Zərdüşt Əlizadə: ”Belə qətnamələrə beynəlxalq siyasətdə məhəl qoyulmur”
BMT Baş Assambleyasının sessiyasında dekabrın 19-da “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnaməsi üzrə səsvermə keçirilib.
Sənədi Ukrayna və başqa dövlətlər
hazırlayıblar
.
70 ölkə bu qətnamənin lehinə, 26 dövlətin nümayəndəsi əleyhinə səs verib. 76 dövlət bitərəf qalıb.
Sənədin əleyhinə Ermənistanla yanaşı, Belarus, Bolviya, Hindistan, Qazaxıstan, Şimali Koreya, Kuba, Serbiya, Qırğız Respublikası, Çin, İran, Tacikistan və Cənubi Afrika Respublikası səs verib.
Azərbaycan və Türkmənistan səs vermədə iştirak etməyib.
Qətnamə layihəsinin preambula hissəsində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini Rusiyanın “müvəqqəti işğal etdiyi” qeyd olunub.
Qətnamədə “ilhaqın” qəbuledilməz olduğu vurğulanıb.
Müəlliflər Rusiyanı Krımı işğaladək beynəlxalq hüquqla bağlı öhdəliklərinə hörmət etməyə çağırıblar.
Siyasi icmalçı Zərdüşt Əlizadə Ermənistanın qətnamənin əleyhinə səs verməsini təbii sayıb:
“Çünki Ermənistan tam şəkildə Rusiyadan asılıdır. Azərbaycan isə bir neçə dəfə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrə dəstək verib. Sadəcə, bu dəfə Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün səsverməyə qatılmayıb”.
Z.Əlizadə düşünmür ki, bu mövqe ilə Bakı-Kiyev münasibətlərində soyuqluq yarancaq. Tərəzinin bir gözünə Ukrayna-Azərbaycan, o biri gözünə Rusiya-Azərbaycan münasibətlərini qoyun, görün, hansı daha ağır gəlir, əlbəttə, ikinci ağır gələcək:
“Fikir verin, Azərbaycan nə əleyhinə səs verib, nə də bitərəf qalıb, səsverməyə qatılmayıb. Nəhayət, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəfələrlə dəstəklədiyini bəyan edib. Ona görə qanamayan yerdən qaşıyıb qan çıxartmağa ehtiyac yoxdur”.
Siyasi icmalçı bildirib ki, belə qətnamələrə beynəlxalq siyasətdə məhəl qoyulmur.
“Qətnamələr arxasında real güc, iradə və istək olanda həyata keçir. O zaman həmin qətnamə hansısa dövlətin müəyyən istiqamətdəki fəaliyyətinə qanunilik donu geyindirir. Bugün Ukraynanın Rusiyaya gücünün çatmamasının əsas səbəbi daxili siyasi proseslərdən qaynaqlanır. Necə ki, Azərbaycanda vəzifə naminə Qarabağ və ətraf rayonlar itirildi, həmin aqibəti Ukrayna da yaşadı, Krım və Donbas işğal olundu”.