Bizim insanlar arasında qeyri-adi, qəbuledilməz, mənasız bölgülər var; bunlardan biri də kəndli-şəhərli bölgüsüdür. Uzun zamandır fikir verirəm, Azərbaycan kəndlisi həmişə yaşayış tərzinə görə təhqir olunur. Məsələn bizdə insanlara “kəndli”, “kəndçi” sözləri kənddəyaşadıqları üçün deyilmir, bu sözlər insanlar arasında aşağılayıcı bir söz kimi işlənir.
İllərdir, Azərbaycan kəndlisi geyiminə, davranış qaydalarına, düşüncə tərzinə və.s görə təhqir olunur, cəmiyyətdə ayrı-seçkiliyə məruz qalır. Həmişə yerlibazlıq deyilən bir bölgünü daha çox tənqid etmişəm, yerlibazlıq deyiləndə bölgələr arasında olan ayrı-seçkilik nəzərdə tutulur. Amma bizim insanlar tək bölgələrə görə yox , hətta lap uzağa getsək məhəllələrə görə də bir-birlərini seçirlər. İstər Bakı, istər hansısa bölgəmiz olsun, mərkəzdə yaşayan insanlar həmişə kəndlərdə yaşayan insanları özlərindən aşağı görüb, onlara “kəndçi” deyərək aşağılayıblar. Özlərindən seçiblər.
Yaxında Tovuzun bir kəndində qonaq olmuşam, orada insanların yaşayışı, acınacaqlı həyat tərzi tez gözə çarpırdı. Ümumiyyətlə, Azərbaycan kəndlərində vəziyyət çox gərgindi, bunlar haqqında əlavə bir yazı yazmağı düşünürəm. Orada yaşıyan iki qardaş vardı ki, onlarla xeyli söhbət etdik. Hər ikisi hazırda Bakıda ali təhsil alır.
Onların bu sözü məni çox düşündürdü: “Biz Bakıya gedəndən sonra cəmiyyət içinə çıxdıq. ” 20-21 yaşlı insanlardan bu sözü eşitmək həqiqətən dəhşət idi. Mənə uşaqlıqdan hansı şəraitdə böyüməklərindən danışdılar. Hələ onların uşaqlığından elə indiyə qədər kəndin su problemi olub, məktəbə getmək əvəzinə evə su daşımaq, indi həll olunsa da, o zamanlar kənddə qaz olmayıb. Qışda odun daşımaq, yayda təsərufatda olan işlər. Bir az böyüyəndən sonra da universitetə gedənə qədər mal-qaranı otlaqlara aparmaq. Onların bu danışdıqlarını eşidib, hazırda universitetdə oxumaqlarına həqiqətən təəccübləndim. O insanlar həqiqətən cəmiyyətə universitetə gedəndən sonra qarışıb. Təsəvvür edin, insanların televizora baxmağa belə vaxtları olmayıb.
Həmişə olduğu kimi, o insanların da Bakıda yaşayan insanlarla bir yol getməsində problem olub. Mən təkcə kənddə uşaqların hansı işlərə baş qatmasından danışmaq istəmirəm. Uzun illər kənd məktəblərinin hansı vəziyyətdə olduğunu yaxşı bilirik. Bu problemlər çox heyf ki, indi də qalıb. Kəndlərin yolları, kəndlərin mədəniyyət ocaqları, kitabxanaları demək olar ki, indi də tam fəaliyyətsiz qalıb.
Mərkəzdə olduğundan daha mühavizakar, daha acınacaqlı həyat görən bu gənclər eyni zamanda kəndli damğası ilə cəmiyyətdə ayrı-seçkiliyə məruz qalır. Əgər biz hər hansı insanın düşüncəsində, geyimində və ya fərqi yoxdur hansı bir şeyində dəyişikliklərin olmasını istəyiriksə, birinci onu təhqir etmədən nəyə görə belə olduğunu düşünməliyik. Təbii bütün bunlar tənqid olunmalıdr, amma təhqirlə, onları ayırmaqla, seçməklə heçnə düzələn deyil.
Dövlətin kəndliyə qayğısı göz qabağındadır, bu gün Azərbaycan kəndlisinin həll edə bilmədiyi, baş aça bilmədiyi kredit borcları da göz qabağındadır. Təsəvvür edin kənd məktəblərinə müəllim tapılmayan zamanlar olub və hələ də var. Düşünürəm ki, “kəndçi” deyib özünüzdən seçdiyiniz insanları daha dərindən araşdırmalısınız, onların hansı şəraitdə göz açıb- böyüməkləri, hansı qayğılara ehtiyyacı olduqlarını nəzərə almalısınız.
Dünya irqçilik kimi mundar anlayışa qarşı çıxdığı bir zamanda siz kəndli-şəhərli bölgüsü edirsiniz. Bu gün Azərbaycan kəndlisi fərqlənirsə, bunun konkret səbəbləri var, çalışın o səbəbləri düşünün. Kəndlərdə olan mühafizəkarlıq, mentallıq, təhsilsizlik ancaq tənqidlə, etirazla düzələ bilər, yoxsa belə bir ayrı-seçkiliklə heç nə əldə etmək olmaz. Bu düşüncələr qəbuledilməzdi…
Yazı müəllifin şəxsi fikirlərini əks etdirir…