin edilməyib.

Foto: Səadət Cahangirin şəxsi arxivindən

İyunun 22-də jurnalist Nərgiz Absalamova Bakıda polis zorakılığı ilə üzləşib, vəsiqəsi alınıb.

Onun sözlərinə görə, hadisə “Koroğlu” metrosu yaxınlığında baş verib:

“Çəkiliş aparırdım, əlini telefonuma atdı, onu gizlətdim, vermədim. Sonra dedi ki, jurnalist deyilsən, çəkiliş apara bilməzsən. Vəsiqəmi göstərdim, bu zaman onu əlimdən kobuscasına aldı və kənarlaşdı. Sonra məni metronun içindəki polis otağına aparmağa çalışırdı, getmədim. Kobud danışırdı və üstümə qışqırırdı. Başı qadınlara qarışdığı anda mən ərazidən kənarlaşdım”.

İyul

Baş Prokurorluq iyulun 27-də bir neçə sayt rəhbərlərinə və vətəndaşlara xəbərdarlıq edib.

Bildirib ki, bəzi sosial media istifadəçiləri Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində işlərə kölgə salmaq məqsədilə həqiqət olmayan informasiyalar yayıblar.

Qurumdan qeyd olunub ki, ictimai-siyasi sabitliyin, hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində təsir tədbirləri görülüb.

Xəbərdarlıq alan sosial media istifadəçiləri “http://jamaz.info” saytının rəhbəri Fikrət Fərəməzoğlu, “http://miq.az” saytının rəhbəri Aqil Alışov və daha bir neçə şəxs gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Baş Prokurorluq
Foto: Azərtac

Eyni zamanda, “Facebook” sosial şəbəkəsində öz səhifəsində qanunla qadağan edilən informasiyanı yerləşdirdiyinə görə Tofiq Şahmuradov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi…) maddəsi ilə inzibati xəta haqqında iş məhkəməyə göndərilib: “Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.”

Avqust

Avqustun 4-də ictimai fəal Rüstəm İsmayılbəyliyə Baş Prokurorluqda xəbərdarlıq edilib. Səbəb “Facebook” sosial şəbəkəsində yazdığı statusdur.

“Atatürkdən gətirdiyim sitata görə, dindirildim. Dünənki bir yazımda: “Xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir”, – deyə Atatürkün çıxışına istinadla cümlə yazmışdım. Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb”, – Rüstəm İsmayılbəyli bildirib.

Rüstəm İsmayılbəyli, Foto: Meydan TV

Sentyabr

Sentyabrın 11-də vəkil Elçin Sadıqovla jurnalist Əvəz Zeynallının barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs qərarını gecə saat 4:30-da Binəqədi Rayon Məhkəməsi çıxarıb.

Əvəz Zeynallı əvvəlcə Cinayət Məcəlləsinin 311.3.3-cü ( küllü miqdarda rüşvətalma) maddəsi ilə ittiham edilirdi. Daha sonra jurnalistə daha bir epizod üzrə yeni bir maddə – 312-1.1 (nüfuz alveri) əlavə olunub.

Özü ittihamları qəbul etmir.

Əvəz Zeynallı və Elçin Sadıqov. screenshot

“Səda” internet televiziyasının həbsdə olan direktor müavini Elnur Şükürovun ailəsi sentyabrın 19-da Bakı Apelyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirib.

Elə həmin gün məhkəmədə E.Şükürovun həbs qətimkan tədbirindən apelyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb.

Aksiya iştirakçıları əllərində E.Şükürovun və Prezident İlham Əliyevin şəkillərini tutublar.

E.Şükürovun yaxınları qeyd edib ki, onun həbsinin əsas səbəbi Cəlilabad rayonunun sosial problemlərinin işıqlandırılması ilə bağlıdır.

Sentyabrın 23-də Baş Prokurorluq “Kanal 13”ə xəbərdarlıq edib.
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov deyib ki, sentyabrın 22-də kanalın fəaliyyətilə əlaqədar Baş Prokurorluğa çağırılıb, orada izahat verib.
İddia olunub ki, “Kanal 13”də Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucov
Foto: Əziz Orucovun şəxsi arxivindən

Əziz Orucov isə bu iddia ilə razılaşmır. Deyir ki, “Kanal 13”ün fəaliyyətində məqsəd cəmiyyəti informasiya ilə təmin etməkdir.

Sentyabrın 26-da İlham Əliyev media reyestrini təsdiqləyib.

Media reyestrini bəzi beynəlxalq qurum və yerli ekspertlər tənqid edib.

“Media haqqında” Qanunda xüsusilə orada reyestr məsələsi ayrı-seçkiliyə imkan yaradacaq amil kimi dəyərləndirilib. Amma ölkə parlamentində çoxluq bununla razılaşmayıb.

Oktyabr

Oktyabrın 21-də məlumat yayıldı ki, Xədicə İsmayılovaya qarşı qaralama kampaniyası ilə bağlı cinayət işinin icraatı bərpa edilib.

Cinayət araşdırmasını Baş Prokurorluq bərpa edib.

Araşdırmaçı-jurnalist Xədicə İsmayılova 2010-2011-ci illərdə ard-arda Prezident və ailə üzvləri ilə bağlı araşdırmalar yayımlayandan sonra təhdid, təhqirlərlə üzləşib.

Bundan sonra hakim siyasi partiya olan YAP-ın nəzarətindəki “Yeni Azərbaycan”, “İki Sahil”, “Səs” qəzetləri jurnalist haqda aşağılayıcı məzmunlu məqalələr dərc edib. İnternet mediasında isə jurnalistin yataq otağından gizli çəkilmiş video görüntülər yayılıb.

Jurnalist hüquq mühafizə qurumlarına, məhkəmələrə şikayətlər versə də, təqsirkarlar məsuliyyətə cəlb edilməyib.

Prokurorluq “Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə cinayət işi başlayıb, lakin həmin icraat 17 avqust 2015-ci ildə dayandırılıb.

Xədicə İsmayıl, foto: Əziz Kərimov

Jurnalist icraatın yenilənməsi üçün bir neçə dəfə müraciət etsə də, araşdırmalar bərpa edilməyib.

Sonra jurnalist işi AİHM-ə daşıyıb. AİHM jurnalistin şəxsi həyata hörmət və ifadə azadlığı hüquqularının pozulmasına qərar verib. Lakin Azərbaycan tərəf bu qərarı icra etməyib.

Noyabr

Noyabrın 28-də “Azərtac”a yeni rəhbər təyin olunub.
Vüqar Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“Azərtac”ın) İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“Azərtac”ın) İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad olunub.

Aslan Aslanov 2002-ci ilin oktyabrından “Azərtac”ın baş direktoru olub.

Aslan Aslanov. Foto: Azərtac

Hacıqabul Rayon Məhkəməsi jurnalistin informasiya sorğusuna natamam cavab verən Hacıqabul Rayon İcra Hakimiyyəti haqqındakı məhkəmə şikayətinin icraatına xitam verib.

Jurnalist Şəmistan Həziyev Hacıqabul Rayon İcra Hakimiyyətinə informasiya sorğusu göndərib.

“İnformasiya əldə edilməsi haqqında” Qanunla açıq sayılan məlumatların ona təqdim edilməsini xahiş edib. Lakin Hacıqabul Rayon İcra Hakimiyyəti onun sorğusuna natamam cavab verib.

Bundan sonra Şəmistan Həziyev İnsan Hüquqları üzrə Müvəkkilin Aparatına (Ombudsman) şikayət edib.

Dekabr

Jurnalist Elmar Əziz dekabrın 1-də Pirallahı Rayon Polis İdarəsinə çağrılıb.
Səbəb onun yol polisləri ilə bağlı sosial şəbəkədə video paylaşması göstərilib.

Azərbaycan mediasının bir ili media ekspertinin gözündə

Media eksperti, hüquqşünas Xalid Ağəliyev deyir ki, Azərbaycanda 2 il əvvəlki müharibə abu-havasının keçdiyini söyləmək doğru olmaz. Belə mühit istər-istəməz bütün sahələrə, o cümlədən də media sahəsinə ciddi ölçüdə təsir edir:

“Əlbəttə, bütün hallarda bu məsələ ictimai maraq kəsb edir. Medianın da daha çox məhz bu aspektə fokuslandığını müşahidə etmək olar. Buna paralel olaraq, mövcud mühit həm də medianı daha rahat idarə etməyə, ona daha rahat təsir etməyə imkanlar yaradır. İl boyunca media müstəvisində baş verənlərə baxanda, bunu aydın sezmək olur. Başa çatmaqda olan ilin başlıca diqqət çəkən olayı yeni qanunvericiliyin tətbiqi sahəsində asta-asta addımların atılmasıdır. Bu addımların hamısı median daha çox kontrol altında tutmağa xidmət edir”.

Reyestrdə olmayanlara addımbaşı əngəllərin yaradılması…

Xalid Ağəliyev bildirir ki, hazırda da media, jurnalistlərin reyestrinin yaradılması prosesi davam edir.

Qanunun mürtəce olması bir yana, bu prosesin özü ciddi problemlidir. Məsələn, 20-yə yaxın media-jurnalistin reyestrə daxil edilməsindən imtina olunub. Üstəlik, bəlli olan imtina qərarlarının heç biri sözün geniş mənsasında qanuni deyil:

Xalid Ağaliyev. Foto: Meydan TV

“Reyestrin formalaşdırılmasından sonra media, ifadə azadlığına basqılar daha nəzərəçarpacaq olacaq. Reyestrdə olmayanlara addımbaşı əngəllərin yaradılması yəqin ki, qarşıdakı ildə ən nəzərəçarpacaq basqı trendlərindən olacaq”.

“Media asılı durumdadır, maliyyəsi yoxdur”

Hüquqşünasın sözlərinə görə, medianın başa çatan ildə başqa ciddi problemləri də olub. Media asılı durumdadır, maliyyəsi yoxdur, çünki reklam bazarı mövcud deyil:

“Reklam verənlərin əksəriyyəti hökumətə bağlı quruluşlardır, onlar da ya reklam vermirlər, ya da hökumət kimə deyirsə, ona verirlər. Bu problem artıq onillərdir ki, Azərbaycan mediasının yaxasından asılıb”.

Dezinformasiya, həbslər…

Xalid Ağəliyev qeyd edir ki, bu il də jurnalistlər defamasiyaya görə cinayət məsuliyyətinə cəlb edilib,  həbsə atılıb. Həm də bu tendensiya getdikcə daha da qabarıb:

“İnformasiya əldə etmək haqqı təmin edilmir. Jurnalistləri, medianı qoruyan qanunlar hələ də işləmir. Az qala bütün media hökumətin ayıracağı maliyyədən asılı durumdadır. Bütün deyilənlərin işığında onu söyləmək olar ki, problemlər daha da ağırlaşır”.

Nə etməli?

Ekspert hesab edir ki, bu ağır durumdan çıxmaq üçün medianın gələcəyini necə inşa etməni ifadə edən strategiya olmalıdır:

“Amma nə strategiya, nə də belə bir strategiyanı hazırlmaqda, ortaya qoyub həyata keçirməyə əzmini aşkar şəkildə nümayiş etdirənlər var”.

Ana səhifəSiyasətAzərbaycan mediası: son bir ildə nələr yaşandı?