Avropa Məhkəməsi Elşad Abdullayevin də şikayətini əsaslı sayıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 12-də Azərbaycanla bağlı daha 2 qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.
“Məmməd Qurbanov və Nadir Məmmədov Azərbaycana qarşı” – işində ərizəçilər vaxtilə Naxçıvanda yaşayıb, orada kiçik bizneslə məşğul olublar.
Onlar 2012-ci ildə mallarla yüklənmiş avtomobilləri ilə Azərbaycan və Türkiyə arasındakı Sədərək gömrük məntəqəsində saxlanılıblar.
Ərizəçilərin iddiasına görə, gömrük əməkdaşları malların idxalı ilə bağlı gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün onlardan rüşvət istəyib. Rüşvət verməkdən imtina edən ərizəçilər, bu barədə mətbuata açıqlama verib. Həmin gün bir hüquq müdafiəçisi və bir jurnalistlə birgə gömrük məntəqəsinə gedən ərizəçilər təxminən iyirmi gömrük işçisinin fiziki təzyiqlərinə məruz qalib. Ardınca, ərizəçilər polis tərəfindən tutularaq Sədərək Rayon Polis İdarəsinə aparılıb. Orada 4 gün ərzində işgəncələrə məruz qalıblar.
İddialarına görə, polis əməkdaşları onları soyundurub, soyuq havada çöldə çılpaq saxlayıblar. Bundan sonra ərizəçilərə Sədərək Rayon Prokurorluğunda dövlət məmurlarına qarşı zorakılıq etmə əsası ilə cinayət işi açılıb. Barələrində həbs qətimkan tədbiri seçilən ərizəçilərin vəkili onlarla 2012-ci il dekabrın 24-də, həbs edildikdən 16 gün sonra görüşə bilib.
Vəkilin həmin zaman bildirdiyinə görə, ikinci ərizəçinin bədənində pis rəftar əlamətləri olub. Vəkil hətta bundan prokurorluğa şikayət edib, lakin şikayəti rədd edilib.
Məhkəmələr ərizəçilərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda müraciətlərini də təmin etməyib.
Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü (İşgəncə) və 5-ci (azadlıq və toxunulmazlıq) maddələrinin pozuntusunu iddia edib. AİHM bu işdə hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) (prosedural baxımdan) və 5-ci maddələrinin pozuntusuna qərar verib.
Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi ödəməlidir. Həmçinin, ərizəçilərin hüquqi təmsilçisi Xalid Bağırova 2 min avro hüquqi xidmət əvəzi ödənilməlidir.
“Elşad Abdullayev Azərbaycana qarşı” – işində ərizəçi Elşad Abdullayev hazırda Parisdə yaşayır. Olaylar baş verən zaman ərizəçi Bakıda yerləşən özəl universitetin rəhbəri idi. Onun Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşı Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də evdən çıxıb, geri qayıtmayıb.
Ərizəçi qardaşından xəbər ala bilmədiyindən oktyabrın 14-də Yasamal rayon Polis İdarəsinə müraciət edib. Polis araşdırma başlamaqdan imtina edib.
Ərizəçinin polisin müvafiq qərarından verdiyi şikayətdən sonra, Bakı Şəhər Prokurorluğu tərəfindən 2003-cü il noyabrın 14-də M. Abdullayevin itkin düşməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
İş materiallarına görə, cinayət işi başlanandan 3 gün sonra ərizəçinin qardaşının avtomobili Bakıda tapılıb.
2005-ci il yanvarın 6-da cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib, istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunub.
Ərizəçi davam edən cinayət işinin istintaqı ilə bağlı ona məlumat verilməsi üçün dəfələrlə prokurorluq orqanlarına müraciət edib, lakin hər dəfə ona sadəcə, istintaqın nəticələri barədə məlumat veriləcəyi bildirilib. Ərizəçi iddia edib ki, qardaşı yoxa çıxandan sonra o, mütəmadi olaraq hədələnib. Ərizəçi hədələnməsini qardaşının yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə olunan mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanması ilə bağlı müxtəlif milli qurumlara şikayətlər yazması ilə əsaslandırıb.
Azərbaycandan Fransaya mühacirətə getdikdən sonra, 2012-ci ildə ərizəçinin vəkili prokurorluq orqanlarından istintaqın gedişi barədə məlumat verilməsini, habelə, müvafiq istintaq sənədlərinin surətlərinin təqdim edilməsini xahiş edib. Yenə prokurorluq Cinayət Prosessual Məcəlləsinə əsaslanaraq, bundan imtina edib.
Ərizəçi müstəntiqin həmin qərarından məhkəmələrə şikayətlər etsə də, onun şikayətləri rədd olunub. Ərizəçi AİHM qarşısında Konvensiyanın 2, 3, 6 və 13-cü maddələrinin pozuntusunu mübahisələndirib.
AİHM bu işdə Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin prosedural baxımdan pozulmasına qərar verib. Məhkəmə digər pozuntu iddialarını araşdırmağa lüzum görməyib.
Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, poçt xərcləri əvəzi 70 avro ödəməlidir.