Gültəkin Hacıbəyli: “Ərdoğanın bəyanatının da rolu oldu”
Azərbaycan İranla Xəzər dənizində birgə hərbi təlimlər keçirməyə qərar verib.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, bu barədə oktyabrın 4-də Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı Sübhan Bəkirovla İranın Hərbi Dəniz Qüvvələrinin Əməliyyat Komandanı Məhəmməd Reza Xəzainin Bakı görüşündə razılıq əldə edilib.
Bundan bir gün öncə isə – oktyabrın 3-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehrana səfər edib.
Xələfovun İranın yüksək vəzifəli nümayəndələri ilə görüşdüyü, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə etdiyi bildirilir.
Onun səfəri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehran görüşlərindən sonra baş tutub.
2023-cü ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın Bakı ilə Tehranın münasibətlərini kəskinləşdirmişdi. Hətta rəsmi Bakı Tehrandakı səfirliyin fəaliyyətini dayandırmışdı.
Bu baxımdan iki dövlət arasında hazırki yaxınlaşma bir sıra sualları aktuallaşdırır.
Doğrudan da, Bakı ilə Tehran arasında “buzlar” əriyirmi?
İran-Azərbaycan münasibətlərinin pisləşməsi fonunda silahlı basqına məruz qaldığı deyilən deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Xələfovun səfərini təsadüfi saymır.
O, Meydan TV-yə deyib ki, iki ölkə arasında münasibətlərin istiləşməsinə ümid yaranıb:
“Müəyyən boşluqlar olsa da, istiqamət olaraq proseslərin yaxşılığa doğru dəyişməsinə ümid yaranıb. Bu səfərə iki dövlət münasibətlərinin istiləşməsinin davamı kimi baxılmalıdır”.
Deputatın sözlərinə görə, keçirilən görüşlərin hansı məcrada gedəcəyini indidən proqnozlaşdırmaq mümkündür:
“Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyindən Tehranla yeni münasibətlər sisteminin yaranmasına ehtiyac var. Həm də İran İslam Respublikasının proseslərə komplekssiz yanaşma fürsəti yaranıb. Artıq Qarabağ ermənilərini və yaxud Ermənistanı dəstəkləmək siyasəti mənasız xarakter alıb. Bu mənada Bakı-Tehran münasibətlərinin düzəlməməsi üçün heç bir bəhanə yoxdur”.
Fazil Mustafa qeyd edib ki, hazırki gedişat münasibətlərin dialoqla normallaşacağına şərait yaradacaq.
Hərbi təlimlərin keçirilməsinə gəlincə isə, deputat qeyd edib ki, bu, Azərbaycanın qonşu ölkələrlə münasibətdə güvənli olduğunu göstərir:
“Sadəcə, bəzi qonşu ölkələrin özlərinin davranışlarında müəyyən problemlər yaranıb. Hər halda İranla münasibətlərin gərgin olması ürəkaçan deyil. Çalışacağıq ki, bundan sonra pozitiv davranan tərəf kimi əlaəqlərin daha yaxşı inkişafına nail olaq”.
“Görünən o idi ki, Ərdoğan bu məsələ üzərində ciddi çalışır”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə hesab edir ki, Tehran-Bakı münasibətlərində istiləşmənin ciddi səbəbləri var:
“Təkcə, Xələf Xələfovun səfəri deyil, ondan öncə də Bakıdan Tehrana müəyyən mesajlar verilmişdi. Hətta bu günlərdə rəsmi kanalda Azərbaycan səfirliyinə hücum edən şəxsə ölüm hökmünün çıxarılması barədə xəbər yayıldı. Düzdür, sonradan xəbər təkzib edildi, məlum oldu ki, hələ məhkəmə qərarı yoxdur. Amma istənilən halda hiss olunur ki, hər iki tərəf münasibətlərdə “buzlar”ın əriməsini istəyir”.
Gültəkin Hacıbəyli deyir ki, münasibətlərin yaxşılaşmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda səsləndirdiyi bəyanatın da rolu var:
“Rəcəb Tayyib Ərdoğan Ermənistan rəhbərliyinə əməkdaşlıq əlini uzatdığını və bu fürsəti qaçırmamağı söylədi. Məhz söhbət Zəngəzur dəhlizindən, 44 kilometrlik bir yolun birgə istifadəsindən gedir. Görünən o idi ki, Ərdoğan bu məsələ üzərində ciddi çalışır. Hətta əlavə etdi ki, Ermənistan buna razı deyilsə, onları məcbur edə bilməzlər, İranla bu barədə danışıqlar aparılır və müsbət reaksiyalar var. Ona görə Tehran-Bakı münasibətlərinin yaxşılaşmasının alt yapısında bu məqam da var”.
“İranın bu layihənin gerçəkləşməsinə çox böyük ehtiyacı var, çünki sosial problemlərin məngənəsindən çıxmaq istəyir. O baxımdan Azərbaycanla İranın münasibətlərində əlaqələrin normallaşma prosesinin başlanması üçün ilk növbədə Zəngəzur dəhlizi əsaslı səbəbdir”, – Hacıbəyli belə deyib.
İlham Əliyevin nümayəndəsi: “Ermənistan prosesi ləngitsə, “B” planı işə düşəcək”
Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov qərargahı Vaşinqtonda yerləşən Hudson İnstitutunun baş elmi işçiləri Maykl Doran və Lyuk Koffinin moderatorluğu ilə keçirilən müzakirədə Zəngəzur dəhlizi ilə bağlı belə bir fikir səsləndirib:
“Biz etiraf edirik ki, Zəngəzur dəhlizi Ermənistanın suveren ərazisidir. Başqa bir məsələ, rəsmi Yerevanın həmin ərazidə nəqliyyatın hərəkətinin təhlükəsizliyini necə təmin edəcəyidir”.
“Təkid edəcəyik ki, Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvana qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün bizə etibarlı təminat verilsin. Əgər Ermənistan prosesi ləngitmək istəsə, bu halda “B” planı işə düşəcək – marşrut İrandan keçəcək”, – o qeyd edib.
İranla Azərbaycan arasında nə baş vermişdi?
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.