“Azərbaycan idxaldan asılı vəziyyətdədir” (VİDEO)

Payız ayları əhalinin diqqətini kənd təsərrüfatı məhsullarına artırır. Elə kənd təsərrüfatı naziri Heydər Əsədovun son açıqlamaları da medianın marağını bu istiqamətdə gücləndirdi. Bu məqsədlə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovla söhbətimizdə gündəmin aqrar suallarına cavab almağa çalışdıq.



Vahid müəllim, söhbətimizi kənd təsərrüfatı naziri Heydər Əsədovun sonuncu bəyanatıyla başlamaq istəyirəm. Nazir bildirib ki, Azərbaycan özünün kənd təsərrüfatı sahələrini Rusiyaya icarəyə verə bilər. 20 faiz ərazisi işğal olunan Azərbaycanın buna ehtiyacı varmı?

–         Doğrudan da, düz dediniz, 20 faiz ərazisi işğal olunan Azərbaycanın 1 milyon məcburi köçkünü var. 1 milyon məcburi köçkün pərakəndə formada müxtəlif rayonlara bölüşdürülüb. Həmin əhalinin əvvəlki məşğulluğu ənənəvi olaraq heyvandarlıq, bitkiçilik  olub. Bugün insanların əkin, örüş sahələrinə ehtiyacı var. Hökumət çalışmalıdır ki, məcburi köçkünlərin torpaq, əkin sahəsinə ehtiyacı ödənsin. Çünki onlar olduqca işgüzardırlar, həm də bununla məcburi köçkünlərin məşğulluğu təmin olunar. Digər tərəfdən, Azərbaycanın əhalisi qonşu ölkələrə nisbətən sürətlə artır, artan əhalinin də gələcəkdə iş yerlərilə təmin olunması üçün əkin sahələrinə ehtiyac var. Hazırda Azərbaycanın adambaşına düşən əkin sahəsi olduqca məhduddur və get-gedə azalır.



Əkin sahələrinin azalmasının səbəbi nədir?

–         Birinci səbəb neft-qaz borularının çəkilməsidir. Boruların altında böyük əkin sahələri olduğundan istifadəsiz qalır. İkincisi, yollar çəkilir, yeni müəssisələr, evlər tikilir. Bütün bunların hamısı kənd təsərrüfatına yararlı olan əkin sahələrini sıradan çıxardır. Bir tərəfdən əhalinin artması, digər tərəfdən də əkin sahələrinin azalması torpağa olan ehtiyacı ciddi problemə çevirir.



Deməli, nazirlik məcburi köçkünlərin torpağa münasibətini gücləndirmək yönümündə bir iş görə bilmir?

–         Ümumiyyətlə, mən nazirin xatırlatdığınız bəyanatını başa düşə bilmirəm. Çünki nazirliyin torpaq resursu yoxdur. Azərbaycanda torpaq dövlətindir, o cümlədən, bələdiyyə torpağı və xüsusi mülkiyyətdə olan torpaqlar var. Nazirlik yalnız bu istiqamətdə  təşəbbüs göstərə bilər, əgər hər hansı bir formada ehtiyac yaransa. Bugün Rusiyanın 40 milyon hektar əkinə yararlı sahəsi var, vaxtilə bu sahədən istifadə olunsa da, indi boş qalıb.



Belə olanda Rusiya Azərbaycana maraq göstərə bilərmi?

–         Rusiyanın Azərbaycanda marağı heç də kənd təsərrüfatı məhsulu istehsal edib və ardınca birgə müəssisə yaradıb öz ehtiyacının bir hissəsini ödəmək deyil. Rusiyanın marağı yalnız siyasi səciyyə daşıyır.



Bu, aydın məsələdir. Mən diqqəti son vaxtlar televiziyaların Rusiya bazarlarının Azərbaycan kənd təsərrüfatı malları ilə doldurulması barədə xəbərlərinə yönəltmək istərdim. Belə təəssürat yaradılır ki, Rusiya bazarlarında yalnız Azərbaycan mallarıdır…

–         Hökumət rəsmilərinin bu cür bəyanatları heç bir fakta əsaslanmır. Birincisi, Dövlət Statistika Komitəsinin məlumatları var. Son 3 ildə Rusiyaya ixrac edilən məhsulun həcmi azalır. Bizim təxminən Rusiyaya göndərəcəyimizmal ortalama 200 min ton edir, buda təxminən 250 milyon dollar civarındadır. Rusiya bazarı üçün cüzi rəqəmdir, şimal ölkənin idxalın hesabına ödənilən tələbatı 40 milyard dollardır. Azərbaycanın 250 milyon dollar həcmində mal-məhsul ixrac etməsi Rusiya bazarı üçün cüzi rəqəmdir. Son zamanlar Rusiya bazarında Azərbaycan məhsulları tədricən sıxışdırılıb çıxarılır.



Nə üçün?

–         Səbəblər müxtəlifdir. Hətta nəinki Azərbaycan məhsulları, ötən illərdə azərbaycanlıların deportasiya olunmasını da xatırlamalıyıq.



Amma Moskva meri Sobyanin Bakıya gəldi, prezident İlham Əliyevlə görüşdü və paytaxt bazarlarının Azərbaycan məhsullarıylatəmin etmək üçün müzakirələr oldu. Sonradan nazir Heydər Əsədovun bəyanatları ortaya çıxdı. Sizin dediyinizdən o nəticə yaranır ki, vəziyyət telekanlların göstərdiyi kimi deyil?

–         Rusiya üçün bugün kənd təsərrüfatı məhsulları, yaxud ərzaq mallarından daha vacib başqa bir məqam var. Avropa Birliyi ölkələri ilə Rusiya arasında ciddi narazılıq var.Bu vəziyyətdə Rusiya başqa ölkələrlə yeni münasibətlər qurmağa çalışır. Söhbət yeni dostların tapılmasından gedir.



Mən yenidən nazir Heydər Əsədovun çıxışına qayıdıram, o, taxılçılıqdakı böhranı vurğulayaraq gələn il nəticə çıxaracaqlarını bildirir. Sizcə, nazirlik nəticə çıxaracaqmı?

–         Ümumiyyətlə, Azərbaycanda taxılçılıqla bağlı ciddi böhran var. Uzun müddətdir hökumət hər ilin yekununda növbəti ildə taxılçılığın inkişaf etdiriləcəyi barədə bəyanatlar verir. Yəni daxili istehsal hesabına taxılçılığa olan təlabatımızı ödəyəcəyik. Hətta 2010-cu ildə keçmiş nazir, indiki baş nazir müavini İsmət Abbasov bəyanat vermişdi ki, növbəti il Azərbaycan xarici ölkələrə taxılməhsulları ixrac edəcək. Bilirsiniz, bu sahə bəyanatla inkişaf etmir, çox ciddi işlər görülməlidir. Birincisi, ciddi aqrar siyasət aparılmalıdır. Bugün Azərbaycanda taxılçılığı inkişaf etdirmək üçün toxumçuluğu inkişaf etdirmək gərəkdir. Toxumçuluq isə bərbad haldadır, bizdə məhsuldarlıq o qədər aşağıdır ki, heç bir ölkəylə müqayisə olunası deyil. Toxumçuluğu bərbad olan ölkədə taxılçılığı inkişaf etdirmək haqqında düşünmək düzgün deyil. Bu, o deməkdir ki, belə bəyanat verənlər həmin sahənin mütəxəssisi deyillər. İkincisi, Azərbaycanda suvarma sistemi bərbad haldadır. Havaların isti keçməsi nəticəsində bitkilərin suya ehtiyacı artdığı halda suya olan tələbat ödənilməlidir. Halbuki, Azərbaycanın potensialı kifayət qədər imkan verir ki, taxılçılıqda və bitkiçilikdə suya olan ehtiyacı ödəyə bilsin. Bizim 32 milyard kubmetr su potensialımız var. Quraqlıq olan il bu rəqəm 22 milyarda düşür. Ancaq bizim suya təlabatımız 4-5 milyard kubmetr olsa da, istifadə olunan suyun həcmi 12 milyard kubmetrdir. Bunun da 4 milyardı itkiyə gedir. Yəni bu sahədə təsərrüfatsızlıq elə həddə gəlib çatıb ki, hökumət vəziyyət necə çıxacaq, məlum deyil.



Amma nazir Əsədov nəticə çıxaracaqlarını bildirir…

–         Bunlar sözdə vəd verirlər, əməldə hələ hansısa işin həyata keçdiyi görünmür. Bugün torpaqlarda deqradasiya prosesi sürətlə gedir, uzun müddətdir bu barədə danışırıq, amma nəticə yoxdur. Bilirsiniz, əkinçiliyi inkişaf etdirmək hansısa bitkinin toxumunu səpib, sonra onu biçməkdən ibarət deyil. Bu prosesdə gərək aqrotexniki qaydalara tam əməl olunsun.



O zaman sual yaranır, Azərbaycanın ərzaq təhlükəsizliyinecə təmin olunur və bu yöndə problemlər nədən ibarətdir?

–         Deməli, bugün biz torpağın qida maddələrinə ehtiyacını ödəyə bilmiriksə, həmin torpaqdan yüksək məhsul əldə etmək mümkün olmayacaq. Bunu nazir də, nazirlikdə çalışanlar da, fermer də bilməlidir. Görürsünüz, problemlər zəncirvaridir, toxumla, su ilə, mineral, üzvi kübrələrlə təminatda problemlər yaranıb. Belə olan halda taxılçılığı inkişaf etdirə bilərikmi? 10 il əvvəl ölkəyə 700 min ton buğda idxal olunurdusa,hazırda rəqəm iki dəfədən çox  artıb. Təsəvvür edin, hökumət həm deyir ki, daxili istehsal hesabına özümüzün ərzaq təhlükəsizliyimizi təmin edə bilərik, həm də başqa ölkələrdən ərzaq mallarına ehtiyacımız artır. Buda bizim ərzaq təhlükəsizliyimizin çox ciddi təhdid mənbəyi olmasından xəbər verir. Biz hələ kənd təsərratında idarəetməni normal sistemli qaydada yarada bilməmişik, çox ciddi pərakəndəlik mövcuddur, o cümlədən, aparılan siyasətdə də sistemli iş qurulmayıb.



Son vaxt kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması hansı amillərlə bağlıdır?

–         Səbəb ondan ibarətdir ki, Azərbaycan özünün kənd təsərrüfatı və ərzaq mallarına tələbatını ödəyə bilmir. Təsəvvür edin, biz ətə olan tələbatımızın yalnız 38 faizini daxili istehsal hesabına ödəyə bilirik, 2 faiz da xaricdən gəlir. Ümumiyyətlə, biz normal qidalana bilmirik. Azərbaycan elə bir kənd təsərrüfatı məhsulu yoxdur ki, o sahə üzrə özümüz tələbatı tam ödəyək. Baxmayaraq ki, hər dəfə rəsmilər pafosla danışırlar. Guya Azərbaycan Rusiya və digər ölkələrə kifayət qədər mal-məhsul ixrac edə bilər. Halbuki, Rusiya bizdən iki dəfə artıq istehlak edir. Yəni şimal ölkədə Dünya Səhiyyə Təşkilatının normasına uyğun qidalana bilirlər. Bizdə isə vəziyyət əksinədir.



Qidadan söz düşmüşkən, qidalar dünya standartlarının təlabatına cavab verirmi?

–         Ümumiyyətlə, ərzaq təhlükəsizliyi deyəndə, ilk növbədə, ərzağın həcminin kifayət qədər olması əsas şərtlərdən biridir. İkincisi, ərzağın keyfiyyətidir, üçüncüsü, dayanıqlı təminatıdır. Nəhayət,ərzağın əlçatan olması vacibdir. Bu gün ölkəmiz idxaldan asılı vəziyyətdədir.Adi bir fakt; süd məhsullarına olan tələbatın 50 faizini ödəyə bilirik, qalanı idxaldır. Ötən illə müqayisədə bu il yanvar və avqust aylarında kərə yağının idxalı 50 faiz artıb. Bir kiloqram kərə yağını istehsal etmək üçün 22 litr süd lazımdır. Bugün bazarlarda müasir tələblərə cavab verən keyfiyyətli süd məhsulları tapmaq mümkün deyil. O südü keyfiyyətli hesab etmək olar ki, təzə olsun. Azərbaycanda buna imkan olduğu halda heç birimiz təzə süd içmirik. İstehlak olunan südə süd demək düzgün deyil, bu, süd içkisidir.



Belə olanda, digər məhsullarda da problemlər varmı?

–         Tamamilə doğrudur. Səbəb odur ki, ciddi nəzarət olmadığından işbazlar vəziyyətdən öz maraqları üçün istifadə edib əhaliyə keyfiyyətsiz məhsullar satırlar. Biz istehlakçılar da öz hüquqlarımızı bilmədiyimiz üçün tələb qoymuruq. İndiyə qədər kərə yağının keyfiyyətilə bağlı kimsə sahibkarı məhkəməyə verməyib. Hüquqlarımızı bilmədiyimizdən sahibkarlar istifadə edir, məmurlar da buna göz yumur. Çünki onların mövcud vəziyyətin yaranmasında marağı var. Əksər məmurların kənd təsərrüfatı biznesində əlaqəsi olduğundan bir-birini müdafiə edir, zərər çəkən isə əhalidir.

Ana səhifəVideo“Azərbaycan idxaldan asılı vəziyyətdədir” (VİDEO)