Partiya sədrinin sürücüsü İrana casusluqda ittiham olunur
Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının üzvü, partiya sədri Elçin Manafovun sürücüsü işləmiş Səbuhi Səlimova hökm oxunub. Hakim Eldar İsmayılovun sədrliyilə çıxarılan hökmə əsasən, Səbuhi Səlimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl çıxış edən prokuror da elə ona 17 il həbs cəzası verilməsini təklif edib.
Cinayət işinin materiallarında iddia olunur ki, o, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edib – İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbər şəxslərinin Azərbaycan əleyhinə göstərişlərini icra edib, onlara məlumatlar göndərib. İttihama əsasən, o, maddi maraq qarşılığında casusluq edib.
Lakin Səbuhi Səlimov bu ittihamları qəbul etmir. O, ailə üzvlərilə birlikdə İrana səfər etdiyini, Bakıda İsrail bayrağını yandırıb, bunun görüntülərini çəkərək, İrana göndərdiyini təsdiqləyir. Lakin bunu onların göstərişilə etməsi haqda iddialarla razılaşmır.
Səbuhi Səlimov bildirib ki, illər öncə İslam Partiyasının sədr əvəzi, həmçinin qohumu olan Elçin Manafovun sürücüsü işləməyə başlayıb. Uşaqlıqdan inanclı olduğunu, eyni zamanda, 2000-ci illərin əvvəllərindən ticarət məqsədilə İrana gedib-gəldiyini deyən Səbuhi Səlimovun sözlərinə görə, 2011-ci ildə ürək əməliyyatına görə ora gedib. Həmin vaxt ailə üzvləri də onunla olub. Amma üərk əməliyyatı olunmadan geri qayıdıblar. Deyir ki, qiymətə görə əməliyyat baş tutmayıb, maddi imkanı çatmayıb.
Cinayət işinin materiallarında yazılıb ki, Səbuhi Səlimov orada olduğu müddətdə SEPAH-ın rəhbər şəxslərindən olan Vəli Cabbari ilə görüşüb, ailənin orada qalmaq xərclərini də onlar çəkib. Lakin Səbuhi Səlimov bunu təkzib edir:
“Mən Vəli Cabbarini bircə dəfə onda görmüşəm, məni qarşılayanların arasında idi. Onun xüsusi xidmət orqanının əməkdaşı olduğunu da bilməmişəm. Mənə nə pul verib, nə də tapşırığı olub.
Mən Bakıda dini mövzuda keçirilən aksiyalarda fəal olmuşam. İsrailə, Amerikaya, Ermənistana nifrətimi bildirmişəm. Lakin heç bir ölkənin xüsusi xidmət orqanıyla əməkdaşlıq etməmişəm”.
İsrail bayrağını yandırıb, videonu İrana göndərməsi haqda danışan Səbuhi Səlimov deyir ki, bu, kiminsə göstərişi ilə baş verməyib. Onun sözlərinə görə, əvvəl İsrailin Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirmək istəyib. Bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin ona icazə verilməyib. Ona görə də aksiyanı öz həyətində keçirib: “Ocaq qaladım, İsrailə lənət oxudum, bayrağı yandırdım. Görüntüləri İrana göndərməkdə xüsusi məqsədim olmayıb. Neyləmişəmsə, öz inancıma görə eləmişəm”.
Məhkəmədə məlum olub ki, görüntüləri Səbuhi Səlimov İrana qızının həyat yoldaşı Məmmədrza Məmmədrzayev vasitəsilə, flaşkartda göndərib. Səbuhi Səlimovla yanaşı, onun kürəkəni də tutulmuşdu, lakin o, sonradan buraxılıb.
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ildən, sədr əvəzi İlham Əliyev isə də 2020-ci ildən həbsdədir. Mövsüm Səmədova 12, İlham Əliyevə isə 16 il həbs cəzası verilib.