Azərbaycan kinosuna ayrılan pullar…

Elcan Məmmədov: “Yaxşı olardı ki, 14 milyona bir neçə yox, xeyli bədii filmlər çəkilərdi”

Source:


Elcan Məmmədov: “Yaxşı olardı ki, 14 milyona bir neçə yox, xeyli bədii filmlər çəkilərdi”

2012-ci il dövlət büdcəsindən Azərbaycan kinosuna 7 milyon manat ayrılmışdı. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov açıqlama verərək həmin vəsaitə bir neçə bədii və sənədli filmlərin istehsalının nəzərdə tutulduğunu demişdi.

T

əkcə dövlət proqramı vasitəsilə Azərbaycan kinosuna 6,5 milyon ayrılıb

Kinonun inkişafına dövlətin qayğısı təkcə büdcədən ayrılan vəsaitlərlə bitmir. “Azərbaycan Kinosunun 2008-18-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” da var. Bu proqram çərçivəsində dövlət sifarişi ilə bədii, sənədli və cizgi filmlərinin istehsalı, xarici ölkələrdə saxlanan Azərbaycan milli filmlərinin nüsxələrinin ölkəyə gətirilməsi və s. üçün 6,5 milyon manat ayrılıb. Təxminən 14 milyon edir.

Ayrılan vəsaitin səmərəliliyini öyrənmək üçün rejissor Elcan Məmmədovla söhbətləşdik…


“Əsas məqam, bu vəsaitlərin necə sərf edilməsidir”

Elcan Məmmədov deyir ki, ayrılan vəsaitlər hansısa problemi həll etmir: “Adicə yol, körpü tikintisinə çoxlu vəsait ayrıla bilər. Ancaq həmin yol tezliklə dağılar. Film də onun kimidir. Həmin vəsaitə seriallar, filmlər çəkilər,  ancaq bir müddət sonra unudular”.

Elcan Məmmədov ayrılan vəsaitlərə şübhəli baxmır. Deyir, əksər ölkələrdə dövlət kinoya dəstək verir: “Əsas məqam, bu vəsaitlərin necə sərf edilməsidir. Adətən kinonun inkişafına yönləndirilir. Mənim üçün ən önəmlisi kino mühitidir. Deyək, bir cihaz kəşf edilir. Ancaq o cihaz cəmiyyət tərəfindən qəbul olunmur. Burada hər hansı inkişafdan söhbət gedə bilməz. Cəmiyyət onu başa düşmür, anlamırsa və yaxud tərs başa düşüb, yalnış istifadə edirsə, nəticə verməyəcək. Bu, dünya tarixindən belədir”.


“Çəkilən filmlər hələ ki, nəticə deyil”

Rejissor düşünür ki, kino mühitinin inkişafı görülən işlərlə paralel aparılmalıdır. Ayrılan vəsaitin bir hissəsi kino mühitinin inkişafına xərclənməlidir:

“Nədir kino mühiti? Kinoya marağın artırılması, tamaşaçı zövqünün formalaşdırılması, tamaşaçıların alternativ kinolara baxmasıdır. Onların dünyada baş verən yeniliklər haqqında təsəvvürlərinin olması, insanlarda kino təsəvvürünün formalaşmasıdır… Tamaşaçı həm də müasir kinoda baş verənlərdən xəbərdar olmalıdır. Ancaq bizdə belə edilmir. Bütün bunlardan xəbərsiz tamaşaçı misal üçün baxır “My name is İntiqam”a və başlayır gülməyə. Bəlkə də onun heç yumor hissi yoxdur, məzmununa varmır, sadəcə gülür. Halbuki güldürmək çətin iş  deyil. İnsan xırda bir hərəkətə də gülə bilər. Təbii bununla yumorun fərqi olmalıdır. Dünya gülmək, sevinmək üçün yumor axtarır. Ancaq ondan da əvvəl onun məzmununa varır”.

Elcan Məmmədova görə dramaturgiya lazımdır. Hətta insanlarda da dramaturgiya olmalıdır: “Yoxdursa, çıxıb şıllaq atanlarda, qadın paltarı geyənlərdə görəcək kinonu, yumoru, əyləncəni… Bu da məncə olmayıb, tutmayıb. Odur ki, çəkilən filmlər hələ ki, nəticə deyil, deyirəm”.


“Bizim çəkdiyimiz dünyaya təsir edirmi, ayaqlaşırmı, cəmiyyəti tərpədə bilirmi?”

Elcan Məmmədovun fikrincə, kinonun inkişafında ayrılan vəsaitlərin rolu çox deyil. Az büdcə ilə də iş görmək olar: “Əsas məsələ məzmun olsun. Bizim çəkdiyimiz dünyaya təsir edirmi, ayaqlaşırmı, cəmiyyəti tərpədə bilirmi? Dünyaya deyirmi ki, “bizə bir bax, biz də varıq”. Bax, məsələ də bundadır. Rəqabətə girə bilmək lazımdır”.


“Həmin vəsaitə daha çox filmlər çəkmək olardı”

Müsahibimiz son zamanlar çəkilən filmlərin əksəriyyətinə baxıb. Deyir, onların içində mükafat alanlar da var. Onun fikrincə, bunları uğurlu hesab etmək olar. Ancaq həmin vəsaitə daha çox filmlər çəkmək olardı: “Bir rejissor qazanmaq yaxşıdır, yoxsa iyirmi? Rejissorların önünün açılmasının nəyi pisdir? Ən böyük kino ölkələri belə, bu sahədə böhran yaşayıb, hətta hazırda yaşayanlar da var. Ancaq bu, uzunmüddətli olmur. Əsas odur ki, proses olsun. Daha çox filmlər çəkilsin ki, tamaşaçılar üçün də rəngarənglik olsun”.


“Bizdə öyrənmək üçün məktəb, şərait yoxdur”

Elcan Məmmədov ən vacib addımlardan biri də rejissorların, kameramanların öyrənməsidir deyir: “Gənc rejissorlar, kameramanlar kursa getməlidir, oxumalıdır, yeni şeylər öyrənməlidirlər. Kameramanlar öz güclərinə Türkiyəyə 5-6 aylıq kurslara yazılırlar, internetdə axtarıb nəsə öyrənirlər. Bizdə öyrənmək üçün məktəb, şərait yoxdur. Montaj sahəsində də fantastik yeniliklər var. Ancaq çoxunun bundan xəbəri yoxdur. Deyirəm, ayrılan vəsaitin bir hissəsi məhz buna yönəldilməlidir. Yeni kadrların yetişməsinə, rejissorların xaricə kurslara göndərilməsinə və s.  Nəticəsi əla olacaq”.


“Bizdə cəmiyyətin kino üçün vəsaitin formalaşdırılmasında iştirakçılığı sıfırdır”

Rejissor kino festivallarından da danışdı. Bizdə olmayan festivallardan. Bu baxımdan o, qonşu Gürcüstana həsəd aparır. Deyir, almaniyalı bir prodüser iki ilə yaxındır ki, Gürcüstanda yaşayır. Bu, o deməkdir ki, o özü ilə bərabər, bu sahədə olan bütün əlaqələrini Gürcüstana gətirib: “Tez-tez görüşlər keçirir, təqdimatlar edir. Gürcü kinosuna yeni rejissorlar, kameramanlar qazandırır. Birbaşa Avropaya kommunikasiyalar açır. Bizə isə ildə bir-iki prodüser gəlir. Onlar da 3-4 günə çıxıb gedirlər”.

Elcan Məmmədov bizdə kino layihələrinin təqdimatının da az olduğunu deyir. Fikirləşir ki, buna görə cəmiyyətin kino üçün vəsaitin formalaşmasında iştirakçılığı sıfırdır: “Ancaq dünyada belə deyil. Cəmiyyət, fondlar, təşkilatlar kino mühitinin formalaşmasında yaxından iştirak edirlər. Hələ sahibkarları demirəm. Bu, bilirsiniz o şirkətlər üçün nə deməkdir? Reklamdan beşqat ötə bir şeydir. Ancaq bu, bizdə kimsənin ağlına gəlmir. İnsanların qafasını dəyişə bilmirik. Hansı ki, sponsorluq etdikləri film gedib çıxar məşhur kino festivalına. Fərqi yoxdur e, udsa da, uduzsa da. Əsas məsələ cəmiyyətin iştirakçılığıdır. Bizdə olmayan daha bir şey”.


“Nə qədər çox film, bir o qədər dünyaya inteqrasiya”

Elcan Məmmədov düşünür ki, kino insanlarına ən böyük köməyi azad bazar etməlidir: sahibkarlar, holdinq sahibləri, şirkətlər və s. Deyir, Avropada hətta sadə vətəndaşlar da iştirak edir: “Baxırsan çox az vəsaitə, məsələn, 135 min avroya film çəkirlər. Filmin sonunda holdinqlər, sahibkarlarla yanaşı, yüzlərlə insanın da adı gedir. Hansı ki, filmin ərsəyə gəlməsinə dəstək olublar. Kimi 100, kimi 50 avro, kimi də film çəkilişləri üçün evini, maşınını verir. Bir sözlə, hər hansı bir formada dəstək olublar. Bizdə bu da yoxdur”.

Elcan Məmmədov dövlətin kino sahəsinə verdiyi dəstəyi normal sayır. Deyir, bircə qalıb həmin vəsaitdən normal istifadə etmək: “Biri var ildə 10 milyona 3 film çəkəsən, biri də var 30. Nə qədər çox film, bir o qədər dünyaya inteqrasiya”.

Ana səhifəXəbərlərAzərbaycan kinosuna ayrılan pullar…