Yasin Quliyev Türkiyədə təhsil alacaq
Azərbaycanda keçirilən “Məktəblilərarası II robot Olimpiadası”nda “Hardware Control” kateqoriyası üzrə I yerin qalibi olan 17 yaşlı Yasin Quliyev dünyanın bir çox unuversitetini – University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Türkiyənin Sabancı və Bahçeşehir Universitetini (100/100 burs) qazanıb. Ancaq seçimini Sabancı Univeristeti üzərində saxlayıb. O, təhsilini Sabancı Universitetində kompüter mühəndisliyi bölümündə davam etdirəcək. Gəncin Sabancı Univeristetindən 56.000 dollar təqaüd qazandığı haqda məlumatlar yayılıb.
Bu barədə məlumatı Yasin Quliyevin yaxınları sosial şəbəkələrdə paylaşıb, “Facebook”da Yasin Uğur kimi tanınan gənci təbrik ediblər.
Yasin Quliyev “Report”a açıqlamasında deyib ki, Amerikada qazandığı 4 universitetə sənədlərini özü yollamayıb:
“Həmin universitetlərə sənədlərimi xarici təhsil şirkətlərindən biri yollamışdı. Ödənişlər isə həddindən artıq çox idi. Mən şərtləri belə düşünmürdüm. Həmin universitetlərdən, demək olar ki, təqaüd qazana bilmədim. Təxminən, çox az, yəni 10-15 faiz təqaüd qazandım. Bu da həmin təhsil şirkətinin səhvi idi. Ona görə də xaricdə təhsil şirkətlərinə inanmaq lazım deyil və bununla bağlı da sosial şəbəkədəki hesabımda ayrı status yazacağam”.
Y.Quliyev bildirib ki, ali təhsil müəssisələrinə sənədləri abituriyentlər özləri göndərməlidir:
“Çünki tələbəni özündən yaxşı tanıyan yoxdur. Ona görə də mən gecikmişdim. Qərara gəldim ki, atamla birlikdə İstanbula gedək. Sabancı Universitetinin professor heyəti qarşısında bir saatlıq özüm haqqında təqdimat etdim. Həmin anda mənə dedilər ki, sənin 72%-lik təqaüd və yataqxana xərclərinin hamısını qarşılayacağıq. Dünən də mənə universitetdən cavab göndərildi. Halbuki təhsil şirkətlərindən mənə demişdilər ki, heç vaxt təqaüd qazana bilməzsən. Hətta 5 faizlik belə təqaüd qazanmayacaqsan. Tələbələrə müraciət edirəm ki, xarici təhsil şirkətlərinə inanmasınlar. Pul alıb sadə tələbə kimi qeydiyyatdan keçirirlər və sonradan onlar hər hansı bir təqaüd qazana bilmirlər. Sentyabrdan dərslər başlayacaq. Hesab edirəm ki, sənəd işlərimi gələn həftə üçün tam yekunlaşdıracağam”.
Gəncin atası Yalçın Quliyev isə Trend-ə
bildirib
ki, oğlu saytlarda deyildiyi kimi, 56 min dollar təqaüd almayacaq. Y.Quliyevin sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:
“Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı Universitetində oxusun.
Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq”.
Yasin Quliyev "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.
Ötən ilin avqustunda Yasin Quliyev yolpulu olmadığından Meksikada keçirilən beynəlxalq yarışa qatıla
bilməmişdi.
Azərbaycan Nəqliyyat Yüksək Texnologiyalar Nazirliyi də Yasin Quliyevin Beynəlxalq Olimpiadaya getməsi üçün heç bir dəstək göstərməmişdi. Onunla bağlı müraciətə rəsmi olaraq “pulumuz yoxdur” demişdilər. Bundan sonra Yasinin atası oğlunun yol pulunu öz cibindən ödəməyə çalışmışdı. Amma əlavə xərclər də lazım olduğundan, bu, mümkün olmamışdı.