Yaxın zamanlarda bütün səslərin kəsilməsi sürpriz olmayacaq
Ölkədə media azadlığının vəziyyəti hər gün bir az daha ağırlaşır. Son günlər ard-arda baş verən hadisələr prosesin normal axınından uzaqlaşdığını aydın göstərir.
Dünya mətbuat azadlığı günü ərəfəsində Azərbaycanın ilk internet tv-lərindən biri olan Kanal 13-ün rəhbəri Əziz Orucova qarşı çox gülünc bir iddia ilə 30 gün inzibati həbs verildi. Guya onu axratışda olan kiminləsə oxşar olduğuna görə polis saxlayıb, lakin o polisə müqavimət göstərib. Halbuki Əziz Orucov jurnalist xanımı Lamiyyə Çerpanova ilə birlikdə işə gedərkən onları təqib edən polis saxlamış və şöbəyə aparmışdı. Hər hansı qarşıdurma, müqavimət olmamış, buna baxmayaraq, saxlanmasına “hüquqi səbəb” uydurmaq üçün belə bir fərziyə qondarılaraq həbsə atıldı.
Bizdə çox yerində atalar sözləri var. Onlardan biri də “oğurluqla, quldurluq 40 gün çəkməz, açılar!”-məsəlidir. Əzizin həbsində də belə oldu. 30 günlük inzibati həbsin son günündə onu yenidən istintaqa çəkdilər və bu dəfə ağır cinayətlə suçlayaraq, Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət məsuliyyətinə cəlb etdilər. Bu dəfə də Əzizi hüquqi baxımdan heç bir məsuliyyəti olmayan və heç bir vaxt heç bir imza səlahiyyəti olmadığı, sadəcə həmtəsisiçisi olduğu “Qafqaz Media Resurs Mərkəzi” İctimai Birliyinin hansısa “fəaliyyətinə görə” 2014-cü ildə açılmış məşhur QHT cinayət işi çərçivəsində suçladılar. Lakin rəsmi ittiham bu olsa da, Kanal 13-ün digər jurnalistlərinin də istintaqa cəlb olunması xoruzun quyruğunu göstərdi. Əzizin birbaşa Kanal 13-ün fəaliyyətinə görə həbs edildiyi danılmaz fakt kimi ortadadır.
Mayın 22-də isə regionda fəaliyyəti ilə təqdir toplayan, qorxmadan həqiqətləri söyləyən, bir neçə müstəqil media qurumu ilə sərbəst əməkdaşlıq edən jurnalist-bloger Nicat Əmraslanov yenə uydurma səbəblə yaşadığı Qazax rayonunda eyni “növbətçi maddə ilə” – polisə müqavimət maddəsi ilə 30 sutkalıq inzibati həbsə məhkum edildi. Nicata qarşı pis rəftara və işgəncəyə yol verildiyini söyləyən vəkili Elçin Sadıqovdan Gəncə Apelyasiya Məhkəməsində vəkilin və jurnalist Xədicə İsmayılın gözü qarşısında hakim köməkçisi imtina ərizəsi yazdırdı. Xədicə İsmayıl mobil telefonu ilə bu görüntüləri lentə alıb paylaşaraq ictimailəşdirsə də, heç bir qurum, o cümlədən Omdudsman buna reaksiya verməyərək, adi hal kimi qarşıladı. Nicatın dişlərinin tökülməsi, sağ əlinin qıc olması müşahidə olunsa da, bununla bağlı prokurorluq nədənsə araşdırma aparmaq, yaxud ənənəyə çevrilən “bəyanat” vermək kimi davranışlardan uzaq qaldı.
Belə gedərsə, 30 günlük inzibati həbsin yekunlaşmasına günlər qala yeni bir qondarma “cinayət işinin” açılması və Nicatı da Əziz kimi “cinayətkar” elan edərək, ağır cinayətdə suçlamaları sürpriz olmayacaq.
Mayın 29-da daha böyük “bomba” partladıldı. Araşdırmaçı jurnalist Əfqan Müxtarlı yaşadığı Tbilisi şəhərində gecə evinin önündən yoxa çıxdı. Hər kəs onun axtarışına başladıqdan sonra, məlum oldu ki, Gürcüstanın rəsmi uniformada olan şəxsləri onun başına torba keçirib, oğurlayıb, sonra vəhşicə döyüb və 3 saatlıq müddətdə 2 avtomobil və heyət dəyişərək, Azərbaycan DSX-ə təhvil veriblər. DSX isə guya Əfqanın sərhəddi könüllü qanunsuz keçdiyi və qaçaqmalçılıqla məşğul olduğu üçün saxlayıb, Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürdü. Bu qondarma cinayət işi də uzun sürmədən cəmiyyətə məlum oldu ki quramadır. Tamamilə qanunsuz adam oğurluğu baş verib. Bu, Gürcüstanın Prezidenti səviyyəsində etiraf edildi. Qısa müddət keçməmiş Azərbaycanın Milli Məclisinin deputatı Elman Nəsirov da istintaqın versiyasının saxta olduğunu bilmədən etiraf etmiş oldu. Doğrudur, Baş Prokurorluq Elman Nəsirovun “yalan” danışdığını bir Bəyanatla bəyan etsə də, əməli ilə Elman Nəsirovun doğru dediyini təsdiqləyən addımlar atdı.