Azərbaycan hökuməti informasiya sorğusuna cavab ala bilməyən jurnalistə təzminat ödəyəcək

Rövşən Hacıbəyli, Foto: Amerikanın səsi

Avropa Məhkəməsi Rövşən Hacıbəylinin şikayətini təmin edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 9-da Azərbaycanla bağlı daha bir qərar verib. Qərara görə, Azərbaycan dövləti ifadə azadlığı və ədalətli məhkəmə araşdırması zamanı hüquqları pozulan jurnalist Rövşən Hacıbəyliyə 1500 avro təzminat ödəməlidir.

Məlumatı https://aihmaz.org/ yayıb.

Qərarda bildirilib ki, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli 2012-2013-cü illərdə göndərdiyi şikayətdə Səhiyyə Nazirliyinə və Nazirlər Kabinetinə qarşı məhkəmə davası açıb:

“Jurnalist Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə təsiri ilə bağlı hesabatlar əldə etmək istəyib, dövlət qurumları sorğuları cavabsız qoyub, yerli məhkəmələr isə bu müstəvidə şikayətləri təmin etməyib”.

Ərizəçi Konvensiyanın 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinə söykənərək, dövlət orqanlarının ictimai maraq kəsb edən məlumatları qapalı tutmasından və bununla bağlı məhkəmə qərarlarının qanunsuzluğundan şikayət edib.

Rövşən Hacıbəylinin iddiasına əsasən, müstəqil araşdırmalarla stansiyanın Qəbələ rayonu və ətraf rayonlarda əhalinin sağlamlığında ciddi problemlər yaratdığı müəyyən edilib. 2010-cu ildə ərizəçi qeyd edilən komissiyanın fəaliyyət göstərib-göstərmədiyini öyrənmək üçün Səhiyyə Nazirliyinə informasiya sorğusu göndərib, stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsiri ilə bağlı hesabatların surətinin ona təqdim edilməsini istəyib. Səhiyyə Nazirliyi sorğuya cavab verib, bildirib ki, Komissiya tərəfindən hesabat hazırlanıb, ancaq Nazirlər Kabinetinə göndərilib. İstədiyi sənədləri əldə edə bilməyən ərizəçi məhkəmədə iddia qaldırıb, məhkəmədən xahiş edib ki, nazirliyin üzərinə informasiya sorğusuna mahiyyəti üzrə cavab verilməsi vəzifəsi qoyan qərar qəbul etsin. Nəsimi Rayon Məhkəməsi iddianı rədd edib, bildirib ki, nazirlik ərizəçinin istədiyi sənədlərə malik deyil. Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib. Jurnalist eyni informasiyaları informasiya sorğusu vasitəsilə həm də Nazirlər Kabinetindən istəyib. Amma sorğuya ümumiyyətlə cavab verilməyib. Həm də Nazirlər Kaibineti məhkəmə proseslərinə nümayəndə göndərməyib.

Ana səhifəSiyasətAzərbaycan hökuməti informasiya sorğusuna cavab ala bilməyən jurnalistə təzminat ödəyəcək