Deputat: “Dəhlizdən Azərbaycan qanunlarını pozmaqla istifadə olunur”
Azərbaycan hökuməti “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri barədə bir sıra beynəlxalq təşkilatlara və dövlətlərin xarici işlər nazirliklərinə şikayət edib.
Rəsmi Bakının şikayətində əsas hədəf Ermənistan olsa da, dəhlizə nəzarətin Rusiya sülhməramlılarında olduğu nəzərə alınsa, bir sıra suallar gündəmə gəlir.
Bu barədə məlumat Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında yer alıb.
Hökumətin müraciət etdiyi təşkilatlar sırasında BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katibləri, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi və Rusiyanın Xarici İşlər Nazirliyi də var.
Bildirilib ki, Ermənistan “Laçın dəhlizi”ndə təxribat xarakterli hərəkətlərə yol verir:
“Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirir. O cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri edir”.
Deputat Elman Məmmədov “Laçın dəhlizi”nin Azərbaycan ərazisi olduğunu vurğulayaraq əlavə edib ki, 2020-ci ilin noyabr sazişinə əsasən Rusiya sülhməramlıları həmin ərazidən erməni əhalinin gediş-gəlişinin təhlükəsizliyinə müəyyən müddətdə nəzarət etməlidir:

“Məqsəd odur ki, Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsi humanitar dəhliz kimi “Laçın dəhlizi”ndən istifadə olunsun”.
Elman Məmmədovun sözlərinə görə, sonrakı gedişat göstərir ki, “Laçın dəhlizi” tamamilə başqa məqsədlər üçün, daha çox Azərbaycanın əleyhinə istifadə edilir:
“Beləliklə, dəhlizdən Azərbaycan qanunlarını pozmaqla istifadə olunur. Buna görə də “Laçın dəhlizi” haqqında mövqeyim birmənalı olub. Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın dəhlizi” hissəsində Azərbaycan sərhəd buraxılış məntəqəsi olmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazisinə kimlərin gəlib-çıxmasına biz özümüz nəzarət etməliyik”.
“Rusiya sülhməramlıları Azərbaycan üçün nə sərhədçi rolunu oynaya bilər, nə də sərhədlərimizdə qanunlarımza uyğun hərəkət də bilər. Sərhədimizə özümüz nəzarət etməlyik. Nəhayət, rus kontingenti ermənilərin gediş-gəlişinə təminat verməlidir, o da müvəqqəti, qısa müddət ərzində olmalıdır, müvafiq sazişdə də bunlar var”, – deputat bildirib.
Hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın “Laçın dəhlizi”ni nəzarətə götürməsi zərurətinin çoxdan yarandığını bildirib.
Onun fikrincə, həmin dəhlizdən erməni silahlıları, diversantları və hətta silahlı keçişlərin də Qarabağa giriş-çıxışına dair Azərbaycan hökumətinin informasiyaları olub:

“Biz sülhməramlıları atəşkəsə nəzarət üçün dəvət etmişik. Ərazilərimizin giriş-çıxış hissəsinə sülhməramlıların nəzarət etməsi doğru deyildi. Ona görə də bu məsələ əvvəldən nizamlanmalıydı. İndi gec də olsa, Azərbaycan bu istiqamətdə gərəkən addımları atmaqdadır, məncə, nəticəsi də olacaq”.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin hazırkı komandanı general-mayor Andrey Volkovdur.
Xatırlatma
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.