Mənbə: Alex Haney, Unsplash

Azərbaycan hökuməti illərdir “Facebook”dakı boşluqdan necə sui-istifadə edib

Məqalə yeniləndi:  23 Aprel 2021

Orijinal olaraq yayımladıGlobal Voices

Rəsmilər, hökumət tərəfdarı məzmunda əlaqəni artırmaq üçün özlərini real insanlar kimi göstərən səhifələr yaratdılar.

Bu yaxınlarda İngiltərənin “Guardian” qəzeti tərəfindən yayımlanan bir sıra araşdırmalar azərbaycanlı rəsmilərin saxtakarlıq etmək üçün daim “Facebook”dakı boşluqlardan sui-istifadə etdiklərini üzə çıxarıb.

25 fərqli ölkəyə fokuslanan araşdırma, “Facebook”un beynəlxalq medianın diqqətini çəkən, yaxud ABŞ və onun rəqibləri, Rusiya ilə İran kimi ölkələrə təsir göstərən məsələlərə üstünlük verdiyi üçün kiçik və ya qeyri-Qərb ölkələrinin sosial media platformasından ciddi şəkildə sui-istifadə etməsinə icazə verdiyini ortaya çıxarıb.

“Guardian” tərəfindən hazırlanan araşdırma, “Facebook”un keçmiş məlumat alimi Sofi Janqın şirkətin "dünya liderləri və siyasətçilərinin öz platformasından dəfələrlə istifadə edərək cəmiyyəti aldatması və ya müxalifləri təqib etməsinə" icazə verdiyinə dair konkret nümunələr göstərməsindən və şirkət daxilindəki qeydlərin sızdırılmasından sonra hazırlanıb.

Janq, 2020-ci ilin sentyabr ayında zəif iş icrası səbəbi ilə işdən çıxarılıb. Son iş günü o daxili bir qeyd yayımlayıb və daha sonra bu qeyd ilk öncə “BuzzFeed News” tərəfindən nəşr olunub.

Janqın qeydində canlandırdığı, Azərbaycanla əlaqəli bir nümunədə iqtidarda olan Yeni Azərbaycan Partiyasının 2019-cu ildə "müxalifəti kütləvi şəkildə təqib etmək üçün minlərlə saxta profildən istifadə etdiyini" söyləyib.

Janqın qeydlərində və bunun sonrasında aparılan araşdırmaya görə, azərbaycanlıların istifadə etdiyi əsas boşluq budur ki, “Facebook” bir istifadəçinin idarə edə biləcəyi profil sayını məhdudlaşdırdığı halda səhifə sayına məhdudiyyət qoymur. Bu isə o deməkdir ki, bir şəxs minlərlə səhifəni idarə edə, şəxsi profillərdə etdiyi kimi eyni məlumatları və şərhləri paylaşa bilər.

"(...) Bu hadisənin arxasındakı insanlar hökumətin lehinə olan bəzi məzmunların populyarlığını süni şəkildə artırmaq və şərh verməkdən ötrü istifadəçi profillərinə bənzər səhifələr yaratmaq üçün əsasən həqiqi hesablarda uydurma adlar və şəkillərdən istifadə ediblər ", - qeyddə belə deyilir.

Janq bütün xəbərdarlıqlarına baxmayaraq “Facebook”un sadəcə bir il sonra, 2020-ci ilin oktyabrına qədər hakim partiya və ya onun gənclik qolu ilə əlaqəli 589 profilin, 7,665 səhifənin və 437 “İnstagram” hesabının silinəcəyini elan edərək, Azərbaycan işinə baxmağa başladığını söyləyib. “Facebook”a görə, bu hesablar şirkətin "koordinasiya edilmiş saxta davranış" siyasətini pozub.

Bununla yanaşı, Azərbaycanda informasiya nəzarətini sənədləşdirən bir platforma olan Azərbaycan İnternet Monitorinqin (Azerbaijan Internet Watch) son məlumatına görə, problem bu günə qədər davam edir.

2021-ci ilin fevralında Berlində yerləşən müstəqil xəbər saytı Meydan TV, azərbaycanlı məzmun yaradıcılarını ölkənin mədəni və siyasi işləri ilə əlaqəli tematik media hekayələri yaratmağı hədəfləyən bir proqram üçün müraciət etməyə çağırıb.

Yazı yüzlərlə mənfi rəy alıb. Yaxından araşdırdıqda bunların daha çox real insan profillərinə bənzəyən səhifələrdən hazırlandığı məlum olur.

Azərbaycanın xaricdə yerləşən digər bir onlayn xəbər platforması olan “Mikroskop Media”, martın 24-də “Facebook” səhifəsində COVID-19 peyvəndinin ölkəyə girişinə dair məlumatları əks etdirən bir infoqrafika yayımlayıb. Yazı 1600-dən çox şərh alıb, onlardan əksəriyyəti mənfi rəy olub. Yenə də yaxından araşdırdıqda, əksəriyyətinin qeyri-real səhifələrə məxsus olduğu məlum olub.

“Koordinasiya edilmiş saxta davranış” ilə bağlı “Facebook”un son hesabatı 2021-ci ilin martında yayımlanıb. Saxta şəbəkələrdən istifadə edən ölkələrin siyahısında Azərbaycanın adı yoxdur.

Azərbaycan hökuməti uzun müddətdir ki, həm daxildə, həm də xaricdə sosial media platformalarından, xüsusən də “Facebook”dan öz tənqidçilərini təqib etmək üçün istifadə edir.

2016-cı il referendumu ərəfəsində müxalifət qrupları boykot edərkən Azadlıq Radiosunun (Azad Avropa / Azadlıq Radiosu) və Meydan TV-nin canlı yayımına ciddi şəkildə spam mesajı göndərilib, daha sonra bunun hakim partiya ilə əlaqəli olan koordinasiya edilmiş davranış olduğu üzə çıxıb.

Son illərdə bir çox siyasi fəalın səhifələri və profilləri, eyni zamanda media platformalarının səhifələri ələ keçirilib. Keçən ay bir sıra intim video və fotoları yayılan bir qrup feminist qadın hədəfə çevrilib. Bu məzmunu paylaşmaq üçün həm “Facebook”, həm də “Telegram”dan istifadə edilib.

İnsan hüquqlarına və mətbuat azadlığına riayət olunmasına nəzarət edən beynəlxalq təşkilatlar tərəfindən hər il dərc olunan reytinq və indekslərdə Azərbaycanın insan hüquqları və ifadə azadlığı sahəsindəki nüfuzu arzuolunandan çox aşağıdır. 2021-ci ildə Sərhədsiz Reportyorların dünya mətbuat azadlığı reytinqində ölkə 180 arasında 167-ci yeri tutub. “Freedom House” Azərbaycanı "konsolidə olunmuş avtoritar rejim" kimi təsnif edir.

Azərbaycandakı bir çox müstəqil media qurumu və vətəndaş cəmiyyəti, kütləvi nümayişlərə cavab olaraq repressiya maşınını kəskin şəkildə gücləndirən hökumət tərəfindən 2014-cü ildən bəri susdurulur. Sosial media platformaları aktivistlər üçün təşkilatçılıq və ölkədəki xəbərlər barədə ictimaiyyəti məlumatlandırmaq üçün qalan az sayda imkanlar arasındadır.

“Facebook” yüksək səviyyəli təqib, dezinformasiya və sui-istifadə hallarını araşdırmaqla çox məşğul olsa da, sosial media platforması Azərbaycan kimi ölkələrdə insanların real həyatına da təsir göstərir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Aprel 2021

Orijinal olaraq yayımladıGlobal Voices

Bölmələr:  
qısa linklər:   http://mtv.re/lsekee

Ən çox baxılan