”Azərbaycan hökuməti seçki ilə bağlı tövsiyələrin əksəriyyətinə əməl etməyib”

Akif Qurbanov: ”ATƏT şikayətləri araşdıran ekspert qrupunun formalaşdırılması prinsipini bəyənmir”

Source:


Akif Qurbanov: ”ATƏT şikayətləri araşdıran ekspert qrupunun formalaşdırılması prinsipini bəyənmir”

Növbədənkənar prezident seçkisi başa çatsa da, ATƏT və Venesiya Komissiyasının Azərbaycan hökumətinə seçki ilə bağlı tövsiyələri yenidən müzakirə predmeti olaraq qalır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının sözçüsü Tomas Raymer Meydan TV-yə deyib ki, indiyə qədər hökumətə seçki barədə verdikləri tövsiyələrin əksəriyyətinə əməl olunmayıb.

“Bizim bununla bağlı gözləntilərimiz hər zamankı kimidir. Azərbaycan da daxil olmaqla bütün üzv ölkələr tövsiyələrlə bağlı öhdəlik götürüb. Öhdəliklər Azərbaycan üçün hələ də keçərlidir”.

Hökumət tövsiyələrə əməl etməyib

Tomas Raymer bildirib ki, aprelin 11-də keçirilən növbədənkənar seçki haqda ilkin bəyanata əsasən, keçmişi nəzərə alaraq Azərbaycana verilən tövsiyələrin əksəriyyətinə əməl olunmayıb:

“Biz hər zaman məsləhətlər verərkən ümid edirik ki, tövsiyələrimiz ölkənin seçki sisteminə töhfə verəcək. Gözləyirdik ki, Azərbaycan hakimiyyəti üzv ölkələrin verdiyi tövsiyələrə əməl edəcək”.

Tomas Raymer sağdan birinci
Tomas Raymer sağdan birinci

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası aprelin 11-də 1300-dən çox seçki məntəqəsində müşahidə aparıb. Missiyanın yaxın 2 ayda daha detallı hesabat hazırlayacağı gözlənilir. Sənəddə nöqsanların aradan qaldırılması üçün hökumətə tövsiyələrin veriləcəyi bildirilir.



ATƏT indiyə qədər hökumətə 60-dan çox tövsiyə verib

Meydan TV Azərbaycan hökumətinə hansı tövsiyələrin verilməsi barədə Mərkəzi Seçki Komissiyasının sabiq üzvü Akif Qurbanova sorğu göndərib.

Akif Qurbanov bildirib ki, 2013-cü il prezident seçkisindən sonra ATƏT-in yekun hesabatında Azərbaycana tövsiyələr göstərilməklə bərabər, əvvəlkilər də xatırlanır. Bunlar 2008 prezident, 2010-cu il parlament seçkilərindən sonra olan tövsiyələrdir. Bütövlükdə 2008, 2020 və 2013-cü il seçkilərindən sonra təqdim olunan sənədlərdə ATƏT və həm də Venesiya Komissiyasının rəyi nəzərə alınmaqla verdiyi tövsiyələr var. 2008-ci ildə ATƏT yekun hesabatında 27, 2010-cu ildə 7 əsas, 17 əlavə tövsiyə vermişdi, 2013-cü ildə isə 20 tövsiyə olub.

Akif Qurbanov deyir ki, tövsiyələrin bir qismi əvvəlkilərlə müqayisədə təkrardır. Bəziləri isə xatırlanaraq bildirilib ki, əvvəlkilər də nəzərə alınmalıdır.

“Tövsiyələrdə ilk öncə milli qanunvericiliyin beynəlxalq səviyyəyə çatdırılması qeyd olunur. Xüsusən toplaşma, ifadə və birləşmə azadlıqlarının mövcud hüquqi çərçivəsi yenidən nəzərdən keçirilməli və beynəlxalq standartlar səviyyəsinə çatdırılmalıdır. Düzdür, toplaşma azadlığı ilə bağlı qanunvericilikdə dəyişikliklər olsa da, praktika göstərir ki, istər seçki, istər aralıq dövrlərdə kifayət qədər məhdudiyyətlər var. Bu məhdudiyyətlər qanunvericilikdə tətbiq olunubsa, məhdudlaşmanın çərçivəsi öz əksini tapmayıb, eyni zamanda, yazıldığı dil bəzən beynəlxalq standartlarla ziddiyyət yaratdığından icraçılara mövcud qanundan sui-istifadə etmək imkanı verir. Ona görə sui-istifadənin qarşısının alınmasına çağırılır”.

ATƏT-in ilk səsləndirdiyi tövsiyə odur ki, hökumət dialoq yaratmalıdır

Akif Qurbanov tövsiyələrdə ikinci məsələnin seçkilərin keçirilmə müddətinin artırılması ilə bağlı olduğunu söyləyib:

“2008-ci il seçkilərindən sonra seçki müddəti azaldıldı. Əgər əvvəllər 120 gün seçki kampaniyası idisə, ilk dəyişiklikdə 75 gün, sonra da 60 günə endirdilər. Həm də təşviqat dövrü 22 günə endirildi. Bu, çox ciddi problemlər yaratdığından ATƏT tövsiyə edir ki, seçki kampaniyası müddəti artırılmalı, iştirak edən tərəflərə seçicilərlə səmərəli təmas qurmaq üçün bərabər imkanlar yaradılmalıdır. Müddətin artırılması ilə bərabər ictimaiyyətin etimadını artırmaq üçün bütün tərəflərin iştirakı əsasında seçki komissiyalarının uyğun formatı tapılmalıdır. Eyni zamanda, komissiyaların rəhbərliyində olan şəxslər müxtəlif partiyalardan olmalıdır. Ümumiyyətlə, ATƏT-in ilk səsləndirdiyi tövsiyə odur ki, hökumət qarşıdan gələn seçki ilə bağlı qanunvericiliyin təkmilləşməsi üçün müzakirələr təşkil etməlidir, dialoq yaratmalıdır. Yəni hökumət bilməlidir ki, tərəflər nəyə etimad edirlər. Əlbəttə, ATƏT tövsiyə verə bilməz ki, komissiya belə formalaşsın. Bütün tərəflər komissiyaya etimad etmədikdə, onun işlək halına gəlməsi mümkünsüz olur. Ona görə ATƏT dialoqun təşkil olunmasını vacib sayır, yetər ki, iradə nümayiş olunsun, o zaman bir format tapmaq mümkündür. Hökumət 2000-ci ildə guya paritet komissiya formalaşdırmışdı, amma müxalifət bunu boykot edəndə, iqtidar bildirdi ki, partiyalar seçki prosesinin qarşısını kəsir. İndiki hökumət də mövcud parlamenti əsas götürüb komissiya yaradır. Məsələ ondadır, indiki parlamentdəki partiyalar eyni siyasi platformanı müdafiə edirlər. Belə olanda, paritet komissiyanı necə yaratmaq olar? Bu mənada müxtəlif siyasi tərəflərdən ibarət komissiya yaradılmalıdır. Bunu etmək mümkündür, yetər ki, hökumətin iradəsi olsun”.

Akif Qurbanov
Akif Qurbanov

O bildirib ki, seçki siyahılarının dəqiqləşdirilməsi, yenilənməsi prosedurlarının şəffaflığının təmininə, müxtəlif tərəflərin prosesin izləməsinə imkan yaratması tövsiyə olunur. Həmçinin seçki günü daimi seçki siyahısından kənarda, əlavə seçki siyahısında olan şəxslərlə bağlı məqamlar yer alıb”.

ATƏT şikayətləri araşdıran ekspert qrupunun formalaşdırılması prinsipini bəyənmir və düzgün saymır

Akif Qurbanovun sözlərinə görə, qanunvericilikdə təşviqat dövründə hədə-qorxu və cəzalandırma tədbirlərinin qarşısını alan, olmamasına təminat verən müddəaların əksini tapması da tövsiyələr içindədir. Bildirilir ki, belə hərəkətləri həyata keçirənlərlə bağlı qanunvericiliyə maddələr salınmalı və iradə nümayiş etdirilməlidir. “ATƏT və Venesiya Komissiyası mövcud seçki qanunvericiliyində əksini tapmış şikayətləri araşdıran ekspert qrupunun formalaşdırılması prinsipini bəyənmir və düzgün saymır. Onlar müxtəlif tərəflər üçün etimad qazanacaq formanı istəyir, MSK və DSK-lardakı qrupların da müxtəlif tərəflərdən təsis olunmasını istəyirlər. Yəni şikayəti araşdıran ekspert qrupunun işi şəfaf qurulmalıdır, bütün tərəflərin rəyi dinlənilməli və istənilən tərəf prosesi rahat izləməlidir. Eyni zamanda, azlıqda olan tərəflər də qrupda təmsil olunmalıdır. Təəssüf ki, Azərbaycanda bu mexanizm yoxdur. Daha sonra şikayətçilərin bütün dəlilləri məhkəmələr tərəfindən dinlənilməli və qərarda öz əksini tapmalıdır. Azərbaycan məhkəmələrində heç bir dəlillərə baxılmır, vəsatətlər təmin olunmur, şahidlər dindirilmir. Beynəlxalq müşahidəçilər seçki qanunvericiliyində bütün bunların təminatını istəyir”- ekspert belə deyir.

Akif Qurbanovun sözlərinə görə, beynəlxalq təşkilatlar topa bülletenlərin qutulara atılması, protokolların dəyişdirilməsi, təkrar səsvermə kimi halların aradan qaldırılması üçün qanunvericiliyin təkmilləşdirilməsini vacib sayırlar:

“Bu cür pozuntulara yol verilməməsi üçün məntəqə komissiya üzvlərinin məsuliyyəti artırılmalıdır. İş bölgüsü elə aparılmalıdır ki, bir komissiya üzvünün subyektiv davranışına imkan verilməsin. İkinci, pozuntu halında müşahidəçilərin etiraz və şikayət etmək hüquqları olsun, yəni foto və video çəkmək imkanları yaradılmalıdır ki, belə qanunsuzluqlar olmasın. Bilirsiniz, həm ictimai nəzarəti, həm də tərəflərin şikayət etmək hüququ olduqda qanunsuzların qarşısını almaq olur. Onlar bildirir ki, bu tipli nöqsanlara yenidən yol verilməməsi üçün belə qanunsuzluqları törədənlər ciddi cəzalandırılmalıdır. Əgər bu tipli pozuntuların aradan qaldırılması üçün komissiya üzvləri və hökumət strukturları siyasi iradə nümayiş etdirsə, problem həllini tapar”.

ATƏT 1990-cı ildə qəbul olunmuş Kopenhagen sənədinin 7.6 bəndinə əsasən bütövlükdə dövlətdən maliyyələşən elektron və çap KİV bütün siyasi tərəflərə bərabər imkan yaradılması öhdəliyini yerinə yetirməlidir. Əgər özəl və dövlət kanalları seçkiyə aid hər hansı xəbər yayırsa, bu, birtərəfli olmamalıdır, bütün tərəflərin maraqları vaxt və çıxış imkanları təmin edilməlidir, yəni seçki qanunvericiliyində bu məsələ öz əksini tapmalıdır. Tövsiyələr sırasında namizədlərin qeydiyyatının sadələşdirilməsi və şəffaflaşdırılması xüsusi yer tutur. Məsələn, namizədin seçici imzalarında hər hansı şübhəli məqam varsa, yaradılan işçi qrupunun tərkibi bütün tərəfləri təmin etməlidir. Başqa bir tərəfdən alternativ qeydiyyat imkanı bərpa olunmalıdır, söhbət 2008-ci ilə qədər olan depozitin qoyulmasından gedir.

Məhkəmələrdə seçki şikayətləri baxılıb bitmədən MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərməməlidir

Təşviqat kampaniyası haqda tövsiyələrə gəlincə, Akif Qurbanov deyir ki, bütün siyasi qüvvələrə bu istiqamətdə məhdudlaşdırma olmaması tövsiyə olunur:

“2010-cu il tövsiyələrində diqqət doğuran məqam var idi. Seçki Məcəlləsinə əsasən parlament seçkilərində pulsuz efir vaxtı əldə etmək üçün partiya və blokların 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmalıdır. ATƏT-in tövsiyələrinə görə, bu məqam təşviqat üçün məhdudlaşdırıcı hal sayılırdı, çünki kiçik partiyalara seçici ilə təmas qurmaq imkanları yaratmırdı. Yəni pulsuz efir vaxtı təkcə 60-dan çox dairədə namizədliyi qeydə alınan partiya və bloklara verilməməlidir, ATƏT tövsiyələrində həmin müddəa məhdudlaşdırıcı hal sayılır və götürülməsi istənilirdi. Kampaniyanın maliyyələşməsi barədə tövsiyələrdə də qeyd olunub ki, təşviqat zamanı verilən maliyyə mətbuatda dərc olunmalı və onları araşdırmaq üçün müstəqil auditlərə imkan yaradılmalıdır. Bilirsiniz ki, 11 aprel seçkisində və əvvəlkilərdə də prezidentliyə namizədlərin gəlirləri və xərclədiyi pullar haqqında hesabatların hərtərəfli olmadığı qeyd olundu. Əslində, komissiyalar vaxtında hesabatları mediada dərc etməlidir ki, seçicilər bunlar haqda məlumatlı olsun. Bu sırada yerli və xarici müşahidəçilər üçün prosedurların sadələşdirilməsi, onların asan qeydiyyatdan keçirilməsi tövsiyə olunur. Nəhayət, tövsiyələrdə vacib bir məqam var, bildirilir ki, məhkəmələrdə seçki şikayətləri baxılıb bitmədən MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərməməlidir. Bu məsələ qanunvericlikdə əksini tapmalıdır. Yerli qanunvericilikdə bu mexanizm tam aydın deyil, MSK mövcud olana da əməl etmir. Şikayətlərin mövcud olduğu halda MSK bütün sənədləri Konstitusiya Məhkəməsinə göndərir, məhkəmə də yekun nəticələri təsdiqləyir”.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərini mənfi qiymətləndirib.

Bu barədə missiya aprelin 12-də keçirdiyi mətbuat konfransında

məlumat

yayıb.

Ana səhifəXəbərlər”Azərbaycan hökuməti seçki ilə bağlı tövsiyələrin əksəriyyətinə əməl etməyib”