Rasim Ağayev: ”Görünür, hakimiyyətdəkilər durumun heç də yaxşı olmadığını bilirlər”
Azərbaycan hökuməti ABŞ Konqresinin “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin qəbuluna yol verməməsi üçün hər cür tədbirlərə əl atır.
“Turan İA”-ın Vaşinqton müxbirinin məlumatına görə, bu məqsədlə Amerikanın “Podesta Group” lobbi təşkilatı ilə müqavilə bağlanıb. Şirkət Azərbaycanda insan hüquqları və demokratiyanın pozulmasına görə vəzifəli şəxslərə qarşı qanunun qəbuluna yol verilməməsinə yardım etməlidir.
Bu layihə konqresmen Kristofer Smit tərəfindən irəli sürüb.
Bakı yüzə yaxın siyasi məhbusu azad etməkdən imtina etdikdən, ümumiyyətlə, bu kateqoriyada məhbusların olduğunu inkar etdikdən sonra Smit qanun layihəsini irəli sürüb.
Bu qanun layihəsindən sonra hakimiyyət “Podesta Group” ilə müqavilə imzalayıb. Azərbaycan hökuməti konqresdə qanun layihəsinin qarşısının alınması məqsədilə iş aparılması, Azərbaycan hökuməti ilə münasibətlərin yaxşılaşdırılmasında səylərə görə təşkilata ayda ən azı 50 min dollar ödəyəcək.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, fevralın 1-də “ictimaiyyətlə əlaqələr üzrə xidmətin göstərilməsi üçün” Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və “Podesta Group” arasında müvafiq sənəd imzalanıb.
“Podesta Group” Vaşinqtondakı nüfuzlu şəxslərə yol tapmaq üçün Azərbaycan hökumətinə zəmanət verir və buna görə Azərbaycanın ABŞ-dakı səfirliyindən 50 min dollar və əlavə xidmətlərə görə pul alacaq.
Sazişdə təşkilatın öhdəlikləri belə göstərilib: narahatlıq doğuran məsələlərin öyrənilib təhlil edilməsi; Amerika siyasəti, Konqresin fəaliyyəti, ümumilikdə Amerika siyasətində icra hakimiyyəti ilə bağlı hüquqi məsləhətləşmələr göstərmək; Konqres üzvləri və onların təmsilçiləri, icra hakimiyyəti və QHT nümayəndələri ilə əlaqələr qurmaq.
“Podesta Group”un özündən sazişlə bağlı şərh almaq mümkün olmayıb.
Kristofer Smitin 14 səhifəlik qanun layihəsi dekabrın 16-da qəbul edilib.
Hazırda iki konqresmen – Co Hek və Luiza Sloter sənədə tərəfdar olublar.
Olayı Meydan TV-yə şərh edən siyasi şərhçi Rasim Ağayev Amerikada dövlətlərin lobbi təşkilatlarıyla müqavilə bağlayıb əməkdaşlıq etməsini qanunla tənzimləndiyini bildirdi: “Ancaq lobbi təşkilatlarıyla çətin vəziyyətə düşəndə yox, daim əlaqədə olmaq tələb olunur. Görünür, hakimiyyətdəkilər durumun heç də yaxşı olmadığını bilirlər. Düzdür, ABŞ siyasi dairələrində hakimiyyəti dəstəkləyənlər var. Amma lobbi şirkətiylə müqavilə vəziyyətin kəskin olduğunu göstərir”.
Lobbi təşkilatıyla əməkdaşlığın effektivliyinə gəlincə, siyasi şərhçi hansısa müsbət təsirin olacağını istisna etmir.
Amma problem ondadır ki, son illərdə Azərbaycanın nüfuzu xeyli ziyan çəkib. Senat və Konqresdə Azərbaycanda söz, ifadə, sərbəst toplaşmaq azadlıqlarıyla bağlı kəskin tənqidlər artıb. Çox təəssüf ki, son illər rəsmi şəxslər mətbuatda Vaşinqtonun ünvanına sərt ifadələr işlətdilər. Bilirsiniz, sovet təbliğat üsuluyla diplomatik münasibətləri inkişaf etdirmək olmaz.
Rasim Ağayev 1997-ci ildə sabiq prezident Heydər Əliyevin çevik xarici siyasət apardığını xatırladıb bildirdi ki, o zaman Azərbaycanın Amerikayla münasibətləri çox yaxşı idi: “Təəssüf ki, son illərdə aparılan siyasət yaxşı heç nə vəd etmir. Bu gün xarici siyasətimiz çox təsirsizdir. Yenə balanslı xarici siyasətdən danışılır, amma biz Rusiya ilə Estoniyanın, Amerikayla Paraqvayın yerini bilməliyik. Bizim xarici siyasətdə ardıcıllığın olmaması indiki vəziyyəti yaradıb”.