Azərbaycan: Keçmiş və bu gün arasında sınaq

Hökumətin və prezidentin iki iclası ərzində “sınaqlar” mövzusunun açılması göstərir ki, Əliyevin bu xətti real təhlükələr və daxili və xarici xarakterli çağırışlar yarandıqca davam edəcək

Source:


Hökumətin və prezidentin iki iclası ərzində “sınaqlar” mövzusunun açılması göstərir ki, Əliyevin bu xətti real təhlükələr və daxili və xarici xarakterli çağırışlar yarandıqca davam edəcək

Azərbaycan prezidentinin saytı qapalı keçirilən “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinin birinci ilinin yekunları” konfransı başa çatdıqdan neçə saat sonra dövlət başçısının giriş nitqini dərc edib.

Maraqlıdır ki, prezident İlham Əliyevin nitqində siyasi-iqtisadi isteblişmentin çox məhdud dairəsinin iştirak etdiyi konfransın bəyan edilmiş mövzusu ilə əlaqədar qiymətləndirmələr, nəticələr və tövsiyələr yox idi.

Prezident nə haqqında danışıb? Əlverişsiz dünya konyekturası şəraitində ölkənin qarşılaşdığı çağırışlar haqqında. Onun nitqi hökumətin yanvar iclasında 2015-ci ili “sınaq ili” elan etdiyi mövzunun davamı olub.

Nitq neft gəlirlərinin artması sayəsində Azərbaycanın öz siyasi-iqtisadi və regional əhəmiyyətini qat-qat artırdığı ötən gözəl günlərin nümunəsi və narahat dünyanın çağırışları arasındakı ziddiyyət üzərində qurulub.

Məhz real olaraq baş vermiş əhalinin rifahının artması neft qiymətlərinin iki dəfə düşməsindən və ölkənin XXI əsrin ilk onilliyinin ikinci yarısının templəri ilə ardıcıl irəliləyişi təmin etmək iqtidarını itirdikdən sonra çətin vəziyyətdə qalan Əliyevin əsas arqumenti olub.

Prezidentin nitqinin ikinci məqamı ötən onilliyin – yəni 2003-cü ildə hakimiyyətə gəldikdən sonra onun idarəetməsi dövründə rifah prosesinin ayrılmaz hissəsi olan sabitlik və təhlükəsizlik mövzusu olub. Əliyev auditoriyanın diqqətini ya Cənuba – od tutub yanan Yaxın Şərqə, ya Şimala – Ukraya və Rusiya arasında yarımleqal müharibəyə çəkib.

Onun nitqində Azərbaycan dünyada qlobal iqtisadi və dəyərlər böhranı okeanında sabitlik adacığı kimi təqdim edilib. “Dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlayıb. Azərbaycanda isə ötən il bütün işlər müsbət istiqamətdə davam edib. Azərbaycan əmin addımlarla irəliləyir, sabit inkişaf təmin edilib. Azərbaycan sabitlik adası, dünyada inkişaf məkanıdır, belə ki, Azərbaycanda xalq və hakimiyyət arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalqın dəstəyini qazanır”, deyə Əliyev bəyan edib.

O, hökumətin yanvar iclasında olduğu kimi, yenə konkret adlar və ölkələr göstərmədən, qloballaşma şəraitində Azərbaycana xarici təzyiq, hakimiyyətin nüfuzdan salınması üzrə uğursuz cəhdlər haqqında danışıb. Əliyev eynən belə dedi: “Bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun”.

Onun bütün çıxışlarının daimi mövzusu olan Ermənistanın alçaldıcı tənqidi ayrıca bir hədəf idi.

“Milli ləyaqət (Ermənistanın – red.) kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər”,- deyən Əliyev, çox güman ki, rus əsgər Permyakovun erməni ailəsini güllələməsini və onun erməni qanunları ilə mühakimə edə bilmədiklərini nəzərdə tutub.

Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanı gözləyən sınaqlar haqqında xüsusi olaraq danışan Əliyev çətin vaxtların öhdəsindən gəlmək üçün bütün qüvvələri və resursları səfərbər etməyə çağırıb: “Ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq”.

Hökumətin və prezidentin iki iclası ərzində “sınaqlar” mövzusunun açılması göstərir ki, Əliyevin bu xətti real təhlükələr və daxili və xarici xarakterli çağırışlar yarandıqca davam edəcək. Həmçinin, bu mövzunun daha konkret məzmun və təşəbbüslərlə tamamlanacağını gözləmək olar.

Ana səhifəXəbərlərAzərbaycan: Keçmiş və bu gün arasında sınaq