Rəsul Quliyev: “20 faiz işğal olunmuş torpaqlarının heç yarım faizini belə zəif Ermənistandan geri ala bilməyən Azərbaycanın ABŞ-a meydan oxuması gülünc deyilmi?”
ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev “Neft faktoru və Azərbaycan” mövzusunda moderator.az-a analitik yazı göndərib.
Meydan TV həmin məqaləni təqdim edir:
“Neftin qiymətinin aşağı düşməsinin Azərbaycanda insanların həyat səviyyəsinə, iqtisadiyyatına heç bir dəxli yoxdur” deyənlər nadan insanlardır, əminəm ki, onlar ailə büdcəsinin formalaşmasından belə xəbərsizdirlər və ya aldıqları rüşvətlərin prizmasından “real həyat necə ola bilər” variantlarını görə bilmirlər.
Neftin qiymətinin aşağı düşməsi, büdcə gəlirlərinin 50 faizi və ondan artığının bu sektorun payına düşdüyü ölkələrin hamısının iqtisadiyyatını ağlar vəziyyətə qoyacaq, bu, aksiomadır, onun qarşısını nəinki orta savadlı prezidentlər, heç iqtisadiyyat və maliyyə üzrə Nobel mükafatı almış onlarlarla alimlər belə ala bilməz.
Neftin qiymətindən asılı olan keçmiş sovet respublikaları arasında iqtisadiyyatının birinci çökəcəyi ölkə Rusiya Federasiyası olacaq. Çünki Putin Rusiyası toyuğun həmişə qızıl yumurta verəcəyinə inanıb maaşları ən azı 2-3 dəfə artırıb, hərbi xərclərini ildə 90 milyard dollara qədər qaldırıb, lazımsız inşaat işlərinə (əzəmətli binalar, lazımsız körpülər və sair) neftdən gələn pulları sağa-sola dağıdıb…
İkinci iqtisadiyyatının dağılacağı gözlənən Azərbaycanın 24 milyard dollarlıq büdcəsinin azı 18 milyardı birbaşa və ya bilavasitə neft sektorundan gəlir. Neftin qiymətinin iki dəfə aşağıdüşməsi bu 18 milyardın azı 2 dəfə aşağı düşməsi deməkdir.
Azərbaycan büdcədən maaşlara ildə 6 milyard ayırıb. Əslində neft sektoru nəzərə alınmasa Azərbaycan maaşlara 1 milyarddan artıq pul ayıra bilməz. Deməli, maaşlara ayrılmış əlavə 5 milyard neftin satışından gələn pullardır. İndi əgər neftin satışından gələn pullar iki dəfə azalırsa maaşları bu səviyyədə saxlamaq üçün Azərbaycan neft fondunda yığılmış pullardan istifadəetməlidir.
Əgər tikinti üçün nəzərdə tutduğu 6 milyardı xərcləmək niyyətindədirsə, mənbə olaraq ancaq Neft Fondunun pulları ola bilər. Əgər manat –dollar çencini əvvəlki illər səviyyəsində saxlama istəyirsə, deməli, əlavə 8-10 milyard yenə həmin neft fondundan xərcləməlidir.
Hökümət maaşları aşağı sala bilməz, çünki bu, birbaşa azı 3 milyonun maraqlarına toxunan problemdir.
Hərbi xərclərini aşağı sala bilər, məsələn 2 dəfə, ancaq bu onun bağladığı kontraktların şərtlərindən asılıdır. Elə ola bilər ki, cərimələmək, aldığın maldan daha baha olsun.
Mənasız və bu gün lazımsız tikintiləri saxlaya bilər. Ancaq saxlasa 10 minlərlə işsizlər ordusu yaranar. Yəni ölkədə vəziyyət məddahların xoş gəlmək üçün söylədikləri şan- şöhrət qəzəllərindən çox mərsiyyəlik vəziyyətində olacaq.
Belə bir vəziyyətdə Qərblə bağlı riskli siyasət aparmaq Azərbaycan üçün çox ciddi və ağır nəticələrlə qurtarar.
Qonşu Rusiyaya baxıb ibrət dərsi götürmək lazımdır. Neft pullarının hesabına özünü super dövlət hesab edən Putinin prezidentliyinin 2015-ci ildə başa çatması reallıqdır. 15 il hakimiyyətdə oturub neft və qazdan başqa heç bir ixrac məhsulu istehsal etməyən, öz daxili tələbatının azı 40 faizini idxal malların hesabına bağlayan dövlətin və onun prezidentinin taleyi ancaq belə qurtara bilər.
Rusiya neftdən gələn pulları Azərbaycandan da çox xərcləyib. Saysız- hesabsız bahalı binalar tikdirib, hərbi xərclərini 3 dəfə artırıb, maaşlarıdaha böyük sürətlə qaldırıb, indi dövlətinin iflası ilə üz-üzədir. Sanksiyalar tətbiq olunmasa idi, Rusiyada iqtisadiyyatın iflası bir neçə il çəkərdi, sanksiyalar bu iflası bir ilə çatdırıb. Putinin Avro Asiya İttifaqı çox ucuz siyasi blefdir. Heç bir iqtisadi əhəmiyyəti olmayan bu ittifaqı Putin siyasətinin böyük qələbəsi kimi öz xalqına sırımaq istəyir. Qazaxıstan və Ermənistan qorxularından, Belarus və Qırğızıstan isə Rusiyadan pul qopartmaq üçün bu ittifaqa giriblər. Bu ittifaq maksimum iki ilə dağılıb gedəcək. İttifaqda Ermənistandan başqa kimsə qalmaz.
Ancaq neft eksportuna güvənən Venesuelanın düşdüyü vəziyyət bu tipli bütün ölkələrdə eyni ssenari ilə davam edəcək. Diqqət yetirin. 30 milyonəhalisi var. Azərbaycandan 3 dəfə çox. Gündə 3 milyon barell neft satır. Bu da Azərbaycandan 3.5 dəfə çoxdur. İndi ölkənin iqtisadiyyatı tam dağılmağın astanasındadır. Çünki büdcə neftdən asılıdır. Çünki süni sürətdə maaşlar qaldırılıb. Çünki lazımsız binalar tikməyə böyük pullar xərclənib. Çünki hərbə lüzumsuz izafi xərc çəkib. Əlavə ABŞ-ın sanksiyaları da öz rolunu oynayıb.
ABŞ və Qərbin sanksiyası təkcə o ölkə ilə apardığı ticarətin dayandırılması deyil. Dünya bank sisteminin kredit proqramından ölkəninçıxarılması, aktivlərinin dondurulması, banklarda hesablarının (həm hökümətin, həm fərdlərin, həm də yaradılmış kompaniyaların) bağlanması, bir sözlə, maliyyənin tam iflic vəziyyətə salınması deməkdir. Rusiya kimi dünya neft və qaz eksportunun az qala 20 faizini təşkil edən ölkəyəsanksiyaların qoyulması nəticəsində iqtisadiyyatın ağlar vəziyyətə salınmasından məgər ibrət dərsi götürməməlidirmi Azərbaycan? 20 faiz işğal olunmuş torpaqlarının heç yarım faizini belə, kiçik, zəif Ermənistandan geri ala bilməyən Azərbaycanın ABŞ boyda super dövlətə meydan oxuması gülünc deyilmi?
Məgər Azərbaycandan gündə 600 min barell neft eksportunun dünya iqtisadiyyatında heç bir rolu olmadığını bilmirlərmi? Neftin və boru kəmərinin tək Azərbaycana yox, həm də xarici şirkətlərə məxsus olduqlarından məgər xəbərləri yoxdurmu bizim bürokratların? Bilmirlərmi ki, istənilən vaxt həm neft çıxarılmasını, həm də borunun istifadəsini saxlaya bilərlər.
Azərbaycan höküməti dünyada tanınmış çoxsaylı insanları gülünc ittihamlarla həbs etməklə hansı məqsədi güdür başa düşmək mümkün deyil. Həbs olunmuş insanların vasitəsilə ABŞ və ya Avropa ölkədə dövlət çevrilişi etmək istəyir iddiasına nə daxildə, nə də xaricdə heç kimi inandırmaq mümkün deyil. Kim Leyla Yunusun, Xədicə İsmayılın, Rauf Mirqədirovun, İntiqam Əliyevin və başqalarının çevriliş etmək şansının olduğuna inana bilər? Heç kim. Bütün Qərbi özünə düşmən edən belə riskli siyasət hökümətin nəyinə lazımdır? Onları həbs etməklə apardığın siyasətlə ancaq neqativ münasibətə nail olmaq olar.
Bunları yazmaqda mənim məqsədim nədir? Bu yazılar hökümətin əleyhinədir və ya müxalifəti dəstəkləməkdir? Haqlı sualdır, təbiidir. Birbaşa cavab verirəm. Bu yazıları yazmaqda məqsədim xalqı gələcəkdə baş verə biləcək xaosdan həm xəbərdar etmək, həm də qorumaqdır. Azərbaycanın tarixində (ən azı 500 illik) xalqın və ya müəyyən bir qrupun təşkil olunmuş şəkildə uğurla qurtaran dövlət çevrilişi hadisəsinə rast gəlmək mümkün deyil. Yeganə təşkil olunmuş hərəkat Səttərxan Hərəkatı olub, onun da məqsədi dövlət çevrilişi deyildi. Ancaq qanlı xaoslar olub. Elə son 30 ildə Sumqayıt xaosu, Bakıdakı Yanvar qırğını, Quba və İsmayıllı hadisələri bir daha göstərir ki, Azərbaycanda hadisələr idarəolunmaz şəkildə başlayır. Azərbaycanda evalyusiya yolu ilə (yəni konstitusion qanunlar əsasında) hakimiyyət dəyişmək şansına malik müxalifət yoxdur. Əslində azərbaycanlıların xarakterini , mentalını ən azı tarixindən az da olsa başı çıxan hökümət ölkənin vətəndaş cəmiyyəti yaratmaqdan keçən evolyusion inkişafını təşkil etməyi öz üzərinə götürməlidir”.