Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı qərarını açıqladı

ReAL Hərəkatının sədri İlqar Mənmədov

ReAL Hərəkatının sədri İlqar Mənmədov

Vəkil: ''Rəsmi Bakı belə cavab verməklə öz öhdəliklərinin icrasından yayınır''

Azərbaycan hökuməti ReAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla bağlı Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) qərarına cavab verib. 

ReAl Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli həmin qərarı öz “Facebook” hesabında yayıb. 

Cavabda bildirilib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Noyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını elan edib.

Məhkəmə qərarda 6-cı maddənin (ədalət mühakiməsi hüququ) pozuntusunu müəyyən edib və 18-ci maddənin (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) ayrıca araşdırılmasına ehtiyac olmadığını qeyd edib. 

Birinci qərarda 18-ci maddə 5-ci maddə ilə bir yerdə qeyd olunub - azadlıq hüququnun pozuntusu müəyyən edilib.

Cavabı şərh edən Erkin Qədirli hesab edir ki, “AİHM-in İlqar Məmmədovla bağlı qərarına riayət etmək üçün lazımi tədbirləri həyata keçiriləcək”.

Vəkil Fuad Ağayev isə Meydan TV-yə deyib ki, Avropa Məhkəməsinin qərarlarına nəzarəti Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) həyata keçirir:

“Nazirlər Komitəsi isə məhkəmənin birinci qərarı ilə bağlı Azərbaycan hökumətindən tələb edir ki, ReAL sədri dərhal azadlığa buraxılmalıdır. Bu, ona görə edilib ki, İlqar Məmmədovun Konvensiyanın yalnız 5-ci maddəsi- azadlıq hüququnun pozulması müəyyən edilməmişdi, həm də bu maddə 18-ci maddə ilə birgə götürülmüşdü. Bu da qərarda göstərildiyi kimi İlqar Məmmədovun siyasi fəaliyyətinin dayandırılıması və susdurulması məqsədi ilə həbsə məruz qalması ilə bağlıydı. Belə hallarda o, dərhal azad olunmalıydı. Rəsmi Bakı belə cavab verməklə öz öhdəliklərinin icrasından yayınır”.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir.

Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır.

Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jj5y1j

Ən çox baxılan