Azərbaycan ilk dəfə İsrailə səfir göndərdi

Muxtar Məmmədov. Foto: “edu.gov.az”

Muxtar Məmmədov təhsil nazirinin müavini vəzifəsində çalışırdı

Muxtar Məmmədov Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev yanvarın 11-də sərəncam imzalayıb.

Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində “Dövlət qulluğunun təşkili və idarəedilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

M.Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

O, 2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri olub.

2021-ci ildə təhsil nazirinin müavini təyin edilib. Səfir təyinatına qədər M.Məmmədov elm və təhsil nazirinin müavini vəzifəsində çalışırdı.

2022-ci ilin noyabrında Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.

Qanun layihələrinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.

Ana səhifəSiyasətAzərbaycan ilk dəfə İsrailə səfir göndərdi