”Azərbaycan kartofa olan təlabatını da ödəyə bilmir”

Vahid Məhərrəmov: ”Adambaşına olan normadan da az kartof istehsal edirik”

Source:
Vahid Məhərrəmov
Vahid Məhərrəmov


Vahid Məhərrəmov: ”Adambaşına olan normadan da az kartof istehsal edirik”

Azərbaycan Ermənistandan 2,6 dəfə az kartof istehsal edib.

Bunu “Facebook” sosial şəbəkəsində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov yazıb.

O, sözlərinə sübut kimi Dövlət Statistika Komitəsinin (DSK) məlumatını təqdim edib:

“MDB ölkələrində illik adambaşına kiloqramla kartof istehsalı göstəriciləri belədir: Аzərbaycan- 94, Ermənistan- 245, Belarus- 630, Ukrayna – 531, Qazaxıstan- 200, Qırğızıstan- 228. Normada adambaşına 125 kiloqram olsa da, biz ondan da az istehsal edirik”.

Ekspert hesab edir ki, hakimiyyətin aqrar sektordakı idarəetməsi “ikinci çörəyin” istehsalını da bərbad vəziyyətə salıb. Azərbaycan özünün kartofa olan təlabatını da daxili istehsal hesabına ödəyə bilmir”.

Onun sözlərinə görə, son 5 ildə ölkəyə kartof idxalı fiziki çəkidə 2,7 dəfə, dəyər ifadəsində isə 6,4 dəfə artıb. Belə ki, 2011–ci ildə ölkəyə 5,2 milyon dollar dəyərində 67,4 min ton kartof idxal olunduğu halda, 2016-cı ildə 33,7 milyon dollar dəyərində 182,9 min ton kartof idxal olunub:

“Bu müddət ərzində kartof ixracı kəskin şəkildə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2011-ci ildə Azərbaycan 91,7 min ton kartof ixrac etdiyi halda, 2016-cı ildə bu göstərici 2,7 dəfə azalaraq 38,2 min ton təşkil edib. Bu azmış kimi 2017-ci ildə pambıq ərazilərinin genişləndirilməsi kartofçuluqdan da yan keçməyib”.

O qeyd edib ki, əvvəlki ilə nisbətən 2017-ci ildə kartof əkini sahəsi 2 min hektar azaldılıb.

“Artıq demək olar ki, ölkə bu sahədə də idxaldan asılı vəziyyətdədir. İstehlakçılara təklif olunan kartof əsasən Rusiyadan, İrandan, Gürcüstandan və digər ölkələrdən gətirilir. Bu kimi səbəblərdən də adambaşına kartof istehlakına görə Azərbaycan hətta MDB ölkələri sırasında axırıncı yeri tutur. MDB ölkələrinin əksəriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə gedir. Xüsusən Belorusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından xeyli çox məhsul istehsal edirlər. Bu qədər məhsul onların istehlak təlabatını ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir”.

V.Məhərrəmov bildirib ki, adambaşına istehlak norması 125 kiloqram olduğu halda, Azərbaycan əhalisi adambaşına 94 kiloqram kartof istehlak edir. Ermənistan əhalisi isə 2016-ci ildə bizdən 2,6 dəfə də çox, yəni adambaşına 245 kiloqram kartof istehlak edib.

Ana səhifəXəbərlər”Azərbaycan kartofa olan təlabatını da ödəyə bilmir”