Azərbaycan icmasından ən çox namizədin qatıldığı seçki

Gürcüstanda dini qurumların namizədlərə dəstək verdiyi iddia olunur

Source:
Foto Meydan TV
Foto Meydan TV


Gürcüstanda dini qurumların namizədlərə dəstək verdiyi iddia olunur


Oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərində etnik azərbaycanlılar əvvəlki illərə nisbətən daha fəaldırlar. Bu, Gürcüstanın müstəqillik tarixində Azərbaycan icmasından ən çox namizədin qatıldığı seçkidir.

Parlament seçkiləri üçün azərbaycanlıların yaşadığı dörd rayon – Marneuli, Bolnisi, Dumanisi və Qardabanidən ümumilikdə 19 adam namizədliyini irəli sürüb.

Hazırda, Gürcüstan Parlamentində üç azərbaycanlı millət vəkili var. Onlardan hakim “Gürcü Arzusu” Partiyasının üzvü Mahir Dərziyev və “Vahid Milli Hərəkat” Partiyasının üzvü Azər Süleymanov yenidən namizədliklərini irəli sürüblər.

Azərbaycanlı namizədlər seçki kapmaniyasında ən çox sosial müavinət, kənd təsərrüfatı və vergi ilə bağlı məsələləri həll edəcəklərini vəd edirlər. Lakin bu seçki kampaniyası haqqında çox səslənən fikirlərdən biri də namizədlərin dini qurumların dəstəyindən istifadəsidir.

Onların təbliğatları güclü, təsir dairələri isə genişdir

“Din bizdə hər sahəyə təsir etmək gücündədir. Belə bir tendensiya var; siyasətə gələn azərbaycanlı namizədlər çalışırlar ki, həmişə dindar toplumla çox yaxşı əlaqələr qursunlar. Çünki onların təbliğatları güclü, təsir dairələri isə genişdir”.

Gürcüstan azərbaycanlılarının maariflənməsini nəzərdə tutan “Renessans” layihəsinin müəllifi Aydan Yusifova belə deyir.

Renessans.ge adlı sayt etnik azərbaycanlıların yaşadığı Kvemo-Kartli regionu haqqında xəbərləri, həmçinin regionda yaşayan gənc yazarların əsərlərini dərc edirdi. Bir il əvvəl saytda təhsil və dinlə bağlı yayımlanan karikatura Marneulidəki dindar kəsimin narazılığına səbəb olmuşdu.

Aydan Yusifova deyir ki, Gürcüstan azərbaycanlılarının təhsil problemi dinin bu toplum üzərində böyük təsirə malik olmasına səbəbdir. “Bu təsir seçkilərdə də rol oynayır”.

Gürcüstan azərbaycanlıları üçün müxtəlif mövzularda mühazirələr təşkil edən “Düşünən Vətəndaş” Mərkəzinin koordinatorlarından biri Elvin Buntürk də dinin etnik Azərbaycan icması üzərində böyük təsirə malik olduğu fikrindədir.

“Namizədlər də təbii olaraq, bu gücdən istifadə edirlər. Məsələn, “Vahid Milli Hərəkat” Partiyasından Əhməd İmamquliyevin kəndlərdəki əsas dayağı dindarlardır. Onun özü də dindardır. Qardabanidə də həmçinin dindarlar bölünüblər, bir hissəsi Savalanı Mirzəyevi, bir hissəsi isə Rauf Bayramovu dəstəkləyir”.

Onların məni dəstəkləməsində pis heç nə görmürəm

İddialarda adı çəkilən, “Vahid Milli Hərəkat” Partiyasının Marneuli rayonu üzrə namizədi Əhməd İmamquliyev dindarlar tərəfindən dəstəkləndiyini inkar etmir, amma bunu konkret hansısa dini quruma bağlamağın da tərəfdarı deyil:

“İnanclı insanların məni dəstəkləməsi onların öz seçimidir. Dindarlar hansısa quruma tabe deyillər, sıradan vətəndaşlardır və onların məni dəstəkləməsində pis heç nə görmürəm. Dindar insanların dəstəyini hansısa dini qurumla əlaqələndirmək olmaz. Biz seçicilərimizi dindar, yaxud qeyri-dindara bölməmişik”.

Özünün heç bir dini qurumdan tərəfindən dəstəklənmədiyini deyən Əhməd İmamquliyev hakim “Gürcü Arzusu” Partiyasının dini qurumlar tərəfindən dəstəkləndiyi fikrindədir.

“Müsəlmanların burada bir neçə qurumu var. Onlardan biri – “Gürcüstan Müsəlmanları” İdarəsi hakimiyyət partiyasını dəstəkləyir. Namizədlərlə məsciddə görüşlər keçirirlər. Həmçinin, Gürcüstanın patriarxı bu regiondakı Tsereteri –Orjnikidze kəndində keçirilən “Tsirva”da (Dua günü) əhaliyə deyib ki, “Gürcü Arzusu” Partiyasına səs verin”.

10 molladan 9-u dövlətə işləyir

“Dövlət Xalq Naminə” Partiyasının Marneuili üzrə namizədi İsrafil Bayramov da Gürcüstandakı dini qurumların seçkilərdə böyük rolu olduğunu düşünür:

“Onlar ictimai şəkildə qərar qəbul ediblər ki, heç bir partiyanı dəstəkləməyəcəklər. Amma hakim partiyanı dəstəklədikləri hiss olunur. “Gürcüstan Müsəlmanlar” İdarəsini dövlət yaradıb. Təbii ki, nəticədə onlardan istifadə edirlər. İdarənin üzvləri arasında dövlətin adamları çoxdur, 10 molladan 9-u dövlətə işləyir”.

İsrafil Bayramov dindar namizədlərin inanclı insanlar tərəfindən daha çox dəstəkləndiyini də qeyd edir.

“Baxmayaraq ki, mənim də din üçün xidmətlərim olub, bir çox tələbənin təhsil üçün İrana və Türkiyəyə getməsini təşkil etmişəm. Amma dindar kəsim kim namaz qılırsa, dini ayinləri yerinə yetirirsə, onu dəstəkləyir”.

Foto Meydan TV
Foto Meydan TV

Bizi ləkələməyə çalışırlar

“Gürcüstan Müsəlmanlar” İdarəsinin rəhbəri Ramin İgidov isə deyir ki, qurum haqqında yayılan fikirlərin heç bir əsası yoxdur:

“Bu aralar bizi çox ləkələməyə çalışırlar. Bu sözlərin heç bir əsası yoxdur, yalandır”.

Ramin İgidov bildirir ki, hakim partiyanın namizədləri ilə təmsil etdiyi idarənin üzvlərinin seçkiqabağı tədbirlərdə birlikdə görünməsi təsadüfdür:

“Baş nazir məscidə gəlmişdi, eyni zamanda “Gürcü Arzusu” Partiyasının Marneuli rayonu üzrə namizədi də gəlmişdi. İndi deyirlər, onu niyə dəvət etmişdiniz? Onu mən dəvət etməmişdim. Baş nazir gələndə onu da dəvət etmişdilər, o da gəlib iştirak etmişdi.

Bundan başqa bir neçə kənddə tədbirlər keçiriləndə, bəzən deputatlığa namizədlər də gəlib ora düşür. Onda da mən axundumuza demişəm ki, dəvət edirsinizsə, gərək hamını dəvət edəsiniz. Dedi, yox, biz dəvət etməmişik. İcra hakim də həmin tədbirdə iştirak edirdi, yəqin ki, namizədi də onlar dəvət ediblər…”

Mərkəzi Marneulidə yerləşən “Əhli-Beyt” cəmiyyətinin sədri Rasim Məmmədov da birlik əməkdaşlarının heç bir partiyanı dəstəkləmədiyini deyir.

Əhalini seçkilərdə aktiv olmağa, öz hüquqlarını qorumağa səsləmişik

Marneulinin ən böyük məscidlərindən biri İmam Əli məscidinin axundu Hacı Hacıyev məscidlərdə görüşlərin keçirilməsi ilə bağlı suala aydınlıq gətirərkən bildirdi ki, onlar konkret olaraq hər hansı partiyanı dəstəkləyən çıxışlar etməyiblər:

“Biz əhalini seçkilərdə aktiv olmağa, öz hüquqlarını qorumağa səsləmişik. Amma konkret olaraq, hər hansı partiyanı dəstəkləyən çıxışlarımız olmayıb”.

Hakim “Gürcü arzusu” Partiyasının Marneuli rayonu üzrə namizədi Ruslan Hacıyev də səslənən fikirlərlə razı deyil və heç bir dini qurumla əlaqəsinin olmadığını bildirir:

“Sadəcə, ayrı-ayrı görüşlərə məni dəvət ediblər, orada dindarlar da olub. Ola bilsin, həmin görüşlərdə mən öz platformamdan danışmışam, amma dindarlarla eyni tədbirdə iştirak etmək onların bizə dəstəyi anlamına gəlmir. Əhalinin dini baxışalarından bizim oppnentlərimizin özləri daha çox istifadə edirlər”.

Bunu təzyiq kimi qiymətləndirirəm

“Etnik azlıqların seçki ilə bağlı maarifləndirilməsi” layihəsinin Kvemo-Kartli üzrə koordinatoru Samirə Bayramovanın fikrincə, dini qurumların və məscidlərin seçki prosesində aktiv olması yaxşı hal deyil:

“Bir neçə məscid var ki, fərdi olaraq partiyalara köməklik göstərir. Bunu bir növ təzyiq kimi qiymətləndirirəm. İnsanların azad seçimində hər hansı təsirdən istifadə edilməməlidir”.

Gürcüstanda “Transparency International” təşkilatının aparıcı hüquqşünası Gio Çixladze deyir ki, Gürcüstanın Seçki Məcəlləsinə əsasən, hər hansı dini təşkilatın siyasi fəaliyyəti və seçki kampaniyası dövründə namizədləri dəstəkləməsi qadağandır:

“Hətta hər hansı dini qurum nümayəndəsinin seçki kampaniyası zamanı namizədlərlə eyni tədbirlərdə iştirakı dəstək hesab olunur və bu, qanun pozuntsudur”.

Gio Çixladze deyir ki, qeyd olunan bənd dini qurumların sıravi nümayəndələri və inanclı vətəndaşlara aid deyil.

Ana səhifəXəbərlərAzərbaycan icmasından ən çox namizədin qatıldığı seçki